Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır
Tarix: Dünən, 17:36
Budapeştdə Rusiya səfirliyi
Macarıstan hakimiyyəti Rusiyanın Budapeştdəki diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır.
Civilazerbaijan.com bildirir ki, Macarıstanın xarici işlər naziri Anita Orbanın sentyabrın 8-də dediyinə görə, Rusiyanın Budapeştdəki səfirinə bildirilib ki, "Rusiya nümayəndəliyinin 10 əməkdaşı Macarıstanda Vyana Konvensiyasına görə diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub".
Həmin şəxslərin adları və vəzifələri açıqlanmır. Orban vurğulayıb ki, onlara qarşı ölkəni tərk etmə tələbi "Macarıstanın təhlükəsizliyini və suverenliyini təmin etmək məqsədi daşıyır", Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.
Ukraynaya qarşı işğalçı müharibəsi səbəbindən Rusiyanın Avropa İttifaqı ilə münasibətləri pisləşib və blokun bir çox ölkəsi Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb, konsulluqları və Rusiyanın digər qurumlarını bağlayıb. Rusiya da oxşar addımlar atıb.
Viktor Orban hökuməti dövründə Macarıstan bu cür addımlardan çəkinirdi. Budapeştdən sonuncu dəfə 2018-ci ilin yazında rusiyalı diplomat çıxarılmışdı. Diplomatik nümayəndəliyin birdən-birə 10 əməkdaşının ölkədən çıxarılması Macarıstan üçün görünməmiş addımdır. Bu qərarın konkret nə ilə əlaqəli olduğu hələlik açıqlanmayıb.
Mayda Peter Madyarın rəhbərlik etdiyi hökumət hakimiyyətə gələndən Macarıstan Rusiyanı Ukraynaya zərbələrə görə tənqid etməyə və Aİ səviyyəsində sanksiya paketlərini bloklamaqdan imtina etməyə başlayıb. Ancaq Budapeşt hələ də Ukraynaya silah tədarük etmir.
Moskva Macarıstan hakimiyyətinin qərarını hələlik şərh etməyib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər














