Uitkoff ilə Uşakovun mediaya sızdırılan telefon danışığı - TRAMPIN ŞƏRHİ

Xəbərin çap versiyası
Tarix: Dünən, 13:49

Foto: AFP

ABŞ prezidenti Donald Tramp, Rusiya təmsilçiləri "Bloomberg"in yaydığı telefon danışıqlarını şərh ediblər. Agentlik Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla Trampın xüsusi elçisi Stiv Uitkoffun telefon söhbətinin transkriptini yaydığını bildirir.

Civilazerbaijan.com
bildirir ki, söhbətdə Ukraynadakı müharibənin sülh yoluyla tənzimlənməsi müzakirə olunur.

Tramp: "O, təklifləri satmalıdır"

Jurnalistlər Trampdan soruşublar ki, danışıqlarda tərəflərdən birinin təkliflərinin prosesə vasitəçilik edən ölkənin mövqeyi kimi təqdim olunması normaldırmı. Tramp cavabında deyib ki, bu adi haldır və Uitkoff Ukrayna ilə də işi Rusiya ilə etdiyi kimi aparır. Tramp telefon söhbətinin konkret məğzi ilə tanış olmadığını da əlavə edib.

"Bu, adi işdir. O, (Uitkoff) əvvəlcə bunu Ukraynaya "satmalıdır", sonra da Ukraynanın təkliflərini Rusiyaya. İş görməyi bacaranlar bu cür edirlər... Bu, adi danışıq aparmaq praktikasıdır", – Tramp jurnalistlərə deyib.

Ağ Ev də səs yazısının həqiqiliyini şübhə altına almayıb, Uitkoffun sadəcə öz işini gördüyünü deyib.

Uşakovla Uitkoffun oktyabrın 14-də danışdığı bildirilir. Bu, Ukrayna prezidenti Volodimir Zelenskinin Ağ evə səfərindən az öncə baş verib. "Bloomberg" daha sonra Rusiyanın iki təmsilçisi – Uşakovla Kiril Dmitriyevin telefon söhbətini də yayıb. Onlar ABŞ-yə Rusiyanın təkliflərini verdiklərini deyirlər, Uşakov ehtiyat edir ki, ABŞ mətni dəyişə bilər, Dmitriyev isə əmindir ki, hər şey "səliqəli" görüləcək, sənədi Uitkoffla müzakirə etmək lazım gələ bilər.

Uşakov deyib ki, telefon söhbətləri barədə informasiyanın haradan sızdığını bilmir. O, jurnalist Pavel Zarubinə bu haqda danışıb: "Kimsə sızdırır, kimsə qulaq asır, amma biz yox". Yəni, o, informasiyanı təkzib etməyib.

Dmitriyev isə Uşakovla söhbətinin transkriptini "saxta" adlandırıb, bəzi "müharibə qızışdırıcıları"nın sülh prosesini pozmağa çalışdığını deyib.

Bəzi amerikalı konqresmenlər, şərhçilər Uitkoffun fəaliyyətini tənqid ediblər, onların fikrincə, o, Rusiya təmsilçisinə ABŞ ilə necə işləmək təlimatı verib.

Uitkoff özü, Ukrayna tərəfi xəbəri şərh etməyiblər.

Səs yazılarında nə var

"Bloomberg"in dərc etdiyi transkriptə görə, Uitkoff Uşakovla Putinin Ukraynada dinc həll istədiyini göstərmək üçün Trampla necə danışmalı olduğunu müzakirə edir. Uitkoff ABŞ prezidentinin Qəzza sektorunda atəşkəsə nail olmuş planı əsasında sülh planı hazırlamağı təklif edir. O, Uşakova məsləhət görür ki, Putini Zelenskinin səfərindən öncə Trampa zəng etməyə inandırsın.

Həmin söhbətdən iki gün sonra – oktyabrın 16-da Trampla Putin arasında telefon danışığı olub.

Trampın xüsusi elçisi həm də Putinə dərin hörməti olduğunu deyib, Rusiyanın sülh razılaşması üçün tələblərini də bilir, onların içində Donetsk də var. 28-bəndlik ilkin sülh planında Kiyevin Donetsk və Luqanskdan əl çəkməsi tələbi də yer alıb.

"Məncə, onlar (ABŞ) tam bizim versiyanı götürməyəcəklər, amma azından ona maksimum yaxın olacaq", – bunu isə "Bloomberg"in dərc etdiyi ikinci transkriptə əsasən, Dmitriyev Uşakova deyib. Onlar Rusiyanın ABŞ-yə verməli olduğu planı müzakirə ediblər.

Bir sıra media qurumları ABŞ-nin ilkin 28-bəndlik planının əsasında Rusiyanın təkliflərinin durmasına diqqət çəkiblər. "Reuters" yazır ki, bu sənəd ABŞ-yə oktyabrın 21-dək təqdim olunub. Həmin gün ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla danışıqlar.

Noyabrın 25-də Uitkoffun Putinlə görüşmək üçün Moskvaya getməsi xəbəri yayılıb.

Tramp "Truth" sosial şəbəkəsində yazıb ki, son bir həftədə Ukrayna üzrə danışıqlarda "böyük proqres" əldə olunub. (Mənbə: AzadlıqRadiosu)

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz