Rusiya hökuməti bəzi bölgələrdə mobil internetə girişi qadağan edib

Xəbərin çap versiyası
Tarix: 12-11-2025, 21:46

Foto: EPA-EFE

Rusiyanın Ulyanovsk vilayətində yerli hakimiyyət orqanları bəzi bölgələrdə mobil internetə çıxışın “federal hakimiyyətin qərarı ilə” qeyri-müəyyən müddətə dayandırıldığını bildiriblər.

Civilazerbaijan.com
bildirir ki, rəsmilərin sözlərinə görə, bu qərar yalnız Ulyanovsk vilayətinə aid deyil.

“Qadağa təkcə Ulyanovskda deyil, Rusiyanın müxtəlif regionlarında, əsasən xüsusi təyinatlı obyektlərin yaxınlığında tətbiq olunur. Keçən həftə federal mərkəz belə obyektlərin ətrafında təhlükəsizlik zonalarının genişləndirilməsi barədə qərar qəbul edib. Bu, hücum dövrü üçün müvəqqəti tədbir deyil, daimi məhdudiyyətdir. Regional hakimiyyətlər bu qərara təsir göstərə bilmirlər”, - rəsmilərdən biri mətbuat konfransında deyib.

Məlumata görə, məhdudiyyətlərin qüvvədə olduğu ərazilərdə internet yalnız “ağ siyahılar” üzrə işləyəcək.

Yəni hökumət tərəfindən icazə verilmiş saytlar açılacaq. Bu siyahıya “Gosuslugi” (Dövlət xidmətləri portalı), “Yandex” xidmətləri, “VKontakte”, “Odnoklassniki”, “Ozon” və “Wildberries” platformaları, eləcə də “Mir” ödəniş sistemi daxildir.

“Na svyazi” layihəsinin məlumatına əsasən, bəzi bölgələrdə mobil internet artıq bir həftədən çoxdur ki, əlçatan deyil.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi rabitə haqqında qanuna dəyişikliklər layihəsi hazırlayıb. Yeni təkliflərə görə, internet operatorları Federal Təhlükəsizlik Xidmətinin (FSB) sorğusu əsasında rabitə xidmətlərini dayandırmalı olacaqlar. Ekspertlər hesab edirlər ki, hakimiyyət bu yolla ölkədə internetə çıxışın məhdudlaşdırılmasını qanuniləşdirmək istəyir, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz