Ali Məhkəmənin qərarına görə “Azərtac”ın keçmiş əməkdaşı özünə qəsd edib

Xəbərin çap versiyası
Tarix: 27-02-2023, 13:30


“AzərTac” Dövlət İnformasiya Agentliyinin keçmiş əməkdaşı Aygün Əliyeva özünə qəsd edib.

Civilazerbaijan.com
Meydan TV-yə istinadla bildirir ki, o, intihara əl atmamışdan öncə bu addımı atmasının səbəbləri haqda “Facebook” səhifəsində yazıb:

“Mənim ölümümdə günahkar Azərbaycan Respublikasının Ali Məhkəməsi və konkret olaraq Ramiz Rzayev, “Azertac News Agency”nin keçmiş rəhbəri, milyon manatlarla dövlət vəsaitini mənimsəmiş Aslan Aslanov və onun siyasətini davam etdirən, haqqa girməyə davam edən Vüqar Əliyevdir.

Mən çalışdım. Haqq və ədalətin bərpasını ölkəmin ali hüququ ilə bərpa etmək üçün əlləşdim…

Şərəfimə, ləyaqətimə kölgə salmağa çalışdılar. İcazə vermirəm. Mənim iki qızım var və onların anası ləyaqətli qadındır. Onları qoyub getdiyim üçün məni bağışlamayacaqlar. Bilirəm…

Səbəbkarlar cəzalarını alsın…”

Yaxınlarının sözlərinə görə, Aygün Əliyeva özünü zəhərləyərək, canına qəsd edib. O, xəstəxanaya çatdırılıb.

Aygün Əliyeva 2000-2020-ci illərdə “Azərtac” çalışıb. O, son dövrlərdə bu qurumun İspaniya, Latviya və İtaliya üzrə müxbiri olub. Son olaraq, İtaliya üzrə müxbir vəzifəsində işləyərkən müqaviləsi başa çatmadan işdən çıxarılıb. Onun əmək funksiyalarını yerinə yetirmədiyi göstərilib. Buna görə Aygün Əliyeva məhkəməyə müraciət edib, işdən haqsız çıxarıldığını göstərilib. Qarşı tərəf isə onun “Facebook” hesabında yazdığı fikirlərə görə işdən çıxarıldığını bildirib və bu, Nəsimi Rayon Məhkəməsinin qərarında da əksini tapıb. Buna baxmayaraq, məhkəmə onun işə bərpa və buraxılmış müddətə görə kompensasiya ödənişi tələbinə dair iddiasını təmin etməyib. Apelyasiya məhkəməsi də qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə bu qərarı ləğv edib, iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb. 2022-ci ilin sentyabrında Bakı Apelyasiya Məhkəməsi bu işi yenidən araşdırıb, bu dəfə qərar Aygün Əliyevanın xeyrinə olub – onun işinə bərpa olunması, bu müddətdə buraxılmış işə görə kompensasiya ödənilməsi haqda qətnamə çıxarılıb.

Bundan az sonra “Azərtac” rəhbərliyində dəyişiklik olub – Aslan Aslanov vəzifəsindən azad edilib, onun yerinə Vüqar Əliyev təyin olunub. Yeni rəhbərlik də qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu dəfə də Ali Məhkəmə “Azərtac”ın şikayətinə münasibətdə şikayəti qismən təmin edərək, Aygün Əliyevanın xeyrinə olan qərarı ləğv edərək, işi üçüncü dəfə baxılması üçün üçün apelyasiya instansiyasına qaytarıb.

Aygün Əliyeva bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, “Azərtac”ın yeni rəhbəri Vüqar Əliyev ona kompensasiya ödəməyəcəklərini və işə bərpa etməyəcəklərini, yalnız Əmək kitabçasından 70 ç maddəsini götürə biləcəklərini təklif edib:

“Məni maddə ilə işdən çıxardıqlarına görə yeni iş tapmaqda da çətinlik çətirəm. Mən təbii ki, onun təklifini qəbul etmədim. Məsələ pulda və ya mənə qarşı o cür haqsızlıq olunmuş bir yerə bərpa olunmaq istəyimdə deyil. Bunlar məhkəmə qərarını icra eləmək istəmir. Üstəlik, mənim bu üç il ərzində nə qədər əsəblərim, pulum gedib, stress içindəyəm. Nə çəkdiklərimi bir özüm, bir də ətrafımda olanlar bilir…”.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz