Mərkəzi Seçki Komissiyası parlament seçkilərini müşahidə etməyə kimləri dəvət edəcək?
Tarix: 2-07-2024, 22:32
"Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin monitorinqinin aparılması üçün 30-a yaxın beynəlxalq təşkilata dəvət göndəriləcək".
Civilazerbaijan.com bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bugünkü iclasında bildirib. Lakin o, konkret olaraq hansı təşkilatlara dəvət göndəriləcəyini açıqlamayıb.
7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərində Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin dəvət edilməməsi Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin bu təşkilatda səlahiyyətlərinin dayandırılmasına səbəb olub.
İclas zamanı Pənahov xəbərdarlıq edib ki, "seçkilər zamanı müşahidəçilərə maneələr olmamalıdır".
Bugünkü iclasda Respublikaçı Alternativ, Ağ və Vətəndaş Həmrəyliyi partiyalarının növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
Eyni zamanda Pənahov seçici siyahılarının dəqiqləşməsi ilə bağlı tapşırıq verib. Proses səsverməyə 25 gün qalmış bitməlidir.
"Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər”, - o deyib.
Pənahovun sözlərinə görə, kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb.
Pənahov Naxçıvan Muxtar Respublikasındakı seçki məntəqələrində avadanlıqlarla bağlı qıtlığın olduğunu bildirib.
“Oradakı seçki məntəqələri lazımi avadanlıqlarla təmin ediləcək", - Məzahir Pənahov deyib, Turanın məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər