Mixail Saakaşvili aclıq aksiyasını dayandırmaq üçün şərtini AÇIQLAYIB
Tarix: 12-11-2021, 17:48
Gürcüstanın həbsdə olan keçmiş lideri Mixail Saakaşvili deyib ki, mülki xəstəxanaya köçürüləcəyi təqdirdə aclıq aksiyasına son qoyacaq. O, 43 gündür ki, aclıq aksiyası keçirir. Noyabrın 8-də o, öz iradəsi əleyhinə həbsxananın xəstəxanasına köçürüldüyünü bildirib.
Civilazerbaijan.com bildirir ki, dünən Gürcüstanın Xüsusi Penitensiar Xidməti Mixail Saakaşvilinin Qldani həbsxanasının tibb müəssisəsinə köçürülməsini əks etdirən videonu yayıb.
Gürcüstanın ədliyyə naziri bildirib ki, görüntülər keçmiş Prezidentin Rustavi həbsxanasından guya "oğurlanaraq" Qldani həbsxana xəstəxanasına zorla gətirildiyini və orada "həbsxana əməkdaşlarının hücumuna məruz qaldığı" ilə bağlı ittihamları təkzib etmək üçün yayımlanıb.
Rati Breqadze əlavə edib ki, video Saakaşvilinin təcili yardım avtomobilini tərk etmək istəməməsini və həbsxana işçilərini təhqir etməsini göstərir. Lakin sabiq Prezidentin vəkili deyib ki, video Mixail Saakaşvilinin iradəsi əleyhinə aparıldığını, ona qarşı işgəncə səciyyəli rəftarın olduğunu təsdiqləyir.
Mixail Saakaşvili Gürcüstana oktyabrın əvvəlində qayıtdıqdan sonra həbs olunub. Bütün bu müddət ərzində etiraz aksiyalarına qatılan Saakaşvilinin tərəfdarları və müdafiəçiləri onun mülki klinikaya köçürülməsini tələb ediblər.
Saakaşvili qiyabi mühakimə olunub və 2004-2012-ci illərdə hakimiyyətdə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
BBC-nin məlumatına görə, keçmiş lider ittihamları rədd edir və siyasi motivlərlə həbs olduğunu deyir.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər