Fərid Əhmədov Ədliyyə naziri təyin olunub
Tarix: 27-02-2024, 15:15
Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.
Civilazerbaijan.com bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə "Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə "Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2015-2017-ci illərdə "Azərbaycan” Universitetinin rektoru olub. 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. Prezident İlham Əliyevin 2022-ci il 24 may tarixli sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdi.
Xatırladaq ki, bundan öncə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov olub. O, 19 aprel 2000 – 14 fevral 2024-cü il tarixlərində həmin vəzifədə çalışıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər