Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib
Tarix: Dünən, 17:36
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib. İyulun 23-də təsdiqlənən yeni paket çərçivəsində 48 fiziki və 170 hüquqi şəxs olmaqla, ümumilikdə 218 yeni subyekt sanksiya siyahısına salınıb.
Civilazerbaijan.com bildirir ki, bu, son dörd ildə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya paketləri arasında ən geniş siyahıdır. Maliyyə sektorunda 94 bank və iri maliyyə qurumunun aktivləri dondurulub. Daha 33 Rusiya bankına qarşı maliyyə əməliyyatlarına qadağa qoyulub. Bir neçə ölkədə fəaliyyət göstərən kriptovalyuta platformaları da sanksiyalara məruz qalıb. Neft sektorunda 18 şirkət və bir fiziki şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib.
Sanksiya siyahısına Rusiyada fəaliyyət göstərən üç neft emalı zavodu, Belarusun iri neft emalı müəssisələrindən biri, Belarus neft məhsullarının Rusiyada satışını həyata keçirən şirkət və Rusiya neftini emal edən Gürcüstanın Kulevi limanındakı zavod daxil edilib. Beş neft treyderinə qarşı da sanksiyalar tətbiq olunub.
Aİ həmçinin neftin qiymətinə tətbiq olunan həddi avtomatik şəkildə yenilənməsini bir il müddətinə dayandırıb. Buna görə də qiymət həddi 2027-ci ilin iyuluna qədər dəyişməyəcək və bir barel üçün 44,1 dollar təşkil edəcək. Bundan başqa, Rusiyanın neft daşıdığı güman edilən “kölgə donanmasına” daha 41 gəmi əlavə olunub.
Təbliğat və hərbi cinayətlərə görə Rusiya hərbi təbliğatını yayan səkkiz şəxsə qarşı da məhdudiyyətlər tətbiq edilib. Həmçinin Ukrayna hərbçilərinə, o cümlədən hərbi əsirlərə qarşı işgəncə və edamlarda, eləcə də onların meyitlərinə qarşı təhqiramiz davranışda ittiham olunan general-mayor da sanksiyaya məruz qalıb.
Yeni sanksiya paketi Rusiyanın tərəfində döyüşən şəxslərə viza qadağasının tətbiqinə də imkan verəcək.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












