Əkrəm İmamoğlu casusluqda ittiham olunur
Tarix: Dünən, 17:16
Həbsdə olan İstanbul meri, Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə yeni istintaq başladılıb.
Civilazerbaijan.com bildirir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasına görə, Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan araşdırma, 4 iyulda casusluq ittihamı ilə həbs edilən Hüseyn Günün rəqəmsal materialları əsasında başlanıb.
Açıqlamada qeyd olunur ki, “bir çox xarici kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığı” iddia edilən Hüseyn Gün, İmamoğlunun müşaviri Necati Özkana təlimat verdiyini göstərən danışıqlar aparıb.
Prokurorluq həmçinin bildirib ki, jurnalist Mərdan Yanardağın da Hüseyn Günlə “casusluq fəaliyyəti ilə bağlı çoxsaylı əlaqə və yazışmaları” olub.
İddialara görə, Yanardağ “seçki prosesi üçün mətbuat bölməsini təşkil edib, Hüseyn Gündən maliyyə dəstəyi alıb və 2019-cu il yerli seçkilərini manipulyasiya etmək üçün xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq edib”.
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı ayrıca araşdırmada isə “İstanbul Senin” tətbiqi vasitəsilə 4,7 milyon insanın şəxsi məlumatlarının, “İBB HANEM” proqramı ilə isə 11 milyon seçiciyə aid məlumatların xarici ölkələrə ötürüldüyü iddia olunur.
İstintaq çərçivəsində 13 nəfər barəsində həbs qərarı çıxarılıb.
Hazırda ayrı-ayrı ittihamlarla həbsdə olan İmamoğlu və Necati Özkan casusluq işi üzrə dindirilmək üçün prokurorluğa gətiriləcək. Hüseyn Gün isə “cinayətkar təşkilata rəhbərlik etmək” ittihamı ilə əlavə ifadə vermək üçün İstanbul Polis İdarəsinə aparılacaq.
İmamoğlu bu ilin martın 18-də universitet diplomunun ləğvindən bir gün sonra saxlanılıb və martın 23-də korrupsiya ittihamı ilə həbs edilib.
Bütün bu proseslər son həftələrdə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı açılan araşdırmalar və CHP-nin prezidentliyə namizədliyi üçün ilkin seçkilər öncəsi baş verib.
Əkrəm İmamoğlu 2019-cu ilin martından İstanbulun meri vəzifəsində çalışır. O, yenidən namizədliyi irəli sürüləcəyi halda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi kimi qiymətləndirilir.
Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ilə təyin edilib.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













