Aİ Kyivə “Ukrayna fondu” üzərindən ilkin maliyyə yardımı ayırıb

Xəbərin çap versiyası
Tarix: 22-03-2024, 13:38


Avropa İttifaqı bu ayın əvvəli təsis edilən 50 milyard avroluq “Ukrayna fondu” üzərindən Ukraynaya 4,5 milyard avro həcmində ilkin maliyyə yardımı ayırıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen çərşənbə günü Brüsseldə Ukraynanın Baş naziri Denis Şmiqalla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında məlumat verib.

“Komissiya Ukrayna Fondundan 4,5 milyard avro məbləğində birinci tranşı indicə ödəyib. Bu ödəniş Ukraynaya bu çətin anda dövlətin fəaliyyətini saxlamağa kömək etmək üçün çox vacibdir”, von der Leyen qeyd edib.

Ukrayna Baş naziri Denis Şmiqal ötən gün həmçinin “Ukrayna fondu” vasitəsilə ayrılan maliyyə yardımının xərclənəcəyi dövlət proqramlarının əks etdirən “Ukrayna planı”nı Avropa Komissiyasının Prezidentinə təqdim edib.

“Ursula von der Leyenlə görüş zamanı mən Ukrayna hökuməti tərəfindən təsdiq edilmiş “Ukrayna Planı”nı təhvil verdim. Bu, Ukraynanın Aİ yolunda islahatların həyata keçirilməsi və maliyyə sabitliyi üçün mühüm addımdır”, Şmiqal X səhifəsində yazıb.

Aİ büdcəsi daxilində “Ukrayna Fondu”nun yaradılması təşəbbüsünü 2023-cü ilin iyununda Avropa Komissiyası irəli sürüb. Avropalı liderlərin maliyyə fondunu dekabr ayında baş tutan sammitdə təsdiqləməsi gözlənilsə də, Macarıstan buna veto qoymuş və bunu Ukraynanın İttifaqın üzvü olmaması ilə əlaqələndirmişdi.

Ancaq fevralın 1-də Brüsseldə xüsusi sammitdə bir araya gələn avropalı dövlət və hökumət başçıları 50 milyardlıq yardım paketinin ayrılması barədə razılığa gələ bilmişdilər.

Fevralın 27-də isə Avropa Parlamenti böyük səs çoxluğu ilə Ukraynaya 50 milyard avroluq maliyyə fondunun ayrılmasını təsdiqləyib.

2024-2027-ci illər üçün nəzərdə tutulan “Ukrayna fondu”nun 33 milyardı kredit, 17 milyardı isə qrantlar şəklində ayrılacaq.

Fond Ukraynaya müharibənin sosial, iqtisadi və ekoloji nəticələrini aradan qaldırmaq, ölkənin bərpası və yenidən qurulması, habelə Aİ-yə üzvlük yolunda zəruri islahatların həyata keçirilməsinə yardım məqsədi daşıyır.

Amerikanın Səsinin məlumatına görə, Ukrayna hökuməti maliyyə yardımını ala bilmək üçün həyata keçirdiyi islahatlar və tədbir planlarını “Ukrayna planı” şərti adı altında Avropa Komissiyasına təqdim etməlidir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz