Samir Sədaqətoğlunun həmmüəllifi olduğu pyes İsveçrədə səhnələşdiriləcək
Tarix: Bu gün, 18:06
Azərbaycanlı yazıçı-dramaturq Samir Sədaqətoğlunun həmmüəllifi olduğu “Kəndirbazlar” (“Les Funambules”) pyesi İsveçrədə fransız dilində səhnələşdiriləcək.
Civilazerbaijan.com xəbər verir ki, tamaşanın quruluşçu rejissoru F. Montanaridir.
Pyesdə İsveçrədə yaşayan miqrantların və mühacirlərin üzləşdikləri çətinliklər, şəxsi faciələri, mənəvi ağrıları, xatirələri və vətən həsrəti əks olunur. Əsərdə, həmçinin İsveçrənin onlar üçün ikinci vətənə çevrilməsi, yeni cəmiyyətə inteqrasiya prosesi, həyatlarını yenidən quraraq ayaq üstə dayanmaq uğrunda mübarizələri, yaşadıqları cəmiyyətə verdikləri töhfələr, tolerantlıq və birgəyaşayışın üstünlükləri kimi mövzulara toxunulur.
R. S. Qarsia, M. Niyonsa və D. Signorinonun da həmmüəllifi olduqları pyesin məşqlərinə 2026-cı il oktyabrın 14-də başlanacaq.
İdeya müəllifi Samir Sədaqətoğlu olan pyesin səhnələşdirilməsi İsveçrə Miqrasiya Komissiyasının “Milli Əhəmiyyətli Proqramlar və Layihələr” (PPİN) təşəbbüsü çərçivəsində həyata keçirilən “Yeni Biz – Mədəniyyət, Miqrasiya, İştirak” proqramı vasitəsilə maliyyələşdirilir.
Qeyd edək ki, “Kəndirbazlar” (“Les Funambules”) tamaşasının ilk nümayişi 2027-ci ilə planlaşdırılır.
Xatırladaq ki, yazıçı-dramaturq və jurnalist, “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu 2017-ci ilin dekabrından İsveçrədə yaşayır. Həmyerlimiz bu müddət ərzində yaradıcılıq fəaliyyətini davam etdirib, bir sıra məqalələri və bədii əsərləri İsveçrə və Avropa mətbuatında dərc olunub.
Bundan əvvəl Samir Sədaqətoğlunun “Yerə-göyə sığmayan” (“NEPOSTİJİMIY”) pyesi Rusiya Federasiyasının Dərbənd Azərbaycan Dövlət Musiqili Dram Teatrında səhnələşdirilərək uğurla nümayiş etdirilib. Azərbaycan Respublikasının Əməkdar artisti və Dağıstan Respublikasının Əməkdar incəsənət xadimi Sərvər Əliyevin quruluş verdiyi tamaşa böyük maraqla qarşılanıb.
Səhnə əsəri daha sonra Türkiyədə keçirilən 38-ci Beynəlxalq Dənizli Teatr Festivalına dəvət alıb və 12 may 2026-cı ildə nümayiş etdirilib. Tamaşa festival çərçivəsində də böyük marağa və rezonansa səbəb olub.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər












