Umerov Brüsseldə danışıqlar aparacaq - ZELENSKİ
Tarix: 3-12-2025, 15:59
Ukraynanın təmsilçisi Rustem Umerov dekabrın 3-də Brüsseldə Avropa liderlərinin milli təhlükəsizlik müşavirləri ilə danışıqlar aparacaq, daha sonra ABŞ-yə yollanacaq. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Civilazerbaijan.com bildirir ki, Ukraynanın Milli Təhlükəsizlik və Milli Müdafiə Şurasının rəhbəri R.Umerovun Avropada həmkarları ilə görüşü ABŞ tərəfinin Moskvadakı danışıqlarından bir gün sonra keçirilir.
Kreml isə dekabrın 3-də bildirib ki, prezident Vladimir Putin ABŞ-nin Ukraynada sülhlə bağlı təkliflərinin bəzilərini qəbul edib, digərlərini rədd edib. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya razılaşma əldə etmək üçün ABŞ təmsilçiləri ilə neçə dəfə lazımdırsa, görüşməyə hazırdır.
"Hazırda işçi ekspert səviyyəsində iş aparılır. Əvvəlcə ekspert səviyyəsində müəyyən nəticələr əldə olunmalı, sonra bunlar ən yüksək səviyyədə kontaktlar üçün əsasa çevrilməlidir", – Peskov vurğulayıb.
Peskov Rusiyanın Trampa səylərinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, dekabrın 2-də ABŞ və Rusiyanın Ukraynada sülhlə bağlı danışıqları beş saatdan çox çəkib. ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun başçılıq etdiyi nümayəndə heyəti Kremldə Rusiya prezidenti Vladimir Putin və köməkçiləri ilə görüşüb.
Ukrayna prezidenti Volodimir Zelenski razılaşma əldə etmək üçün "indi həmişəkindən daha çox" şans olduğunu demişdi.
Amma danışıqlardan öncə Putin Avropa hökumətlərini sülh prosesini bloklamaqda ittiham edib. O xəbərdarlıq etdi ki, əgər Avropa Rusiya ilə müharibə başlamaq istəyirsə, Moskva döyüşməyə hazırdır.
Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Kremldə görüşdən sonra jurnalistlərə deyib ki, sülh nə yaxındır, nə də uzaq.
"Amerikalıların hazırladığı konkret ifadələri yox, mesajın mahiyyətini müzakirə etdik. Bəzi şeylər bizə uyğundur. Bəzi məsələləri isə tənqidlə qarşıladıq", – deyən Uşakov ərazi məsələlərinin əsas problem olduğunu vurğulayıb.
"Biz Ukrayna böhranının həllini ərazi məsələləri olmadan mümkün saymırıq. Gerçək proqres üçün həm Moskvanın, həm də Vaşinqtonun ciddi işə başlamasının vaxtı çatıb", – Uşakov söyləyib.
Uitkoff isə danışıqlardan sonra şərh verməyib, ABŞ-nin Moskvadakı səfirliyinə gedib.
Uitkoff ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner ilə birlikdə Vaşinqtonun ilkin 28-bəndlik təklifinin müzakirəsi üçün Moskvaya gedib. Bu sənəd Rusiyanın bir sıra məqsədlərinə uyğunlaşdırılmış sayılır. Ötən həftə ABŞ və Ukraynanın nümayəndə heyətləri planı 19 bəndə salıblar. Avropa da təkliflərini verib, Ukraynanın suverenliyinə zərbə vura biləcək müddəaların çıxarılmasına çalışıblar.
Moskva isə Avropanın dəyişikliklərini qəti rədd edib. Uşakov bildirib ki, "Putin avropalıların sülh prosesindəki dağıdıcı roluna dair öz dəyərləndirməsini birmənalı çatdırıb".
Putin Uitkoff və Kuşner ilə görüşündən öncə deyib ki, Rusiya Avropa dövlətlərini danışıqlara cəlb etməyə hazırdır, amma onlar Ukraynada döyüş meydanındakı reallıqları qəbul etməlidirlər.
"Bizim Avropa ilə vuruşmaq niyyətimiz yoxdur, bunu 100 dəfə demişəm. Amma əgər Avropa yenə döyüşmək istəsə və buna başlasa, onda buna hazırıq", – Putin vurğulayıb
Avropa İttifaqı dəfələrlə bəyan edib ki, Avropanın sərhədlərinin zorakılıqla yenidən çəkilməsini qəbul etməyəcək, yalnız Ukrayna özü ərazilərinin gələcəyi barədə qərar verə bilər.
Putin sülhün təminatı üçün Ukraynanın şərqdəki Donbas bölgəsini təslim olunmasını istəyir. Buraya Rusiyanın üç il yarımdan çox davam edən müharibədə ələ keçirə bilmədiyi ərazilər də daxildir. Kiyev isə bu şərtləri rədd edir, Moskvanın Ukraynanın NATO-ya üzvlük ambisiyalarını məhdudlaşdırmaq, silahlı qüvvələrinin sayını azaltmaq cəhdlərinə qarşı çıxır.
"Ortaq vəzifəmiz müharibəni bitirməkdir, sadəcə döyüşlərə ara vermək yox. Ləyaqətli sülh lazımdır. Bunun gerçəkdən baş verməsi üçün hər kəs sülhün tərəfində olmalıdır", – Zelenski dekabrın 2-də deyib.
"Bir qədər irəliləyiş əldə etmişik, amma hələ nəticə yoxdur", – ABŞ dövlət katibi Marko Rubio Rusiya ilə Ukrayna danışıqlarını belə şərh edib.
"Etməyə çalışdığımız – fikrimcə, müəyyən irəliləyiş də var, – ukraynalılara gələcək üçün təhlükəsizlik təminatları verəcək formulu tapmaqdır", – Rubio dekabrın 2-də "Fox News"a müsahibəsində deyib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












