Musiqili Teatrda Beynəlxalq Teatr Günü qeyd olunub
Tarix: 28-03-2017, 14:02
Azərbaycan Dövlət Musiqili Teatrında 27 mart Beynəlxalq Teatr Günü qeyd edilib.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrının Təbriz Teatrı ilə birlikdə hazırladığı müştərək Beynəlxalq layihə olan “Bəxtəvər” şou-tamaşası nümayiş olunub.
“Beynəlxalq Teatr Günündə təqdim etdiyimiz “Bəxtəvər” şousu teatr ictimaiyyətimiz üçün bir sıra yeniliklərlə zəngindir. Bu musiqili, komik səhnə əsəri Təbriz Teatrı ilə birlikdə hazırladığımız Beynəlxalq layihədir. Mədəni turizmin inkişafına töhfə kimi reallaşdırdığımız bu layihə düşünürəm ki, çox uğurlu alındı. Tamaşanın biletləri ölkəmizlə yanaşı, İran İslam Respublikasının turizm şirkətlərində də satılırdı. Təbrizdə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin baş rolu ifa etməsi “Bəxtəvər” tamaşasına İranda da böyük maraq yaratmışdı. Novruz Bayramı günlərində turist kimi ölkəmizə gələn İran İslam Respublikasının vətəndaşları “Bəxtəvər” şousunu böyük maraq və sevgiylə izlədi. Tamaşaçıların sevgi və çoşqusu layihəmizin nə dərəcədə uğurlu alınmasının göstəricisi idi. Qeyd edim ki, Təbriz Teatrının rəhbəri Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir. Musiqili Teatr olaraq bundan sonra da belə uğurlu layihələri həyata keçirməyə çalışacağıq”, - deyə layihənin ideya müəllifi və bədii rəhbəri, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev söyləyib.
Qeyd edək ki, layihənin əlaqələndiricisi İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin kordinatoru Atabəy Nadiridir.
Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri (İran İslam Respublikası, Təbriz Teatrı), Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov (Azərbaycan Respublikası, Dövlət Musiqili Teatrı) ifa ediblər.
Tamaşanın quruluşçu rejissoru İran İslam Respublikasının nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamali, quruluşçu dirijoru, Əməkdar incəsənət xadimi Fxərəddin Atayev, quruluşçu balaetmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor asisstenti Elməddin Dadaşovdur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər