Heç kimə zərər vermək niyyətim olmayıb - NƏSİMİ MUSAYEV
Tarix: Bu gün, 14:22
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib.
Civilazerbaijan.com bildirir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
“Musayev ifadəsində bildirib ki, erməni ailəsinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmayıb. Onun sözlərinə görə, ev sahibəsindən bir neçə dəfə onu buraxmasını xahiş edib, lakin qadın silahından yapışıb və o, atəş açmaq məcburiyyətində qalıb. Bundan başqa, Musayev yazılı ifadəsində hadisədən sonra qadının və ailə üzvlərinin ona hücum etdiklərini, bıçaqla xəsarət yetirdiklərini və döydüklərini bildirib”, - qəzet yazır.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Nəsimi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürülən ittihamın mahiyyəti açıqlanmayıb.
Ermənistan Baş Prokurorluğu isə yaydığı açıqlamada Musayevin qanunsuz olaraq ölkə ərazisinə keçdiyini və Sünik rayonunun Şəki kəndində yerli sakinə atəş açdığını bildirib.
Azərbaycan Baş Prokurorluğu da Laçın istiqamətində xidmət keçən N.Musayevin sentyabrın 26-dan itkin düşdüyünü təsdiqləyib. Qurumun məlumatında onun xidmət etdiyi hərbi hissəni “özbaşına tərk etməsinə dair əsaslı şübhələrin müəyyən edildiyi” qeyd olunub.
N.Musayevin yaxınları bundan əvvəl sosial şəbəkələrdə yaydıqları müraciətdə sentyabrın 26-dan onunla əlaqə saxlaya bilmədiklərini və taleyi barədə ailəyə dəqiq məlumat verilmədiyini bildirmişdilər.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












