Təhsil Nazirliyindən attestatlarla bağlı AÇIQLAMA
Tarix: 30-03-2017, 12:24
"Azərbaycanda orta ümumtəhsil müəssisəsinin şagirdlərinə xüsusi nümunəli və fərqlənmə attestatlarının verilməsi meyarları fərqli olacaq".
SİVİL.AZ xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib.
Onun sözlərinə görə, tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat, əla qiymətlərlə başa vuran məzunlara tam orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə tam orta təhsil haqqında adi attestat veriləcək:
”Xüsusi nümunəli və fərqlənmə attestatlarının verilməsi meyarları fərqlidir. Sinifləri əla qiymətlərlə bitirən, imtahan qiymətləri “əla” olan, fənn olimpiadalarında iştirak edən şagirdlərə xüsusi nümunəli attestat veriləcək. Əgər şagird hec bir yarışda iştirak etməyib, ancaq dərslərini oxuyubsa, biz bunu da itirə bilmərik. Buna görə də "əla" oxuyan, amma bilik yarışlarında, olimpiadalarda, digər layihələrdə iştirak etməyən və sertifikatı olmayan şagirdlərə fərqlənmə attestatları veriləcək”.
A.Əhmədov qeyd edib ki, xüsusi nümunəli və fərqlənmə attestatı alacaq şagirdlərin siyahısı buraxılış imtahanlarından sonra formalaşdırılacaq.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən yeni redaksiyada təsdiqlənmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” qaydasına əsasən, ümumi (adi və fərqlənmə) və tam orta təhsil pilləsində (adi, fərqlənmə və xüsusi nümunəli) təhsil alanlara attestat veriləcək. Yeni təhsil sənədləri şagirdlərə bu tədris ilindən başlayaraq veriləcək.
Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10 gün müddətində təqdim edilir.
Ümumi orta təhsil haqqında attestatın, tam orta təhsil haqqında attestatın və ya onların dublikatlarının hazırlanmasına və verilməsinə görə ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər