BNA avtobuslarda eyniləşdirmə kodlarının tətbiqinə başlayıb
Tarix: 19-05-2017, 10:36
Bakı Nəqliyyat Agentliyinin (BNA) paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlayıb. Yaxın vaxtlarda bu tələblərlə bağlı ictimaiyyətə məlumat veriləcək.
SİVİL.AZ xəbər verir ki, BNA-dan verilən məlumata görə, sərnişindaşımalarda istifadə edilən avtobuslarla bağlı müəyyən edilən tələblər sırasında ən vacibi avtobusların banının ön, arxa və yan tərəflərinin üzərində BNA-nın verdiyi eyniləşdirmə kodunun və “141 Çağrı Mərkəzi”nin nömrəsinin olmasıdır. Məqsəd, sərnişindaşıma sahəsində əhaliyə göstərilən xidmətin keyfiyyətini artırmaq və dövlət nəzarətini daha da təkmilləşdirməkdir. Artıq agentliyin tələbi və birbaşa nəzarəti altında bu məlumatların avtobuslar üzərində vurulmasına başlanılıb.
“BNA-nın “ALO 141” Çağrı Mərkəzi vətəndaşlara daha rahat və operativ formada əlaqə saxlamaq, yaranmış problemlərlə bağlı onları maraqlandıran suallara dərhal cavab almaq imkanı verir. Əsas hədəfimiz ictimai nəqliyyat xidməti sektorunda vətəndaş məmnunluğunun təmin edilməsi, bu istiqamətdə yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltməkdir. Müvafiq tələblərə uyğun olaraq, avtobusların üzərində və salonunda ayrı-ayrı daşıyıcılara məxsus qaynar xətt nömrələri də ləğv edilir. Bununla da ictimai nəqliyyatla bağlı şikayət və müraciətlərin vahid mərkəzdə toplanması və mövcud çatışmazlıqların daha operativ aradan qaldırılması təmin ediləcək. Yaxın vaxtlarda “Çağrı Mərkəzi”nin internet portalı da istifadəyə veriləcək. İstifadəçilər portala daxil olmaqla, paytaxt yollarındakı vəziyyət, marşrutların hərəkət qrafiki və trayektoriyası, dayanacaqlar, eləcə də paytaxtın nəqliyyat sistemi ilə bağlı digər məlumatlarla tanış ola biləcəklər”, - deyə məlumatda qeyd olunur.
Avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları isə ictimai nəqliyyatda ilk dəfə tətbiq edilir. 5 rəqəmdən ibarət eyniləşdirmə nömrəsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. BNA-nın tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək. Eyniləşdirmə nömrələrinin məhz bu formada avtobusun daxili və xarici tərtibatında yer alması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlər nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq.
Qeyd edilənlərlə yanaşı sərnişin avtobusların xaricinə və salonuna nəqliyyat vasitəsinin fəaliyyət göstərdiyi marşrut xəttinin nömrəsi, keçdiyi dayanacaq məntəqələrinin ardıcıllığı, gediş haqqının məbləği ilə bağlı məlumatlandırıcı, eləcə də ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirici lövhələr də vurulub. (APA)
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər