Yeni Ermənistan pasportlarında Qarabağda doğulanların doğum yeri Azərbaycan göstəriləcək

Xəbərin çap versiyası
Tarix: Bu gün, 20:10


Ermənistan hakimiyyəti ölkənin yeni biometrik pasportlarının genişmiqyaslı çapına başlanıldığını açıqlayıb. Pasportların payızadək vətəndaşlara təqdim olunacağı gözlənilir. Rəsmilər yeni sənədlərin beynəlxalq təhlükəsizlik standartlarına cavab verdiyini bildirsələr də, pasportların həm dizaynı, həm də Qarabağda doğulan şəxslərin doğum yerinin necə göstəriləcəyi mübahisələrə səbəb olub.

Civilazerbaijan.com
bildirir ki, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan yeni pasportun ilk nümunəsinin əks olunduğu videonu sosial şəbəkədə paylaşıb və onu “dünyanın ən təhlükəsiz sənədlərindən biri” adlandırıb.

Hakimiyyətin məlumatına görə, yeni pasportlar sənədlərin təhlükəsizliyini artıracaq, sərhəd keçidlərini asanlaşdıracaq və Ermənistan vətəndaşlarının sərbəst hərəkətinə töhfə verəcək. Bu, həmçinin Ermənistanla Avropa İttifaqı arasında 2024-cü ilin sentyabrından davam edən viza rejiminin liberallaşdırılması prosesi ilə əlaqələndirilir.

Yeni pasportların dizaynı aprelin sonunda Sarkisyanla baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə nümayiş etdirilib. Əsasən Ermənistanın gerbinin əks olunduğu mövcud pasportlardan fərqli olaraq, yeni dizaynda erməni kimliyini, ölkənin tarixi, mənəvi və mədəni irsini, dövlətçilik rəmzlərini, erməni əlifbasını və ölkənin xəritəsini əks etdirməsi nəzərdə tutulan illüstrasiyalar yerləşdirilib. Lakin bu təsvirlər qısa müddətdə ictimai müzakirələrə səbəb olub.

Ən çox tənqid edilən təsvirlərdən birində Xor Virap monastırı Ararat (Ağrı) dağının məşhur mənzərəsi olmadan göstərilib. Bunun əvəzinə illüstrasiyada Ermənistan ərazisində yerləşən dağ silsilələri təsvir olunub. Seçilmiş rakurs geniş tənqid doğurub. Xor Virap monastırı indiki Türkiyə ərazisində yerləşən, lakin erməni milli kimliyinin ən davamlı simvollarından biri sayılan Ararat dağının panoramik görüntüsü ilə sıx əlaqələndirilir.

Tənqidlər siyasi məzmun da qazanıb. Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səyləri artırıb və Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diqqət yetirilməsini daha çox vurğulamağa başlayıb.

Qarabağda doğulan ermənilərin doğum yeri Azərbaycan göstəriləcək

Yeni pasportların tətbiqi Qarabağda doğulan şəxslərin doğum yerinin necə qeyd olunması ilə bağlı uzun müddətdir davam edən mübahisəni yenidən gündəmə gətirib.

Ermənistan hakimiyyəti daha əvvəl bildirmişdi ki, yeni pasportlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olacaq. Bu standartlara əsasən, coğrafi adlar beynəlxalq səviyyədə tanınmış adlandırmalara uyğun qeyd edilir. Bu isə Qarabağda doğulan şəxslərin doğulduğu ölkənin pasportda Azərbaycan kimi göstəriləcəyi deməkdir.

Məsələ Qarabağdan olan bir çox köçkün arasında ciddi narazılıq doğurub. Onlar pasportlarında doğum ölkəsi kimi Azərbaycanın göstərilməsinə etiraz edirlər.

Əvvəllər verilmiş pasportlardakı uyğunsuzluqlar da çaşqınlığı artırıb. Eyni yaşayış məntəqəsində doğulan şəxslərin pasportlarında doğum yeri müxtəlif cür - Azərbaycan, Ermənistan və ya yalnız şəhər, qəsəbə və kəndin adı kimi göstərilib.

“Azadlıq Radiosu” 2021-ci ilin martında Ermənistan rəsmilərinə istinadən xəbər verib ki, Ermənistan 1994-cü ildən etibarən Azərbaycan Sovet Sosialist Respublikasında doğulan şəxslərin doğum yerini, adətən, Azərbaycan kimi qeyd edib. Buna səbəb sovet dövründə verilmiş doğum haqqında şəhadətnamələrdə məhz bu məlumatın göstərilməsi olub.

Rəsmilər vətəndaşların müraciəti əsasında pasportlarda Azərbaycan əvəzinə Ermənistanın qeyd olunmasına da icazə veriblər. Lakin nazirlik bu yanaşmanın hüquqi əsasının olmadığını etiraf edib. Bu, sonradan pasportdakı məlumatların doğum haqqında şəhadətnamələrlə uyğun gəlməməsi səbəbindən inzibati və hüquqi problemlər yaradıb.

1991-ci ildən sonra doğulan şəxslərlə bağlı pasport qurumları yalnız doğum haqqında şəhadətnamələrdəki məlumatlara əsaslanır. Bu sənədlərdə doğum yeri, adətən, “Ermənistan Respublikası, Dağlıq Qarabağ Respublikası” kimi göstərildiyindən, həmin şəxslərin pasportlarında doğulduqları ölkə əsasən Ermənistan kimi qeyd olunub.

“CivilNet” 2025-ci ilin aprelində Miqrasiya və Vətəndaşlıq Xidmətinə istinadən xəbər verib ki, Qarabağda doğulan şəxslər pasportdakı doğum yeri bölməsində Azərbaycan əvəzinə doğum haqqında şəhadətnamədə göstərilən konkret yaşayış məntəqəsinin - şəhərin, qəsəbənin, rayonun və ya kəndin adının yazılmasını tələb edə bilərlər. Lakin rəsmilər belə qeydin beynəlxalq sərhəd keçidlərində çətinliklər yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Hakimiyyət yeni biometrik pasportların, coğrafi adların qeyd olunması da daxil olmaqla, ICAO standartlarına tam uyğunlaşdırılmasının nəzərdə tutulduğunu bildirir, Abzas.org-un məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz