Milyardlar xərclənmiş 70 rayonun bircəciyi yoxdur ki, öz xərcini özü ödəsin - CƏMİL HƏSƏNLİ
Tarix: Dünən, 18:08
"Dövlət rəsmisi müşavirədə deyir ki, pambıqçılıq, fındıqçılıq, baramaçılıq kimi sahələrdə böyük dövlət proqramları qəbul edilib. Amma o “böyük dövlət prpqramlar”ı necə qəbul edilibsə, ötən il 6-8 manata olan fındığın satınalma qiyməti 2 manata düşüb. Axı, 2 manatla bu biçarə kəndli hansı dərdinə çarə qılsın?"
Civilazerbaijan.com bildirir ki, bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli sosial media hesabında hökumətin kənd təsərrüfatı ilə bağlı siyasətini şərh edərək yazıb.
"Kəndlinin malının bir ildə 3-4 dəfə ucuzlaşması nə ilə bağlıdır? Bazarda fındığın qiyməti ucuzlaşıbmı? Yox! İxrac qiymətləri aşağı düşübmü? Yox! Fındıqçılıqla məşğul olan Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, qismən Xaçmaz rayonlarının əhalisi həyəcan içindədir. Bu rayonlarda insanların minimum dolanışığı fındıqdan çıxırdı. İndi onu da monopolist tədarükçülər 2 manata salandan sonra kəndlinin yıxılıb ölməkdən başqa yolu qalmır", - o əlavə edib.
C.Həsənli baramaçılığı da nümunə verərək qeyd edib ki, bu sahə üzrə də dövlət proqramının qəbul olunmasına baxmayaraq, istehsal azalmağa davam edib.
"Bəs axı baramaçılığın inkişafına 100 milyonlarla dollar vəsait ayrılmışdı, Çindən 3,5 miyon tut tingi gətirilməli idi. Vəsait getdi, amma baramaçılıq inkişaf etmək əvəzinə aşağı düşdü. Niyə? Ona görə ki, Azərbaycan məmurları baramaçılıq üçün ayrılmış vəsaitləri barama qurdundan tez basıb yedi", - o yazıb.
"Bütün dövlət proqramları belədir. Proqram qəbul olunur, amma yerinə yetirilməsinin hesabatı verilmir. 15-20 il əvvəl neft pulları gələndə regionların “inkişafına” 70-75 milyard dollar vəsait “xərcləndi”. Hamı fikirləşirdi ki, bütün Azərbaycan güllük-gülüstanlığa çevriləcək. Amma bu qədər vəsait xərclənmiş 70 rayonun bircəciyi yoxdur ki, öz xərcini özü ödəsin, öz büdcəsini doldura bilsin. Ən yaxşı halda o xərclənən 70-75 milyard dollarlıq vəsaitdən qapıları artıq çoxdan qıfıllanmış olimpiya stadionları qaldı", - siyasətçi əlavə edib.
May ayında Azərbaycan prezidenti İlham Əliyev kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün dövlət proqramını təsdiqləyib.
48 səhifəlik sənəddə qeyd olunur ki, dövlət proqramının məqsədləri “aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafının təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının artırılması və aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasıdır”.
Proqram çərçivəsində kənd təsərrüfatına 5,9 milyard manat həcmində sərmayə qoyulması, bunun 2,2 milyard manatının dövlət hesabına təmin olunması nəzərdə tutulur, Toplum Tv-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














