Sabah Xəzərdə fırtına olacaq - NEFTÇİLƏR EVAKUASİYA OLUNUR

Xəbərin çap versiyası
Tarix: 30-03-2017, 12:52
Sabah Xəzərdə fırtına olacaq -


Martın 31-də hava kəskin dəyişəcək, güclü külək əsəcək, Xəzər dənizində fırtına olacaq.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlara xəbərdarlıq edib.

SİVİL.AZ xəbər verir ki, Bu barədə nazirliyin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində temperatur xeyli aşağı düşəcək: “Respublika ərazisində martın 31-dən havanın kəskin dəyişəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda hətta sulu qar yağacaq. Sabahdan havanın temperatur tədricən 7-10 dərəcə aşağı düşəcək. Güclü qərb küləyi əsəcək. Xəzərdə sürəti saniyədə 38 metrə çatan güclü külək olacaq. Biz hava şəraiti ilə bağlı bütün müvafiq qurumlara, o cümlədən SOCAR-a məlumat vermişik”, - deyə G. Məmmədova bildirib.

Direktor müavini Bakıda və Abşeron yarımadasında da güclü külək əsəcəyini söyləyib. Bildirib ki, paytaxtda və Abşeron yarımadasında hava ilə bağlı əhaliyə xəbərdarlıq hazırlanır və yaxın vaxtlarda təqdim ediləcək.

Qeyd edək ki, Xəzərdə fırtına ilə bağlı təhlükəsizlik məqsədilə mədənlərdən işçilərin evakuasiya edilməsini SOCAR-ın mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, mədəndə yalnız operatorlar saxlanılacaq.

Əldə etdiyimiz son məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində mədənlərdən demək olar ki, işçilərin əksər hissəsi artıq evakuasiya edilib. Operatorların sayı isə iki dəfə azaldılıb. (virtualaz.org)

Xatırladaq ki, ötən ilin dekabr ayında mədəndə fırtına səbəbindən 10 nəfər itkin düşmüşdü. İki il öncə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz