Əfqan Sadıqov yenə də Gürcüstanda həbs edilib
Tarix: 12-11-2025, 21:41
Gürcüstanda yaşayan azərbaycanlı jurnalist, Azel TV saytının rəhbəri Əfqan Sadıqov 7 gün müddətinə həbs edilib.
Civilazerbaijan.com bildirir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova özünün “Facebook” səhifəsində məlumat yayıb.
O, təkrarən yolu bağladığına görə azadlıqdan məhrum edilib.
Bundan əvvəl Əfqan Sadıqov 14 gün müddətinə həbs edilmişdi. O, yolu bağladığına görə, (54 dəfə) ümumi məbləği 270.000 lari (təxminən 170 min manat) cərimə olunmuşdu.
Noyabrın 5-i Əfqan Sadıqov azadlığa buraxılmışdı.
Azel TV-nin təsisçisi və baş redaktoru Ə.Sadıqov 2016-cı il noyabrın 22-də isə Azərbaycanda saxlanmışdı. Ona Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum etmişdi. Həmin ilin noyabrında isə Ali Məhkəmə Ə.Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaltmışdı. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.
Bundan sonra 2020-ci il mayın 13-də Əfqan Sadıqov yenidən saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.TV saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq 7 il müddətinə azadlıqdan məhrum edib. 2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqovun barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib. O, 2022-ci ildə əfv sərəncamı ilə azad olunub.
2023-cü ildə Sadıqov Gürcüstana köçüb, 2024-cü ilin avqustunda isə Azərbaycan hakimiyyətinin sorğusu əsasında ekstradisiya məqsədilə orada saxlanılıb. Jurnalist Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2-ci və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə – “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunub.2025-ci il fevralın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Əfqan Sadıqovun işi ilə bağlı qərar verərək, “məsələnin mahiyyəti AİHM tərəfindən araşdırılıb başa çatana qədər” onun Azərbaycana ekstradisiyasını qadağan etmişdi.
Aprelin 16-da təqribən 8 aylıq həbsdən sonra məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Məhkəmə onu 5 min lari (3 min manat) məbləğində girov qarşılığında azadlığa buraxmışdı, Meyadan TV-nin məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












