“Vecsiz, biganə, soyuq adam...” - Əməkdar artist həm də yaşça kiçik ərindən danışdı

Xəbərin çap versiyası
Tarix: 8-06-2017, 19:56
“Vecsiz, biganə, soyuq adam...” - Əməkdar artist həm də yaşça kiçik ərindən danışdı


SİVİL.AZ Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Naibə Allahverdiyevanın Ailem.az-a müsahibəsini təqdim edir.

- Naibə xanım, bir müddət əvvəl səhhətinizdə problem yaranmışdı. İndi özünüzü necə hiss edirsiniz?

- Özümü əvvəlkinə nisbətən bir az yaxşı hiss edirəm. Amma əsəb gərginliyim hələ davam edir. Həyatdır da. Həyatda çox şeylər olur. Bu, illərin əsəbidir üst-üstə yığıldı, bəlkə də öz səhvlərim ucbatından oldu. Hər hansı bir addımı atanda çox fikirləşmək lazımdır. İnsan bəzən elə bir addım atır ki, sonra onun altını çəkir. Mənim də yəqin ki, həyatımda bəzi səhvlərim olub. Mən çox sadəlövh adamam. İnsanlara çox inanıram, hərdən aldanıram. Mən səhnədə artistəm, həyatda isə oynaya bilmirəm. Amma real həyatda elə artistlər var ki, biz onların yanında yalanıq. Özümü tərifləmək üçün demirəm, mən həyatda düz insanam. Yalan danışmağı, kimisə aldatmağı sevmirəm. Söz verdimsə, onun arxasında dururam. Amma başqa şeylər görəndə artıq dözə bilmirəm. Əsəblərim tab gətirmir. Yalanı, xəyanəti heç cür qəbul edə bilmirəm. Deyirlər, uman yerdən küsərlər. Düzdür, kiməsə nəsə edəndə təmənnasız etmək lazımdır. Amma çəkdiyin əziyyətin müqabilində bir heçə çevrilirsənsə, zəhmətin heçə gedirsə, insana pis təsir edir.

- Müalicəniz hələ də davam edir?

- Xəstəxanada yatdım. Sonra çıxdım. Hazırda sanatoriyada müalicə olunuram. İşə çıxıram. Tamaşalarım, məşqlərim olur. Mən oynadığım tamaşaların qastrol səfəri yoxdur. Amma aktyor üçün qastrol səfərləri yaxşıdır. Beyin açılır, əhval-ruhiyyə dəyişir.

- Yeni ailə qurmusunuz. Keçirdiyiniz stress, əsəb ailənizlə bağlı idi? Yanıldınız?

- Bu, yanılmaq söhbəti deyil. Sadəcə olaraq mən hədindən artıq çox qısqancam. Belə tezliklə demək olmur axı yanıldım, yoxsa yanılmadım. İnsanların bir-birini tanıması üçün illər lazımdır. Sadəcə olaraq biz çox mübahisə edirik. Hər mövzuda. Təklikdən, tənhalıqdan yoruldum və istədim ki, tez bir zamanda ailəm olsun. Həm də elə bir xasiyyətim var ki, məndə ya hə olmalıdır, ya yox. Mənim ailəm varsa, orada xəyanət ola bilməz, mən onun kökünü kəsəcəm. Mən belə başa düşürəm ki, deyəsən kişilərin hamısı xəyanət edir. Hərdən yolda görürsən hansısa kişi mənə baxır, az qalıram onunla dalaşam ki, sən niyə mənə baxırsan, sən niyə öz arvadına xəyanət edirsən? Bu, məndə ailə qurandan sonra daha çox olub. Ürəyimdə fikirləşirəm ki, deməli, bütün kişilər xəyanətkardırlar. Axı biz qadınlar niyə belə deyilik? Biz bunu bacarmırıq. Axı biz də insanıq, bizim də qəlbimiz var. Kişilərin 95 faizi xəyanətkardır, 5 faizi ola bilər xəyanət eləməsin - o da ya pulsuzluqdan, ya da hansısa xəstəliyi var.

- Heç deyirsinizmi ki, gərək bir-birimizi daha yaxşı tanıyardıq, sonra ailə qurardıq?

- Qoy bu, mənim özümdə qalsın. Biz uzun müddət bir yerdə olmadıq. Mənim həyatımda bir boşluq var idi. Mən sevmədiyim insanla heç bir ünsiyyətə girə bilmərəm. Ona görə də demək olar ki, tənha qalmışdım. Adam var, sevmir, sadəcə olaraq ünsiyyətə girir ki, təki həyatında kimsə olsun. Amma mən belə deyiləm. Mən gərək bir insanı sevim, vurulum. Məndə çox qəribə xasiyyətlər var. Bu cür olmaq da məni daxilən incidir. Hərdən deyirəm ki, kaş mənə başqa xarakter verəydilər. Bir az vecsiz, biganə, soyuq adam olardım. Onda elə xoşbəxt olardım ki... Lakin indiki xarakterimlə mən xoşbəxt deyiləm.

- Həyat yoldaşınızı da sevdiniz?

- Sözün açığı, mən onu sevdim. O, məni bu sevgiyə məcbur etdi. Özünü mənə sevdirdi. Mənim ürəyimdə ümumiyyətlə, sevgi deyilən şey yox idi, sevgi üçün darıxmırdım. Sadəcə tənhaydım. Sənətimdə də bir az enişlər var idi. Amma sevgi acı deyildim. Gözləmirdim ki, həyatıma hansısa sevgi gələcək. Hətta bu hisslər demək olar ki, məndə ölmüşdü. Hərdən mənə sevgidən danışırdılar, mən də deyirdim sevgi nədir? Həyatda sevgi var? Mən belə düşünürdüm. Amma sevgi nə zamanı gözləyir, nə yaşa baxır, gözlənilmədən öz-özünə gəlir. Mənim də o dövrüm həyatımda olan boşluğa düşdü. Sənətimlə bağlı boşluq var idi həyatımda. Dostla bağlı boşluq vardı.

Mən insanlarla ünsiyyətə girirəm, amma çox dost ola bilmirəm. İnsanları özümə çox yaxın buraxa bilmirəm. Tək qalmağı xoşlayıram, amma tənhalıqdan qorxuram. İçimin, iç dünyamın tənha olmasından qorxuram. Tıq-tıq xanım deyir, gedirəm özümə dost axtarmağa. Onun günündə idim. Lap yaxın bir rəfiqəyə ehtiyacım vardı mənim. Deyirdim yaxın rəfiqəm, yaxın bir insan olsun. Ürəklə kiməsə yaxınlaşırdım, istəyirdim aramızda saf dostluq olsun, amma bir az yaxınlaşan kimi aləm qarışırdı bir-birinə. Üzümü çevirəndə hiss edirdim ki, arxamca nəsə iş çevirir. Artıq qorxmağa başladım. Ona görə çəkildim kənara, tam tənhalığa qapıldım. Özümə qapandım. Sonra birdən-birə bu insan gəldi girdi həyatıma. Bu da təsadüfi olan bir şey idi. Özünü elə apardı ki, dedim bu insan mələkdir. Öz-özümə dedim ki, axtardığım insan sən demə bu imiş.

Həyat çox mürəkkəbdir. İnsan yaşa dolduqca bunu daha çox hiss etməyə başlayır. Bircə onu istəyirəm ki, hər şeyi həyatın axırına buraxım. Hər şeyə, hər kəsə diqqət yetirməkdən bezdim. Bu, niyə belə elədi, o niyə belə elədi... Bu hisslərdən azad olmaq istəyirəm. Bəzən istəyirəm harasa qaçım gedim. Heç kəsə heç nə demədən. Sadəcə olaraq elə şeylər var ki, mən onları qoyub gedə bilmirəm. Övladım var, onu qoyub gedə bilmirəm. başqa şeylər də var ki, qoyub gedə bilmirəm. Hərdən istəyirəm kimsəsiz bir yerdə balaca evim olsun, orda güllər əkim, becərim, çoxlu heyvanlar saxlayım. Quşlarım, göyərçinlərim olsun, ömrümün axırına qədər onlarla məşğul olum.

- İnsanlardan bezmisiniz?

- İnsanları sevirəm. sadəcə olaraq bizim dövrün insanları üçün indi yaşmaq çətindir. O dövrdə insanların bir-birinə münasibəti başqa idi, saflıq, insansevərlik var idi. Mənim on illərlə rəfiqəlik etdiyim insanlar olub, heç vaxt bir-birimizə xəyanət etməmişik. O dövrdə kişi dediyi sözün üstündə durardı. O dövrdə tərbiyə alan bir insan birdən-birə belə bir mühitə düşür. İnsan dəhşətə gəlir ki, necə yaşamaq olar? Yaxın rəfiqələrimin hərəsi bir tərəfə dağıldı. Xaricə getdilər, itirdik bir-birimizi. Roza Rəhimli yaxın rəfiqəm idi, ailə qurub Türkiyədə yaşayır. Onun çox gözəl xasiyyəti vardı, dünyanı vecinə almırdı. Onun yanında olanda həyat mənə çətin gəlmirdi. Mənə xoş enerji verirdi. Ondan nə zaman soruşurdum deyirdi hər şey yaxşıdır, əladır. Onun bu xasiyyətinə paxıllıq edirdim, deyirdim, kaş mən də sənin kimi olardım. Mənə həmişə deyirdi ki, hər şeyin çox dərininə getmə.

- Qızınız necədir? Ana-bala münasibətiniz normaldır?

- Qızım böyüyüb. Xarici Dillər Universitetinin 3-cü kursunda oxuyur. Ana-bala münasibətimiz yaxşıdır. Qızım məni çox sevir. Düzdür, bir az ərköyün qızdır. Gəncdir, dünyaya öz baxışı var. Üzdə göstərmir, amma lazım gələndə məni müdafiə edir. Sadəcə olaraq onun xasiyyətidir, istədiyini göstərmir. Mənə deyir ki, sən sevgini çox biruzə verirsən. Gərək belə olmayasan. Mən də ona cavab verirəm ki, yaradıcı insanam, belə insanlar öz hisslərini tez büruzə verirlər - nifrətlərini də, sevgilərini də. Sevmədiyim insanın üzünə gülə bilmərəm. Deyirlər incəsənət, şou-biznes adamları buradan öpüşürlər, oradan bir-birinin arxasınca danışırlar. Amma mən bu kateqoriyaya aid deyiləm. Mən bir insanı sevmirəmsə, sadəcə salam verirəm, amma ona göstərirəm ki, səni qəbul etmirəm, sevmirəm. Bu xasiyyətlə də həyatda yaşamaq çox pisdir. Bu xasiyyət insanı geri atır.

- Qızınızla rəfiqəsiniz, yoxsa aranızda ana-bala sərhəddi var?

- Rəfiqə deyilik. Aramızda ana-bala sərhəddi var. Amma bir-birimizi sevirik. Mən konservatoram, o isə müasir dünyanın insandır. Bununla belə, mən ondan razıyam, ağıllı, tərbiyəli qızdır, mən artıq onu yetişdirmişəm. Bilirəm ki, o heç vaxt lazımsız işlər görməz, tərbiyəsini qoruyan qızdır. Bu barədə mən ondan arxayınam. Amma tək böyüdüyü üçün ərköyündür.

- Qızınızı tək böyütdünüz. Sözsüz ki, çətin oldu. Daha çox nədə çətinlik yaşadınız?

- Mən onu özümlə teatra aparıb-gətirirdim. Qızım qucağımda ora qaçırdım-bura qaçırdım. Əlbəttə ki, mənim üçün çox çətin oldu. Uşaqlıqda da kaprizli idi, sakit uşaq olmayıb. Şuluq idi, səhərə kimi yatmırdı körpəlikdə. Səhərə qədər oyaq qaldığım vaxtlar olub. 6 yaşına qədər gecə-gündüz ağlayırdı. Onun əziyyətini çox çəkmişəm. hərdən ona deyirəm ki, sənə çox əziyyət, zəhmət çəkmişəm, deyir çəkməlisən də, anasan. Səndən xahiş etməmişdim ki.

- Bəzən deyirlər ki, evdə uşaq atadan çəkinir, özünü yığışdırır.

- Bu, düzdür. Amma mən ona həm ata, həm ana olmuşam. Bəlkə də bəzən həddən çox ciddi olmuşam. Bunu da qızımı qorumaq məqsədi ilə etmişəm. Əvvəllər hamı mənə deyirdi ki, qızını çox sıxırsan, belə olmaz. Məndən asılı deyildi bu, həyat, dəyərlərimiz, mentalitetimiz məni buna məcbur edirdi. Çalışırdım ona yaxşı təhsil verim. Oxumaqda bir az tənbəl idi, kitabı əlimə alırdım, mən oxuyurdum, o əzbərləyirdi. İndi isə sıxmıram. Bilirəm ki, ağlı başında olan bir qızdır. Təki Allah xoşbəxt etsin. Öz həyatını quracaq, yaşayacaq.

- Onun ailə həyatı qurmasına müdaxilə edəcəksiniz?

- Təbii ki. mən istəyirəm o, normal bir adamla ailə qursun. Amma onun öz seçimi də olmalıdır. Müasir uşaqlar deyir ki, mənim öz seçimim olmalıdır. Ali təhsilli qızdır. Əvvəl valideyn qızını kimə istəyirdi ona ərə verirdi. Amma indi elə deyil. İndi gənclər özləri seçim edirlər. Oğlanlar o qədər yox, əsasən qızlar özləri yarını seçir. Mən ona bəzi şeyləri başa salıram. Amma gələcəkdə kimi seçəcəyini bilmirəm. Dəfələrlə onu istəyən olub, narazılığını bildirib, deyib, öz həyatımdı, kimi sevsəm, ona da gedəcəm.

- Bir neçə uşağınız olmadığı üçün heyfsilənirsiniz?

- Hə, kaş 3-4 uşağım olardı. Çox istəyirdim, amma alınmadı. Bir az başım sənətə qarışdı. Mən bilmirdim belə olacaq. İndi bəzi aktrisalar 2-3 uşaq dünyaya gətirirlər, onları saxlayıb-böyüdürlər, sonra yenidən səhnəyə qayıdırlar. Amma mən həyatımı teatra, sənətə verdim. Əslində mən köməksiz oldum. Bəzilərinin valideynləri, bacıları kömək edir. Mənə isə heç kəs kömək etmədi. Mən o uşağı tək böyütdüm, çox çətinlik çəkdim.

- İndi ailəlisiniz. Övladınız olmasını istərdinizmi?

- Artıq gecdir. İndi səyyah olmaq istəyirəm. İstəyirəm bütün dünyanı gəzim.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz