ABŞ və Ermənistan "Tramp marşrutu"nun icra sənədini açıqlayıb

Xəbərin çap versiyası
Tarix: Dünən, 15:30


ABŞ və Ermənistan Azərbaycanı Ermənistan üzərindən Naxçıvanla birləşdirəcək "Tramp marşrutu"nun icra sənədini açıqlayıblar.

Civilazerbaijan.com
ildirir ki, yanvarın 14-də ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın görüşündən sonra yayımlanan sənəddə göstərilir ki, Yerevan ABŞ hökumətinin nəzarətində olan xüsusi bir şirkətə yol üzərində "uzunmüddətli müstəsna hüquqlar" verəcək.

ABŞ və Ermənistanın birgə səhmlərinə sahib olacağı şirkət "Tramp marşrutu" boyunca dəmir yolu, avtomobil yolu, elektrik xətləri və digər infrastruktur obyektlərini inşa və idarə edəcək və ən azı 49 il bu infrastrukturlardan əldə olunan gəlirləri toplayacaq.

Səkkiz səhifəlik sənəddə qeyd olunur ki, Ermənistan "TRIPP Development Company" adlı şirkətin səhmlərindən ABŞ-yə 74 faiz pay təklif etməyi və özündə 26 faiz pay saxlamağı nəzərdə tutur. 49 ildən sonra isə gözlənilir ki, razılaşma daha 50 il müddətinə uzadılsın və bu zaman Ermənistan hökumətinə əlavə pay verilməklə səhmlərdə onun payı 49 faizə çatsın. Sənəddə həm də vurğulanır ki, Ermənistan layihə çərçivəsində "ticarət və tranzit sahəsində sərhəd nəzarəti və gömrük funksiyaları üzərində tam səlahiyyətə malik olacaq".

“Ermənistanın sərhəd və gömrük əməliyyatları üzərində suverenliyi və yurisdiksiyası mütləqdir və toxunulmazdır”, - birgə bəyanatda deyilir.

Rubio da Mirzoyanı Dövlət Departamentində qəbul etdikdən dərhal sonra jurnalistlərə verdiyi qısa açıqlamada oxşar təminatlar verib.

"Layihə Ermənistana biznes üçün qapılar açır və ölkənin iqtisadi inkişafına imkan yaradır, amma bunu Ermənistanın suverenliyinə heç bir şəkildə toxunmadan edir. Burada suverenliyə təhdid məsələsi yoxdur, layihə buna tam şəkildə hörmətlə yanaşır", - Rubio deyib.

Bəyanatda qeyd olunur ki, "TRIPP" şirkəti müştərilərə “üz-üzə xidmət göstərmək” üçün özəl operatorları işə götürəcək, o cümlədən “sənədlərin ilkin toplanması və yoxlanmasını və yük və fərdi sərnişinlər üçün tranzit rüsumlarının yığılmasını" təmin edəcək. Eyni zamanda, Ermənistan rəsmiləri “Ermənistandakı bütün sərhəd və gömrük obyektlərində fiziki mövcudluğu qorumaq, son gömrük qərarlarını və formal prosedurları həyata keçirmək” və “miqrasiya nəzarətini” təmin etmək öhdəliyinə malikdirlər.

Birgə bəyanatda, həmçinin, “sənədlərin elektron təqdimatı və emalından" bəhs olunur və “fərqli proseslərin insanların, nəqliyyat vasitələrinin və yükün idarə edilməsi üçün tətbiqini, o cümlədən Azərbaycan və Naxçıvan arasında istifadə olunmasını" tövsiyə edir.

Azərbaycan prezidenti İlham Əliyev isə daha öncə etdiyi çıxışlarda Azərbaycandan Naxçıvana gedəcək sərnişinlərin erməni sərhədçilərin üzünü görməməli olduğunu deyib.

Avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin verdiyi birgə bəyannamədə qeyd olunan məsələlərdən biri də Azərbaycanı Naxçıvana birləşdirəcək, “Tramp marşrutu” adlanan yoldur.

Bəyannamənin 4-cü maddəsində deyilir ki, Ermənistan öz ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə ABŞ və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcək, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz