Elxan Məmmədov: "Norveçlə oyun həlledici olacaq" - MÜSAHİBƏ

Xəbərin çap versiyası
Tarix: 27-03-2017, 16:31
Elxan Məmmədov: "Norveçlə oyun həlledici olacaq" -


SİVİL.AZ xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov millimizin DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyunundan (1:4) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. O, ilk olaraq oyun haqqında danışıb.

- Azarkeşlərimiz millimizə böyük dəstək oldular. Oyun zamanı stadionda yaxşı ab-hava vardı. Bundan başqa, bir çox azarkeş bilet çatmadı. Bileti olanların da bəziləri gecikdiyinə görə kənarda qaldılar. Dəfələrlə demişik ki, stadiona tez gəlin. Gələn azarkeşlərə milli komandanın adından təşəkkür etmək istəyirəm. Oyuna gəlincə, əsas odur ki, dünya çempionlarına qarşı cəsarətli futbol oynadıq. Hücum futbolu oynadıq, 11 nəfərlər arxaya çəkilmədik və qol sevinci də yaşadıq.

- AFFA-nın prezidenti Rövnəq Abdullayev adətən bütün oyunlara gəlsə də, onu bu gün stadionda görmədik...

- Rövnəq müəllim burda idi, sonradan getdi. Gedişi məğlubiyyətə görə deyildi. Mən Rövnəq müəllimin adından komanda ilə görüşdüm və "çox sağ ol" dedim.

- Oyundan sonra millimizin sabiq baş məşqçisi Berti Foqtsla görüşünüz oldu?

- Oyundan öncə görüşmüşdük. O, bizim oyunlarımızı izləyir və çox gözəl komandamız olduğunu dedi. Ümumilikdə, bəzi futbolçular barədə söhbət etdik. Şeydayev və Dəniz Yılmaz haqda məlumatı yox idi. Amma oyundan sonra Berti Foqtsu görmədim.

- Sizcə, belə oyunla qrupda ikinci pillədə qərarlaşmaq mümkündür?

- Təbii ki, uduzmaq yaxşı hal deyil. Amma biz dünya çempionuna qarşı oynamışıq və Almaniya millisinə seçmə mərhələdə ilk qolu biz vurduq. Düşünürəm ki, qol vurmamaqdansa, bu hesab daha yaxşıdır. Yəni, 1 qol vurmaq futbolçulara motivasiya verir və inam yaranır. Demək itəyirəm ki, “Niyə də yox?” kampaniyası hələ də aktualdır.

- Şimali İrlandiya ilə oyun həlledici olacaq, yoxsa mübarizə sona qədər davam edəcək?

- Yox. Məncə, Norveçlə oyun həlledici olacaq.

- Almaniyanın “Bild” qəzeti Renat Dadaşovun 1 milyon dollar və ev qarşılığında millimizi seçdiyini yazıb...


- Əslində bu xəbəri mənə keçən ilin dekabr ayında göndərmişdilər. Keçmişdə də Almaniya mətbuatında belə bir xəbər çıxmışdı. Sadəcə, gülməli xəbərdir. Bu yaxınlarda bizim hesabatımız oldu. Siz orda mənzil xərcləri görmüsünüz? (gülür) Deyəsən, Almaniya mətbuatı Renat Dadaşovun 16 yaşlılardan ibarət milli komandamızda oynamasını unudub. Fikrimcə, Renat Azərbaycanı 3 amilə görə seçdi. Valideynlərinin Azərbaycanda anadan olması, qardaşının bu komandada oynaması və 18 yaşında birbaşa əsas milliyə dəvət aldığına görə.

- Almaniyaya məğlubiyyətə görə komandaya mükafat veriləcək?

- Yox.

- Berti Foqts da Almaniya mətbuatına deyib ki, Azərbaycan millisini çalışdırdığı vaxtda İtaliya ilə səfərdəki oyundan sonra məğlubiyyətə görə yığmamıza mükafat verilirmiş.

- Yox, yadımda deyil. Heç belə bir söhbət olmayıb axı.

- Sizin adınızdan açılan Feysbuk hesabı ilə jurnalistlərə dostluq təklifləri gəlir...

- Mənim sosial şəbəkədə heç bir hesabım yoxdur. Biz Feysbuk şəbəkəsinə müraciət etmişik ki, o hesabı bağlasınlar.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz