Ələsgər Məmmədlinin analiz nəticələri açıqlanıb
Tarix: Bu gün, 14:47
"ToplumTV işi" üzrə həbsdə olan və səhhətinin ağırlaşdığı bildirilən hüquqşünas Ələsgər Məmmədlinin xanımı Günay Məmmədli onun bəzi analiz nəticələrini açıqlayıb.
Civilazerbaijan.com bildirir ki, G.Məmmədli bugünlərdə həbsxanada əri ilə görüşdüyünü söyləyib. Onun sözlərinə görə, Ə.Məmmədli ümumi və biokimyəvi qan analizlərinin yalnız bir qisminin cavablarını onlara təqdim edə bilib.
Xanımı əlavə edib ki, digər analizlərin nəticələri isə hələ də onlara verilməyib.
G.Məmmədli həyat yoldaşının hələ də ultrasəs müayinəsindən (USM) keçirilmədiyini vurğulayıb. O, əldə etdikləri cavablarda bəzi göstəricilərin normadan çox yüksək, bəzilərinin isə aşağı olduğunu bildirib: "Həkimlərlə əlaqə saxladıq. Analizlərdə xolesterin və Aşağı Sıxlıqlı Lipoproteinlərin (LDL) səviyyəsi yüksək çıxıb. Həkimlərin bildirdiyinə görə, LDL-in yüksək olması koronar damarlarda laxtaların (lövhələrin) yaranmasına, ürəyin işemik xəstəliklərinə və infarkta səbəb olan faktordur".
G.Məmmədli hesab edir ki, müayinələr yarımçıq aparılıb.
Onun bu açıqlamasına cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













