Kikboksinq üzrə Azərbaycan çempionatı başa çatıb
Tarix: 28-03-2017, 15:36
Martın 23-26-da Bakı İdman Sarayında kikboksinq üzrə kadetlər və yeniyetmələr arasında keçirilən XXI Azərbaycan çempionatı başa çatıb.
SİVİL.AZ xəbər verir ki,Azərbaycan Kikboksinq Federasiyasından Trend-ə verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin və federasiyanın birgə təşkilatçılığı ilə “Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında keçirilən yarışda ölkənin müxtəlif bölgələrindən 78 komandanı təmsil edən 1000-ə yaxın idmançı iştirak edib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatda komanda hesabında yeniyetmələrdə “Qızıl Əlcək” İdman klubu, kadetlərdə “Neftçi” İdman klubu İctimai Birliyi 1-ci yerə layiq görülüb. Yarışın fəxri kubokunun sahibi “DİN” İdman Cəmiyyəti olub.
Bölgələr üzrə yarışlarda ən çox fərqlənən Quba və Gəncə idmançıları olublar.
Kikboksinq Federasiyasının İdarə Heyətinin qərarına əsasən yeniyetmələr arasında ən texnikalı idmançı “DİN” İdman Cəmiyyətinin idmançısı, WAKO versiyası üzrə dünya çempionu Məhəmməd İmanov, ən yaxşı hakim adına Anar Məmmədov layiq görülüb.
Sevindirici haldır ki, budəfəki çempionatda Xocalını və Kəlbəcəri təmsil edən kikboksçular da öz güclərini sınayanlar arasında yer alıblar.
Qeyd edək ki, minlərlə azarkeşin iştirak etdiyi izdihamlı çempionatın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupları üzrə yığma komandanın tərkibini müəyyən etmək və hazırlıq səviyyələrini yoxlamaq idi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər