Qubad İbadoğlunun qohumlarının ölkədən çıxışına qadağa qoyulub

Xəbərin çap versiyası
Tarix: 5-09-2023, 14:02


Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qohumlarının ölkədən çıxışına qadağa qoyulub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-a siyasətçinin qardaşı Qalib Toğrul məlumat verib.

Onun sözlərinə görə, qadağa deputat Vüqar Bayramov xaric, digər qardaşlarına və ad çəkmək istəməyən daha bir neçə qohumuna şamil olunub: "Hətta Bayramov soyadından olmayan qohumların ölkədən çıxışına da qadağa var".

Qalib Toğrul qeyd edib ki, sözügedən qadağanı Daxili İşlər Nazirliyi qoyub: "Bu, qanunsuzdur, çünki qadağa yalnız adı cinayət işində təqsirləndirilən şəxs kimi keçənlərə tətbiq edilə bilər".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz