Koronavirus: tarixin gedişini dəyişən 5 EPİDEMİYA

Xəbərin çap versiyası
Tarix: 25-03-2020, 14:57
Koronavirus: tarixin gedişini dəyişən


Koronavirus epidemiyası dünya miqyasında milyonlarla insanın yaşayış tərzini ciddi şəkildə dəyişir və bu dəyişiklərin çoxu qalıcı olacaq.

CivilAzerbaijan.com
BBC-yə istinadla bildirir ki, xəstəliklər xanədanlıqların çökməsindən tutmuş müstəmləkəçiliyin artmasına, hətta iqlim dəyişikliyinə qədər uzunmüddətli təsir gücünə malik olub.

XIV əsr vəbası və Qərbi Avropanın yüksəlişi

1350-ci illərdə Avropanı bürüyən böyük vəba epidemiyası əhalinin 3 faizinin ölümüylə nəticələnib.

Ancaq milyonlarla insan itkisindən sonra epidemiyadan zərər çəkmiş ölkələr sürətlə inkişaf edib və bu gün onlar dünyanın ən varlı dövlətləri sırasındadırlar.

O dövrdə bubonik vəbaya yoluxanların çoxu kənd sakinləriydi və bu, torpaq sahiblərinin işçi qüvvəsi sarıdan ciddi problemlərlə üzləşməsinə gətirib çıxarmış, sağ qalmış kəndlilərə onlardan daha çox əməkhaqqı tələb etmək imkanı qazandırmışdı.

Beləliklə, mülkədarların kəndliləri borclarını ödəmək üçün işlətdiyi feodal sistem parçalanmağa başlamış, Qərbi Avropa daha müasir, ticarət yönlü və nəğd ödəməli yeni sistemə yönəlmişdi.

İnsanları işlətmək artıq daha çox xərc tələb etdiyi üçün işverənlər onları əvəz edəcək qənaətcil texnologiyalara investiya ayırmaq qərarına gəlmiş; beləcə, sənayeləşmənin önü açılmışdı.

Vəba epidemiyasının Avropa imperializmini cəsarətləndirməsi fikri burdan qaynaqlanır.

O vaxta qədər dəniz səyahətləri və icadlar təhlükəli hesab olunurdu. Ancaq vəba nəticəsində kütləvi ölümlər insanları uzun dəniz səyahətlərinə çıxmağa meylləndirmiş, bu isə Avropa müstəmləkəçiliyinin yayılmasına təkan vermişdi.

İqtisadiyyatı müasirləşdirmək, texnologiyalara vəsait ayırmaq və xaricə səyahətləri təşviq etmək sayəsində Qərbi Avropa zamanla dünyanın ən güclü regionlarından birinə çevrilib.

Koronavirus: tarixin gedişini dəyişən


Amerikada çiçək xəstəliyi və iqlim dəyişikliyi

XV əsrdə Amerika qitəsinin müstəmləkəyə çevrilməsi çox sayda insanın ölümüylə nəticələnib və bu, iqlim dəyişikliyinin səbəblərindən biri kimi də göstərilir.

University College London alimlərinin araşdırmasına görə, təkcə XIV əsrdə dünya əhalisinin 10%-inin yaşadığı ərazidə 60 milyon insandan cəmi 5-6 milyonu sağ qalıb.

Bu ölümlərin çoxuna müstəmləkəçilərin “gətirdiyi” xəstəliklər səbəb olub.

Ən çox insan tələfatına çiçək xəstəliyi yol açıb. Sonrakı yerlərdə bubonik vəba, malyariya, qızdırma və xolera epidemiyaları gəlir.

Bu xəstəliklər dünyanın digər bölgələrinə də zərər vurub.

Sağ qalmış az sayda insan torpaq sahələrinin hamısında əkin işləri apara bilmədiyi üçün çox böyük sahələr meşəyə və ya çöllüyə çevrilib.

Təxminən 560 min kvadrat kilometrlik ərazi, yəni az qala Keniya böyüklüyündə sahə belə dəyişiklərə məruz qalıb.

Alimlər hesab edirlər ki, vulkanik partlayışlar və günəş aktivliyinin azalmasıyla yanaşı, “Kiçik buz dövrü” adlandırılan temperatur azalması həm də bu hadisəylə bağlıdır.

Maraqlıdır ki, qıtlıqdan ən az əziyyət çəkən Avropa nəticə etibarilə bundan ən çox təsirlənən yer olub.

Koronavirus: tarixin gedişini dəyişən


Sarı qızdırma və Haitinin Fransaya üsyanı

Haitidə meydana gələn epidemiya Fransanın Şimali Amerikadan çıxmasıyla nəticələnib. Ardınca o ərazidə getdikcə böyüyən və güclənən dövlət ABŞ olub.

1801-ci ildə avropalı müstəmləkiçilərə qarşı bir neçə üsyan baş verdikdən sonra Haitidə hakimiyyətə Fransayla əməkdaşlıq edən Toussaint Louverture gəlib.

Fransa lideri Napoleon Bonaparte hakimiyyətdə ömürlük qalacağını açıqlayandan sonra bütün adaya nəzarəti ələ keçirmək üçün Haitiyə onminlərlə əsgər göndərib.

Döyüş meydanında uğur qazanan Fransa əsgərlərinin qarşısını sarı qızdırma kəsib: epidemiya nəticəsində 50 min əsgər, zabit, həkim və dənizçi həlak olub, geriyə ancaq 3000 nəfər qayıda bilib.

Avropalıların Afrika mənşəli xəstəliyə qarşı təbii immunitetləri olmayıb. Silahlı qüvvələri dağılan və demoralizasiyaya uğrayan Napoleon Haitini tərk etməklə yanaşı, Şimali Amerikayla bağlı bütün planlarından vaz keçib.

Haitidəki üsyanı yatırmaq üçün başlatdığı uğursuz hərbi əməliyyatdan cəmi 2 il sonra o, 2 milyon kvadrat metrdən çox ərazini ABŞ-a satmaqla (Tarixdə “Luiziana alveri” olaraq bilinir) bu gənc ölkənin iki dəfə böyüməsinə fürsət verib.

Koronavirus: tarixin gedişini dəyişən


Afrikada mal-qara vəbası və müstəmləkəçilik

Heyvanları öldürən epidemiya Avropanın Afrikanı müstəmləkəyə çevirməsini sürətləndirib.

1888-1897-ci illərdə mal-qara vəbası virusu (rinderpest) Afrikadakı heyvanların 90 faizini məhv edib; Afrika Buynuzu, Qərbi Afrika və Cənub-Qərbi Afrikadakı icmalara böyük zərər dəyib.

İribuynuzlu heyvanların qırılması toplumda aclığa və çöküşə səbəb olub, insanların epidemiya bölgələrindən qaçmasına gətirib çıxarıb. Şumlama işlərində əsasən öküzlərdən istifadə olunduğu üçün epidemiyadan sonra əkin yerlərinin çoxu istifadəsiz qalıb.

Xəstəliyin qitədə yaratdığı xaos XIX əsrin sonlarında Afrikanın böyük ərazilərinin Avropa ölkələri tərəfindən müstəmləkəyə çevrilməsini asanlaşdırıb.

Bu plan mal-qara vəbasından bir neçə il əvvəl tərtib edilib.

1884-85-ci illərdə Berlində keçirilən bir konfransda 14 Avropa ölkəsi, o cümlədən, Birləşmiş Krallıq, Fransa, Almaniya, Portuqaliya, Belçika və İtaliya Afrikayla bağlı planlarını müzakirə ediblər və tədbirdən sonra bu planlar rəsmiləşdirilib.

Sonrakı dövrdə qitədə ciddi dəyişikliklər baş verib. 1870-ci illərdə Afrikanın yalnız 10%-i Avropanın nəzarətində olduğu halda, 1900-cü illərdə bu göstərici 90%-ə çatıb. Epidemiyanın yaratdığı xaos ədalətsiz torpaq alış-verişinin genişlənməsinə yardım edib.

Efiopiya əhalisinin az qala üçdə biri qıtlıqdan öldüyü üçün 1890-cı illərin əvvəllərində İtaliya başqa bir Afrika ölkəsi olan Eritreyaya yönəlib.

Koronavirus: tarixin gedişini dəyişən


Vəba və Minq xanədanlığının sonu

Minq xanədanlığı Şərqi Asiyanın böyük bir hissəsində siyasi və mədəni təsir vasitələrindən istifadə edərək Çini az qala 300 il idarə edib. Ancaq qorxunc bir epidemiya Minqlərin hakimiyyətinə son qoyub.

164-cü ildə Çinin şimalında başlayan epidemiya kütləvi insan təlafatına səbəb olub. Bəzi bölgələrdə əhalinin 20, bəzilərində 40 faizi ölüb. Vəbanı qıtlıq və çəyirtkə hücumları müşayət edib.

Tarlalarda məhsul tapmayan insanlar həm də acından ölüblər, bəziləri ölənlərin meyitlərini yeməyə başlayıblar.

Böyük ehtimalla, böhran bubonik vəbayla malyariyanın birləşməsindən yaranıb. Bu epidemiyanın xanədanlığı çökdürmək üçün şimaldan gələn istilaçılar vasitəsilə yayıldığı ehtimal olunur.

Xaos bölgəyə quldur basqınlarının sayını artırıb, ardınca həmin ərazidə yüzillər boyu davam edən Qinq xanədanlığı qurulub.

Həmin dövrdə Minq lideri xəstəymiş, üstəlik, ölkədə korrupsiya və qıtlıq problemləri də varmış. Ölkə boyu yayılan ölümcül epidemiya onun hakimiyyətinin çox sürətlə bitməsinə gətirib çıxarıb.

Koronavirus: tarixin gedişini dəyişən


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz