Tramp Nobel Sülh mükafatı və Qrenlandiya ilə bağlı Norveçin Baş nazirinə məktub yazıb

Xəbərin çap versiyası
Tarix: 19-01-2026, 16:10


ABŞ prezidenti Donald Tramp Norveçin baş nazirinə məktub yazıb, Nobel və Qrenlandiya məsələsini qaldırıb.

Civilazerbaijan.com
bildirir ki, Tramp Norveçin baş naziri Yonas Qar Störeyə göndərdiyi məktubda Nobel Sülh Mükafatını ala bilmədikdən sonra artıq özünü “yalnız sülhü düşünmək öhdəliyində” hiss etmədiyini bildirib.

Yonas Qar Störeyə ünvanlanan və Vaşinqtonda bir neçə Avropa səfirinə ötürüldükdən sonra PBS News tərəfindən əldə olunan məktubda Tramp ötən il Nobel mükafatından kənarda qalması ilə bağlı narazılıqlarını bir daha dilə gətirir. Məktubda o, həmçinin Atlantik okeanında yerləşən, Danimarkaya məxsus muxtar ərazi olan Qrenlandiya üzərində ABŞ-ın nəzarət qurmaq istəyini yenidən ifadə edir. Tramp məktubunda yazır ki, Norveçin ona Nobel Sülh Mükafatını verməməsindən sonra artıq sırf sülhü düşünmək məcburiyyətində deyil:

“Əziz Yonas: Ölkənizin 8 müharibəni və daha artığını dayandırdığıma görə mənə Nobel Sülh Mükafatını verməməsini nəzərə alaraq, artıq sırf sülhü düşünmək öhdəliyində deyiləm. Sülh yenə də üstünlük təşkil edəcək, lakin indi ABŞ üçün yaxşı və düzgün olan məsələlər barədə də düşünə bilərəm”.

Tramp məktubda Danimarkanın Qrenlandiyanı Rusiya və ya Çindən qoruya bilməyəcəyini iddia edir və bu ərazi üzərində Danimarkanın “mülkiyyət hüququnu” sual altına alır:

“Danimarka bu torpağı Rusiya və ya Çindən qoruya bilməz. Ümumiyyətlə, onların bu ərazi üzərində ‘mülkiyyət hüququ’ niyə var ki? Heç bir yazılı sənəd yoxdur, sadəcə yüz illər əvvəl ora bir qayıq enib, amma bizim də ora qayıqlarımız enib”.

Məktubda Tramp NATO ilə bağlı da iddialı fikirlər səsləndirir:

“NATO-nun yarandığı gündən bəri bu alyans üçün hər kəsdən daha çox iş görmüşəm və indi NATO ABŞ üçün nəsə etməlidir. Qrenlandiya üzərində tam və mütləq nəzarət bizdə olmayınca dünya təhlükəsiz deyil”.

Məktub “Təşəkkürlər! Prezident DJT” sözləri ilə bitir.

Norveçin baş naziri Yonas Qar Störe isə məsələ ilə bağlı “Bloomberg” agentliyinə açıqlamasında Trampın Nobel Sülh Mükafatı ilə bağlı iddialarına cavab verib:

“Nobel Sülh Mükafatı məsələsi ilə bağlı Trampa bir neçə dəfə açıq şəkildə izah etmişəm ki, bu, hamıya məlumdur: mükafatı Norveç hökuməti deyil, müstəqil Nobel Komitəsi verir”.

Nobel Sülh Mükafatının verilməsi Norveç hökumətinin səlahiyyətində deyil. Rəsmi qaydalara əsasən, mükafat Alfred Nobelin vəsiyyətinə uyğun olaraq Norveç parlamenti tərəfindən təyin edilən müstəqil Nobel Komitəsi tərəfindən təqdim olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz