Samirə Qasımlının məhkəməsi başlayıb

Xəbərin çap versiyası
Tarix: Dünən, 22:48


Həbsdəki politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının da cinayət məsuliyyətinə cəlb edilməsi tələbiylə aprelin 24-də məhkəmə prosesi başlanıb. Binəqədi rayon Məhkəməsində S.Qasımlıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış şikayət üzrə hazırlıq iclası keçirilib.

Civilazerbaijan.com
bildirir ki, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə S.Qasımlının cəzalandırılmasını onun əri A.Qasımlının işində zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibov tələb edib. O, məhkəməyə ərizəsində iddia edir ki, S.Qasımlı Facebook hesabındakı paylaşımlarında onu hədələyib, böhtan atıb, həyatına təhlükə yaradıb.

Hazırlıq iclasında S.Qasımlının anket məlumatları dəqiqləşdirilib. Ardından vəkil Aqil Layıc bu işin Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət qaldırıb. Müdafiəçi vəsatəti əsaslandırarkən, S.Qasımlının gerçək yaşayış ünvanının Yasamal rayonunda olmasını vurğulayıb: "Burada söhbət Samirə Qasımlının əməlində cinayət tərkibi olub-olmamasından getmir. Məsələ burasındadır ki, Samirə Qasımlı ailə qurandan bəri Yasamal rayonunda yaşayır. Binəqədi rayonunda onun ata evidir. Paylaşımları da öz evindən edib. Ona görə işə də Yasamal Rayon Məhkəməsində baxılmalıdır".

Hakim Zamiq Bağırov bildirib ki, vəsatət yazılı şəkildə təqdim olunanda baxılıb qərar veriləcək. Beləcə, proses mayın 1-dək ertələnib.

Şikayətin əsaslandığı maddələrdə alternativ cəzalarla (cərimə, ictimai işlər və s.) yanaşı, 6 ayadək həbs cəzası da nəzərdə tutulub.

S.Qasımlı özünü təqsirli bilmir, bunun siyasi sifariş olduğunu düşünür. O, haqqındakı məhkəmə iddiasına və ölkədən çıxışına qadağa qoyulmasına şərh verərkən bu sözləri dilə gətirib: "Bu, həm Azər Qasımlı, həm də onun və digər siyasi məhbusların problemlərini qaldıran Samirə Qasımlıya qarşı olan işdir. Məqsəd həm də Samirə Qasımlının fəaliyyətini məhdudlaşdırmaqdır".

Q.Yusibov politoloq A.Qasımlı haqqında şikayətində atası və oğlunun oğurlanmasıyla hədələndiyini iddia etsə də, məhkəmə gedişində bunu sübuta yetirən fakt ortaya qoymayıb.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Qurbanəli Yusibovun şikayəti əsasında həbs edilən politoloq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsiylə təqsirli bilinib.

A.Qasımlı ittihamı qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O vurğulayır ki, bu işdə yeganə zərərçəkmiş elə onun özüdür.

A.Qasımlı ilə Q.Yusibov arasında bir neçə il öncə "Binance" kriptovalyuta portalına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği "Binance" portalındakı hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən A.Qasımlı pulunu geri istəyib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxarılıb.

Mingəçevir şəhər Məhkəməsi Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib və bunu belə əsaslandırıb ki, məsələyə kommersiya məhkəməsində baxılmalıdır.

A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz