Azərbaycan Ukrayna ilə aqrar sahədə əmtəə dövriyyəsini genişləndirəcək

Xəbərin çap versiyası
Tarix: 13-03-2017, 21:00
Azərbaycan Ukrayna ilə aqrar sahədə əmtəə dövriyyəsini genişləndirəcək

Aqrar-sənaye kompleksi və əmtəə dövriyyəsinin genişləndirilməsi sahəsində ticari-iqtisadi münasibətlərin qarşılıqlı fayda əsasında planauyğun inkişafı Ukrayna ilə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

civilazerbaijan.com xəbər verir ki, Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Kutovoy iqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşdə bu barədə məlumat verib.

Nazir T.Kutovoy deyib: “Ukrayna dünyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi sistemində güclü oyunçudur. Ölkəmizin aqrar-sənaye kompleksi istehsalatı genişləndirməklə bərabər, məhsul ixracını da artırır. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında əmtəə dövriyyəsini genişləndirmək üçün hər cür şərait var”.

Aqrar idarənin başçısı Azərbaycan nümayəndə heyətinin üzvlərini Ukraynada islahatların gedişi - kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi, torpaq islahatı, dövlət müəssisələrinin özəlləşdirilməsi, sanitariya və fitosanitariya tələblərinin təmin edilməsi, üzvi məhsullar bazarının inkişafı prosesi ilə tanış edib.

Nazir Taraş Kutovoy deyib: “Ukraynalı aqrarların məhsulları xarici bazarlarda ildən-ilə populyarlaşır. Bu, Ukrayna məhsullarının yüksəkkeyfiyyətli və rəqabətədavamlı olduğunu göstərir. Hesab edirəm ki, bu məhsullar Azərbaycan alıcısının da xoşuna gələcək”.

Azərbaycan tərəfi istər say göstəricilərində, istərsə də təchizat nomenklaturasının genişləndirilməsində, o cümlədən Ukraynadan günəbaxan yağı, taxıl məhsulları, soya, qarğıdalı, ət, şokolad idxalında; Ukraynaya tərəvəz, fındıq, şərab, çay və s. məhsullar ixracında bu ölkə ilə əmtəə dövriyyəsinin artmasında maraqlı olduğunu bildirib.

Məlumatda deyilir ki, Azərbaycan nümayəndə heyəti Ukrayna aqrar sektorunun investisiya layihələrində iştirakı da perspektivli sayır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz