COP29-a ev sahibliyi sazişi insan haqlarına təminat verməlidir - AMNESTY İNTERNATİONAL

Xəbərin çap versiyası
Tarix: 4-07-2024, 21:18


"Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 iqlim sammitinin təşkilatçısı olan BMT Azərbaycanla Ev sahibi ölkə Sazişinə (HCA) insan hüquqlarının təminat məsələsini əlavə etməlidir".

Civilazerbaijan.com
bildirir ki, bu barədə Amnesty International təşkilatının iyulun 4-də yaydığı bəyanatda deyilir.

Təşkilat qeyd edir ki, potensial iştirakçıların konfransda qarşılaşdıqları riskləri qiymətləndirə bilməsi üçün imzalandıqdan dərhal sonra ictimaiyyətə açıq olmasını təmin etməlidirlər.

"Amnesty International" bəyanatda qeyd edir ki, davamlı səylərinə baxmayaraq, keçən ilki iqlim sammitinin Ev sahibi ölkə Sazişini yalnız bu yaxınlarda əldə edə bilib.

Saziş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmışdı.

"Amnesty İnternational" bu sənəddə Dubaydakı tədbirin iştirakçılarının haqlarının təminatı baxımından ciddi nöqsanların olduğunu vurğulayır.

“Bu isə Azərbaycan hökuməti ilə sazişin də COP29-da insan haqları və vətəndaş cəmiyyəti fəallığının qorunması baxımından qüsurlu olacağı, samit öncəsi ictimaiyyətə açıqlanmayacağı sarıdan narahatlığı artırır", bəyanatda deyilir.

"Amnesty International"ın İqlim Siyasəti üzrə müşaviri Enn Harrison bildirir ki, BMT ilə Azərbaycan arasında HCA həm tədbirin keçirildiyi məkanda, həm də xaricində bütün insan haqlarının qorunmasını və sayqı göstərilməsini təmin etməlidir.

"Bura ifadə və sərbəst toplaşma azadlıqları daxildir. Bu, xüsusilə vacibdir, çünki Azərbaycan hakimiyyəti tənqidə ardıcıl divan tutur, bu yaxınlarda təzyiqləri gücləndirib, jurnalistləri, insan haqları müdafiəçiləri və iqlim fəallarını, o cümlədən (hüquq müdafiəçisi) Anar Məmmədlini saxlayıb. Həm onun, həm də hakimiyyətin ədalətsiz saxladığı digərlərinin azadlığa buraxılmasına çağırırıq".

Harrison əlavə edib ki, Azərbaycan hökumətinin törətdiyi kobud insan haqları pozuntularını nəzərə alaraq, BMT-nin Azərbaycanla HCA razılaşması imzalanandan dərhal sonra ictimaiyyətə açıqlanmalıdır.

"Amnesty International" əvvəlki COP iqlim sammitlərinin, o cümlədən Polşa, İspaniya, Böyük Britaniya, Misir və BƏƏ-də keçirilmiş tədbirlərin ifadə və sərbəst toplaşma azadlıqlarını necə məhdudlaşdırdığını sənədləşdirib.

Təşkilat Azərbaycanda bu hüquqların kobud şəkildə pozulmasını qeydə aldığını, bu məsələnin builki COP sammiti iştirakçılarının təhlükəsizliyi sarıdan narahatlıq yaratdığını vurğulayır.

COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Bu bəyanata hələlik Azərbaycan höküməti cavab verməyib. Amma bir qayda olaraq Azərbaycan hakimiyyəti dəfələrlə Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Ümumilikdə isə rəsmi Bakı siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır, Amerikanın Səsinin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz