Hüquqşünas Əlövsət Əliyevə qarşı açılmış cinayət işinə xitam verildi

Xəbərin çap versiyası
Tarix: 27-01-2021, 22:13
Hüquqşünas Əlövsət Əliyevə qarşı açılmış cinayət işinə xitam verildi


Almaniyada mühacirətdə olan hüquqşünas Əlövsət Əliyevə qarşı Azərbaycanda 2014-cü ildə açılmış cinayət işinə xitam verilib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Əlövsət Əliyev özü məlumat verib.

Əlövsət Əliyevə qarşı cinayət işi 2014-cü ilin 14 aprel tarixində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmışdı.

Hüquqşünas ona Cinayət Məcəlləsinin 177.3.2. (Oğurluq, yəni özgənin əmlakını gizli olaraq - külli miqdarda ziyan vurmaqla talama), 320.1 və 320. 2. (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), və 318.2. (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıldığını deyib: “Mən də qanunsuz həbsdən xilas olmaq üçün ölkədən qaçdım. Həmin ilin 14 iyununda barəmdə həbsli axtarış elan edildi, interpol vasitəsiylə beynəlxalq axtarışa verildim”.

O, Azərbaycana ekstradisiya olunsı üçün 1 aya yaxın Kiyevdə həbsdə də olduğunu söyləyib.

“Mən DİN-nin Baş Cinayət İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş həyat yoldaşının ölkədən qaçırılmasında ittiham olunurdum. Guya keçmiş arvadının evindən 60 min dollar oğurlamışdım. Amma Ali Məhkəmə bu maddəni işdən çıxartmışdı”, - deyə Əliyev bildirib.

Meydan TV-nin məlumatında qeyd olunur ki, o, xaricdə olduğu müddətdə cinayət işinin istintaqını aparan müstəntiqlə dəfələrlə danışdığını deyib: “DİN-in rəhbərliyinə, Baş prokurora dəfələrlə müraciətlər etdim. Daha sonra Azərbaycanın dövlət başçısına işin obyektiv araşdırılmasının təmin olunması üçün xahiş etdim. Bu yaxınlarda isə barəmdə olan cinayət işinin xitam olunması haqqında məlumat aldım və çox sevindim”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz