Avropa ölkələri ABŞ-ın 28 maddəlik Ukrayna planına qarşıdır
Tarix: Dünən, 20:34
"Ukrayna və Rusiya sülhə nail olmaq üçün "çətin, ancaq vacib" güzəştlərə razılaşmalıdır".
Civilazerbaijan.com bildirir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.
"Ukraynadakı kimi mürəkkəb və qanlı müharibəni dayandırmaqdan ötrü ciddi və real ideyaların geniş mübadiləsi lazımdır. Dayanıqlı sülh hər iki tərəfdən çətin, amma vacib güzəştlərə razılaşmağı tələb edir. Məhz buna görə biz bu müharibənin dayandırılması üçün hər iki tərəfin təkliflərinə əsaslanan mümkün ideyaların siyahısını hazırlayırıq və hazırlamağa davam edəcəyik", – Rubio X sosial şəbəkəsində yazıb.
Prezident Donald Tramp bu həftə 28 maddədən ibarət müharibəni bitirmə planını təsdiqləyib. Bunu "NBC News" administrasiyadakı yüksəkvəzifəli mənbəyə istinadla yazır. Planın ukraynalı rəsmilər və Kremlin xüsusi təmsilçisi Kirill Dmitriyev ilə məsləhətləşmələr əsasında hazırlandığı bildirilir, amma söhbətin hansı ukraynalı rəsmilərdən getdiyi açıqlanmır. Planın hazırlanmasında xüsusi elçiStiv Uitkoff, vitse-prezident Cey Di Vens, Marko Rubio və Trampın kürəkəni Cared Kuşnerin də iştirak etdiyi vurğulanır.
Administrasiyadakı rəsmi NBC-yə deyib ki, plan hər iki tərəfə uzunmüddətli sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətləri verməyə yönəlib.
"The Washington Post" yazır ki, Vaşinqton Ukrayna prezidentinə planı qəbul etməsi üçün təzyiq göstərir. Qəzetin mənbələrinə görə, Kiyev şərtləri "tam təslimçilik" kimi qiymətləndirir və Donbasda nəzarətində olduğu ərazilərdən imtina etməyə hazır deyil.
Noyabrın 20-də Avropa ölkələri Vaşinqtonun Ukraynada sülh planına qarşı çıxıblar. Mənbələrə görə, plan Kiyevin Rusiyaya daha çox ərazi verməsini, ordusunu azaltmasını nəzərdə tutur. Ukraynanın müttəfiqləri bu şərtləri faktiki təslimçilik kimi qiymətləndiriblər.
Avropa İttifaqının Brüsseldə toplanan xarici işlər nazirləri hələ tam açıqlanmayan planla bağlı geniş şərh verməyiblər, amma Kiyevdən ağır güzəştlər tələb olunmasına qarşı çıxacaqlarını deyiblər.
"Ukraynalılar sülh istəyir, hər kəsin suverenliyinə hörmət edən ədalətli, gələcəkdə təcavüzlə sual altına alına bilməyəcək davamlı sülh. Amma sülh təslimçilik olmamalıdır", – Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Polşanın xarici işlər naziri Radoslav Sikorski isə deyib ki, müharibənin qurbanı olan Ukraynanın özünü müdafiə etməsinə məhdudiyyət qoyulmamalıdır.
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın sözlərinə görə, istənilən razılaşma Avropa və Ukraynanın iştirakı ilə qəbul edilməlidir.
Kreml isə bildirir ki, Ukraynada hər hansı sülh planı münaqişənin əsas səbəblərini aradan qaldırmalıdır. Kremlin sözçüsü Dmitri Peskov hazırda ABŞ ilə Ukraynada sülh planı üzrə hər hansı rəsmi danışıq aparılmadığını əlavə edib.
Rusiya Ukraynanın NATO-ya üzvlük niyyətindən əl çəkməsini, özünü neytral ölkə elan etməsini, silahlı qüvvələrini məhdudlaşdırmasını istəyir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər













