Donald Tramp Ağ evdə Suriya prezidenti Əhməd Əl-Şaraanı qəbul edib
Tarix: 11-11-2025, 13:59
ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Ağ evdə Suriya prezidenti Əhməd əş-Şaraa ilə danışıqlardan sonra deyib ki, Suriyanın uğur qazanması üçün bacardığını edəcək.
Civilazerbaijan.com bildirir ki, vaxtilə "Əl-Qaidə"nin Suriyadakı qolu – "Ən-Nüsrə Cəbhəsi"nin komandiri olan əş-Şaraa bu yaxınlaradək sanksiya siyahısında idi, onun başına 10 milyon dollarlıq mükafat vəd olunmuşdu.
Onun Vaşinqtona səfərinin əsas məqsədlərindən biri ABŞ-nin sərt sanksiyalarının tam ləğvinin təşviqi idi. O, Tramp ilə qapalı görüşdüyü vaxt ABŞ Maliyyə Nazirliyi "Sezar" sanksiyalarının 180 günlük dayandırıldığını açıqlayıb. Bu sanksiyaları yalnız ABŞ Konqresi tamamilə ləğv edə bilər. Sanksiyalar 2019-cu ildə Bəşər Əsəd rejimi dövründə insan haqları pozuntularına cavab olaraq tətbiq edilib.
İlk dəfə idi Vaşinqtona Suriya prezidentinin səfəri gerçəkləşirdi. Tramp ilə əş-Şaraa altı ay öncə Səudiyyə Ərəbistanında görüşmüşdülər. Həmin görüşdən bir neçə gün sonra əş-Şaraa "xüsusi kateqoriyalı qlobal terrorçu" siyahısından çıxarılıb.
"Reuters" yazır ki, əş-Şaraa ali xarici qonaqlardan fərqli qarşılanıb. O, Ağ evə Qərb qanadının əsas qapısından deyil, yan qapıdan daxil olub, jurnalistlər onun bir neçə saniyəlik görüntüsünü çəkə biliblər.
Tramp media təmsilçilərinə əş-Şaraanı "güclü lider" kimi təqdim edib, ona etimadını bildirib. "Suriyanın uğurlu olması üçün hər şeyi edəcəyik", – Tramp deyib.
ABŞ prezidenti əş-Şaraanın mübahisəli keçmişinə toxunaraq "Hamımızın keşməkeşli keçmişi olub" deyib.
Suriya prezidenti isə sonradan "Fox News"a müsahibəsində silahlı qruplaşma ilə əlaqəsinin keçmişdə qaldığını, Tramp ilə görüşdə bu məsələni müzakirə etmədiklərini bildirdi. Onun sözlərinə görə, Suriya artıq Vaşinqtonun geosiyasi müttəfiqi olaraq görünür, təhdid kimi yox.
43 yaşlı əş-Şaraa ötən ilin dekabrında Suriya prezident Bəşər əl-Əsəd devriləndən sonra hakimiyyətə gəlib.
Suriya bu yaxınlarda "İslam Dövləti" silahlı qruplaşmasına qarşı ABŞ-nin başçılıq etdiyi qlobal koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi də imzalayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin mediasına deyib ki, Tramp ilə əş-Şaraanın görüşünün bir hissəsinə o da dəvət olunub. Fidan Ağ evdə Tramp administrasiyasının rəsmiləri ilə görüşlər keçirib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












