Qalib Bayramova şərti cəza verilib
Tarix: Bu gün, 18:05
Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Civilazerbaijan.com bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.
Ötən prosesdə prokuror məhkəmədən Q.Bayramovun 5 ili sınaq müddəti olmaqla 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini istəmişdi.
Qalib Bayramov Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Bir neçə il öncə xitam verilmiş "QHT işi" 2025-ci ilin martında yenidən açılıb. İş çərçivəsində bir sıra vətəndaş cəmiyyəti fəalları həbs olunub, digərləri isə polis nəzarətinə verilib və ya barələrində axtarış elan olunub.
Təqsirləndirilən şəxslər bir qayda olaraq ittihamları rədd edirlər, hakimiyyətin sifarişi ilə təqib olunduqlarını deyirlər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













