Aynur Elgünəşin vəziyyətinin kritik olduğu bildirilir

Xəbərin çap versiyası
Tarix: Dünən, 15:41


“Meydan TV” nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin kritik həddə çatdığı bildirilir.

Civilazerbaijan.com
bildirir ki, bu barədə jurnalistin yaxınları məlumat veriblər.

Məlumata görə, ultrasəs müayinəsi (USM) zamanı üç dəfə eyni nəticə qeydə alınıb. Həkimin rəyinə əsasən, jurnalistin böyrəyinin fəaliyyətində ciddi problem yaranıb və təcili tibbi müdaxiləyə ehtiyac olduğu bildirilib. Buna baxmayaraq, onun bir dəfə də yoxlanması gərəkdiyi deyilərək, müalicə müəssisəsinə köçürülməsi gecikdirilib.

Yaxınlarının sözlərinə görə, onun vəziyyəti oktyabrın 14-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında daha da pisləşib. Onlar deyir ki, orada diaqnoza uyğun müalicə təyin edəcək həkim yoxdur.

Məlumata əsasən Aynur Elgünəşin arterial təzyiqi əvvəlcə 150/80-ə yüksəlib, üzünün rəngi saralıb, diafraqma nahiyəsində sıxılma yaranıb və nəfəs almaqda çətinlik çəkib. Təzyiqi salmaq üçün dərman qəbul etdikdən sonra isə göstərici 80/50-yə qədər enib.

“Aynur böyrəyindəki təzyiqə görə əziyyət çəkir, insan stabil təzyiq görmür. Belə laqeyd yanaşmanı işgəncə adlandırmaq olar. Müalicə almaq üçün o mütləq Müalicə Müəssisəsinə aparılmalıdır. Hər ötən gün onun əleyhinə işləyir və geridönməz fəsadlar yarana bilər. Daxildə gedən prosesin kritik olduğunu onun üzündən anlamaq olar artıq. Çəki itirib, gözləri çuxura düşüb, çox solğun görünür, tez-tez də ağrıları olur. Bu sağlamlıq məsələsidir və bunun ciddiyyətinə varmaq lazımdır. Nəyi gözləyirlər, anlamırıq. Biz yaxınları olaraq Aynur Elgünəşin səhhəti ilə bağlı həyəcan təbili çalırıq”, - deyə jurnalistin yaxınları bildiriblər.

“Meydan TV işi” üzrə 12 nəfər ittiham olunur.

2024-cü il dekabrın 6-da “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi” üzrə həbs ediliblər. Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Jurnalistlər özlərini təqsirli bilmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz