AŞPA-nın münaqişələr üzrə Alt komitəsinin xüsusi iclasının vaxtı və yeri açıqlanıb
Tarix: 30-03-2017, 12:50
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi çərçivəsində yaradılmış Üzv ölkələr arasında münaqişələr üzrə Alt komitənin xüsusi iclası Vyanada keçiriləcək.
Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, Monitorinq Komitəsinin mayın 15-də Helsinkidə keçiriləcək iclasında ümumi komitə çərçivəsində məlumat xarakterli təşkilati məsələlər müzakirə olunacaq: “Əsas iclas Vyanada keçiriləcək. İclasda ərazisində münaqişə olan Avropa Şurasının üzv ölkələri ilə bağlı böyük müzakirələr olacaq. Alt komitənin formatı artıq müəyyən olunub. Buraya Monitorinq Komitəsinin üzvləri, ölkələr üzrə məruzəçilər və Alt komitənin və Monitorinq Komitəsinin rəhbərliyi daxildir. Mən özüm də iclasda iştirak edəcəyəm. Bildiyiniz kimi, həmin Alt komitənin rəhbəri Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakdır. Müavini isə İtaliyadan olan parlamentar Cuzeppe Qalati seçilib”.
Səməd Seyidov komitənin hansı istiqamətdə fəaliyyət göstərəcəyi məsələsinə də toxunub: “Siz görürsünüz ki, Avropa Şurasının üzvü olan 47 ölkədən8-i faktiki müharibə içərisindədir. Buraya Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Ukrayna, Moldova, Kipr və Türkiyə daxildir. Avropa Şurasında biz birlikdən danışırıq, amma birlik nəinki yoxdur, hətta ölkələr üzrə münaqişələr, müharibələr, hərbi cinayətlər mövcuddur. Bu baxımdan bu Alt komitənin işi vacibdir, amma nəticə nə olacaq, bunu əvvəldən demək çətindir. Komitənin nə qədər müddətə fəaliyyət göstərəcəyi də Vyanada müəyyən olunacaq”.
Qeyd edək ki, Vyana iclasının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Tarixin dəqiqləşməsi üçün Assambleyanın bürosundan təsdiq gözlənilir.( APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər