Keçmiş diplomat Emin İbrahimov saxlanıb

Xəbərin çap versiyası
Tarix: 23-07-2024, 12:59


Keçmiş diplomat Emin İbrahimov iyulun 22-də saxlanıb.

Civilazerbaijan.com
bildirir ki, onun yaxınlarının məlumatına görə, axşam saatlarında E.İbrahimov zəng edərək Nizami polis İdarəsində olduğunu deyib: "Dedi ki, onu saxlayıblar. Guya adam bıçaqlayıb. Amma özü bunun olmadığını və günahsız olduğunu söylədi".

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən də E.İbrahimovun saxlanması ilə bağlı məlumatı təsdiqləyiblər. Xidmətdən "Turan"a bildirilib ki, E.İbrahimov ilə bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb: "Nəticədə Emin İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. Emin İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır".

Vəkil Aqil Layıc bildirib ki, E.İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə şübhəli şəxs qismində saxlanıb.

Vəkil əlavə edib ki, E.İbrahimovun sözlərinə görə, baş vermiş hadisə quramadır: "Emin bəy deyir ki, axşam saatlarında Bakıda evindən çıxanda tanımadığı bir şəxs ona hücum edib, dərhal da mülki geyimli şəxslər yaxınlaşaraq onu polis bölməsinə aparıb. Emin İbrahimovun deməsinə görə, Nizami rayon 24-cü polis bölməsində ondan telefon parolunu tələb ediblər, imtina edəndə isə elektroşok veriblər".

Hələlik, bu deyilənlərə DİN-dən münasibət almaq mümkün olmayıb.

E.İbrahimov Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyində və başqa qurumlarda çalışıb.

O, ötən il, sentyabrın 20-də də saxlanmışdı. E.İbrahimov onda "ziyanlı" informasiya yaymaqda ittiham olunaraq 30 sutkalıq həbs olunmuşdu. Yaxınları isə onun həbsini Rusiya əleyhinə statuslar yazması ilə əlaqələndirmişdilər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz