Biz Macarıstanın Amerikanı 'düşmən' adlandırmasını nə başa düşə, nə də qəbul edə bilərik - ABŞ SƏFİRİ

Xəbərin çap versiyası
Tarix: 15-03-2024, 12:16

Foto açıq mənbəlrdən götürülüb

ABŞ-ın Macarıstandakı səfiri Budapeştə onun Rusiya ilə genişlənən münasibətlərinə görə xəbərdarlıq edib və Macarıstanın NATO-ya qoşulmasının 25-ci ildönümünə həsr edilmiş çıxışında “legitim narahatlıq məsələlərinə” toxunub.

Civilazerbaijan.com
bildirir ki, səfir Devid Pressman (David Pressman) martın 14-də deyib ki, Macarıstan, köhnə dost və müttəfiq olmasına baxmayaraq etimad və dostluğa kölgə salan hərəkətlərə yol verib.

Pressmanın sözlərinə görə Macarıstanın NATO müttəfiqləri də bu qənaətdədirlər və bu məqam “görməzliyə vurula bilməz”.

Pressman ABŞ səfirliyinin təşkil etdiyi mərasimdə vurğulayıb ki, Macarıstan ABŞ-ı “düşmən” adlandırır və onu dost və müttəfiqlərindən təcrid edən seçimlər edir.

Səfirin sözlərinə görə Macarıstan Milli Məclisi spikerinin Putinin Ukraynadakı müharibəsinin əslində ABŞ tərəfindən aparıldığını deməsi “diqqətdən kənarda qala bilməz”:

"Biz baş nazirin Birləşmiş Ştatları Macarıstanın əsas düşməni kimi səciyyələndirməsini nə başa düşə, nə də qəbul edə bilərik”.

Amma Orban 1999-da başqa cür danışırdı...

Pressman əlavə edib ki, Macarıstanın müttəfiqləri onun Rusiya ilə yaxınlığı və genişlənən münasibətləri barədə ona xəbərdarlıq edirlər.

Səfirin sözlərinə görə “əgər bu, Macarıstanın siyasi qərarıdırsa, onda müttəfiqlər də ümumi təhlükəsizliklərini qorumaq barədə düşünməli olacaqlar”.

Qərb hökumətləri Ukraynaya qarşı tammiqyaslı müharibə aparan Rusiya ilə Macarıstanın isti münasibətlərindən çoxdan bəri narahatdırlar.

Budapeşt və Vaşinqton arasında münasibətlər həm də Macarıstanın İsveçin NATO üzvlüyünə əngəl yaratmasından sonra korlanıb.

Səfir xatırladıb ki, Viktor Orban 1999-cu ildə baş nazir seçiləndə onun ölkəsi NATO-ya qoşulmuşdu. O vaxt Orban demişdi ki, onun ölkəsi nəhayət ki, Qərb sahilində lövbər atıb.

Budapeştin dedikləri və etdikləri

Pressman vurğulayıb ki, Macarıstan ABŞ-ı və başqa müttəfiqləri açıq şəkildə Ukraynaya hərbi yardımları dayandırmağa çağırıb:

"Birləşmiş Ştatlar da sülh istəyir. Biz bu müharibənin bitməsini istəyirik. Amma Macarıstanın istəyi reallığı əks etdirmir”.

Səfir bildirib ki, narahatlıq doğuran təkcə Budapeştin dedikləri yox, həm də etdikləridir.

Diplomat qeyd edib ki, Macarıstan müstəqil mediaya qarşı sistematik mübarizə aparır və müstəqil jurnalistləri təqib edir.

ABŞ səfiri eyni zamanda hakim partiyanın ölkədə bütün sahələri ələ keçirməsini və partiya liderlərinin biznesləri, onların ailələri və dostları üçün əlverişli şərait yaratmasını pisləyib.

Pressman deyib ki, ABŞ Macarıstan hökuməti ilə dialoq istəyir və bu münasibətlərin “demokratik dəyərlərə, ümumi təhlükəsizliyə və firavanlığa əsaslanmasını arzulayır”.

Baydenin bəyanatı Budapeştin xətrinə dəyib

Bu həftənin əvvəllərində Pressman Macarıstan XİN-ə dəvət edilmiş və ona prezident Co Baydenin bəyanatı ilə bağlı etiraz bildirilmişdi.

Bayden Viktor Orbanın bu yaxınlarda keçmiş prezident Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsinə qonaq getməsindən danışmışdı.

Bayden bildirmişdi ki, Orban demokratiyaya inanmadığını isbata yetirib.

Macarıstanın xarici işlər naziri Orbanın belə bir söz demədiyini söyləmiş və bildirmişdi ki, “Budapeşt heç kimin, hətta ABŞ prezidentinin yalanlarına dözməyə məcbur deyil”.

AzadlıqRadiosunun məlumatına görə, sonradan ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Baydenin bəyantını geri götürməkdən imtina edəndən sonra iki ölkə arasında münasibətlər daha da soyuqlaşıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz