ABŞ Rusiyanın iki böyük neft şirkətinə sanskiya tətbiq edib
Tarix: Dünən, 21:08
Foto: Getty Images
ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan sonra ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiyanın ən böyük “Rosneft” və “Lukoil” şirkətləri sanksiya siyahısına salınıb.
Civilazerbaijan.com bildirir ki, ABŞ Maliyyə Nazirliyinin bəyanatında qeyd olunur ki, bu addım Kremlə iqtisadi təzyiqi artırmaq, Rusiyanın enerji gəlirlərini azaltmaq və onun hərbi maşınının maliyyələşməsini məhdudlaşdırmaq məqsədi daşıyır.
“İndi qətlləri dayandırmaq və dərhal atəşkəs elan etmək vaxtıdır. Prezident Putinin bu mənasız müharibəyə son qoymaqdan imtina etdiyini nəzərə alaraq, Maliyyə Nazirliyi Kremlin hərbi maşınını maliyyələşdirən Rusiyanın iki ən iri neft şirkətinə sanksiya tətbiq edir”, – maliyyə naziri Skott Bessent bildirib.
Nazir əlavə edib ki, ABŞ administrasiyası, o cümlədən Prezident Tramp, müharibənin dayandırılması istiqamətində cəhdləri davam etdirir və müttəfiqləri bu sanksiyalara qoşulmağa çağırır.
ABŞ Maliyyə Nazirliyi həmçinin həmçinin “Rosneft” və “Lukoil”un Rusiyada fəaliyyət göstərən onlarla törəmə müəssisəsini də sanksiya siyahısına əlavə edib. Bu müəssisələr arasında “Bashneft Dobycha”, “Vankorneft”, “RN Tuapse Oil Refinery”, “Lukoil Perm”, “Lukoil Kaliningradmorneft” və digər enerji hasilatı və emalı şirkətləri var.
Sanksiyalara əsasən, adıçəkilən şirkətlərə və onların 50 faiz və ya daha çox payına sahib olan qurumlara məxsus bütün aktivlər ABŞ ərazisində dondurulur. ABŞ vətəndaşlarının, habelə, ABŞ ərazisindən keçən bütün əməliyyatların bu şirkətlərlə hər hansı maliyyə əlaqəsi qadağan olunur.
Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, bu sanksiyaları pozan həm ABŞ, həm də xarici hüquqi və fiziki şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıya bilər. Həmçinin Rusiyanın hərbi-sənaye bazası ilə əlaqəli əhəmiyyətli əməliyyatlar aparan xarici maliyyə institutları da ikinci dərəcəli sanksiyalar riski ilə üzləşəcəklər.
Bundan bir neçə saat sonra isə Avropa İttifaqı Rusiyaya qarşı on doqquzuncu sanksiya paketini qəbul edib. Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas “X”-dəki hesabında məlumat verib. Onun sözlərinə görə, yeni sanksiyalar “Rusiya banklarına, kriptovalyuta birjalarına, eləcə də Hindistan və Çindəki müəyyən strukturlara” yönəlib.
Kallas əlavə edib ki, Rusiya diplomatlarının Aİ ölkələri arasında hərəkətinə məhdudiyyətlər tətbiq olunur. Məqsəd isə destabilizasiya cəhdlərinin qarşısını almaqdır.
“Putin üçün bu müharibəni maliyyələşdirmək getdikcə çətinləşir”, – Kallas vurğulayıb.
Bloomberg-in məlumatına görə, 19-cu sanksiya paketi həmçinin Rusiyadan maye təbii qazın (LNG) idxalına mərhələli şəkildə qadağanı və Rusiya neftini daşıyan “kölgə donanması”na məxsus 117 gəminin sanksiya siyahısına salınmasını nəzərdə tutur.
Rusiyaya qarşı əvvəlki sanksiya paketi Avropa İttifaqı tərəfindən 2025-ci ilin iyul ayında qəbul edilmişdi. Agentlik mənbələrinin bildirdiyinə görə, 19-cu paket uzun müddət Avstriya, Macarıstan və Slovakiyanın mövqeyinə görə təxirə salınmışdı. Qərbin sanskiyalarını qanunsuz hesab edən Rusiya hələ ki, bu sanksiyalara münasibət bildirməyib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













