Ağadadaş Ağayevin balta ilə birini yaraladığı bildirilir - TƏFƏRRÜAT

Xəbərin çap versiyası
Tarix: 23-07-2024, 13:52


Xalq artisti Ağadadaş Ağayev "MedEra" klinikasının əməkdaşına balta ilə xəsarət yetirib. İnsidentin bəzi təfərrüatları məlum olub.

Civilazerbaijan.com
bildirir ki, ölkə KİV-in məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

Xəstəlikdən əziyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pis olduğunu, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

Mühafizəçi isə onu klinikaya dəvət edib. Bu zaman A.Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Hadisə "MedEra" klinikasının qarşısında baş verib. "MedEra" klinikasının Mühafizə xidmətinin rəisi Valeh Soltanov hadisənin təfərrüatını açıqlayıb:

"Ağadadaş Ağayev bir gün əvvəl də klinikada olub. Ötən gün səhər saatlarında isə eyvandan deyib ki, həkim gəlsin. Həmçinin, gözətçini təhqir edib. Gözətçi Nurəddin Cəlilov isə təhqirlərə görə ona etiraz edib. Onlar arasında mübahisə həm klinikanın həyətində, həm də içərisində davam edib. Hadisə nəticəsində xəsarət alan N.Paşayeva da "MedEra" klinikasının qeydiyyat şöbəsinin əməkdaşıdır".

Daxili İşlər Nazirliyinin mətbuat xidməti polis idarəsində belə bir şikayətlə bağlı araşdırma aparıldığını təsdiqləyib.

“İyulun 22-də Bakı sakini N.Cəlilov ərizə ilə polisə müraciət edərək, səhər saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində A.Ağayevin onu söydüyünü, əlindəki balta ilə hədələdiyini bildirib. N.Cəlilov izahatında qeyd edib ki, A.Ağayev baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəyib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar başlanıb”, – DİN-in mətbuat xidmətindən verilən məlumatda bildirilir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz