Siyasi məhbus ailələrinin ABŞ səfirliyi qarşısında AKSİYASI
Tarix: 9-02-2021, 14:30
Çərşənbə axşamı səhər saatlarında siyasi məhbusların ailə üzvlərindən ibarət bir qrup ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
CivilAzerbaijan.com bildirir ki, aksiya iştirakçıları arasında xeberman.com saytının redaktoru Polad Aslanovun həyat yoldaşı, Azel.TV rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı, "Gəncə işi" üzrə həbs edilənlərin ailə üzvləri var idi. Onlar siyasi məhbusların plakatlarını qaldırmışdılar.
Aksiya iştirakçıları ABŞ səfirliyini və digər dövlətlərin diplomatik missiyalarını, habelə beynəlxalq təşkilatların nümayəndələrini həbs edilən şəxslərin məhkəmə proseslərində iştirak etməyə çağırıblar.
Aslanovun və Sadıqovun həyat yoldaşları ərlərinin aclıq etdiyini və onların səhhətində yaranmış problemləri xatırladıblar.
Hadisə yerinə gələn polis əməkdaşları banner və fotoşəkilləri aksiya iştirakçılarının əlindən alıblar, bu da etirazçıların qəzəbinə səbəb olub.
ABŞ səfirliyi hələlik etiraz aksiyası ilə bağlı şərh verməyib.
"Siyasi məhbuslara azadlıq" İttifaqının məlumatına görə, hazırda həbsxanalarda siyasi motivlərlə həbs edilmiş 146 nəfər saxlanılır, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər