Qətərdə futbol üzrə dünya çempionatı başlayıb

Xəbərin çap versiyası
Tarix: 20-11-2022, 22:12


Bu gün futbol üzrə dünya çempionatına start verilib.

Civilazerbaijan.com
bildirir ki, sayca 22-ci olan mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gəlib.

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayıb. 60 minlik azarkeş tutumuna malik "El-Bayt" stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edib.

Ekvador millisi 2-0 hesabı ilə qalib gəlib.

Hər iki qol ilk hissədə vurulub. Enner Valensiya 16-cı və 31-ci dəqiqələrdə fərqlənib.

Görüşdən əvvəl açılış mərasimi gerçəkləşib. Tədbir Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki 60 min tamaşaçı tutumuna mali "El-Bayt” stadionunda baş tutub.

Mərasimdə Cənubi Koreyanın Kpop qrupu BTS-in üzvlərindən Çon Conquk "Dreamers” musiqisini ifa edib. Həmçinin bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər.

Qeyd edək ki, turnir ilk dəfədir ki, Yaxın Şərqdə keçirilir. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşüb. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionatdır. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.

İndiyədək final mərhələlərində 79 ölkə iştirak etmişdi. Qətər ilk dəfə yarışa qatılır və beləliklə, millilərin sayı 80-ə çatıb. Əvvəlki 21 turnirdə 8 komanda çempionluq sevinci yaşayıb. Braziliya 5, İtaliya və Almaniya 4, Uruqvay, Argentina və Fransa 2, İngiltərə ilə İspaniya hərəyə 1 dəfə qalib olublar.

Sonuncu mundialda - 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

DÇ-2022-nin qalibi 40 milyon ABŞ dolları qazanacaq. İkinci yeri tutan milliyə 30 milyon, üçüncü yerin sahibinə 27 milyon dollar veriləcək. 4-cü olan kollektiv isə 25 milyon dollar alacaq.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz