Rafiq Tağı. Molla - HEKAYƏ
Tarix: 9-04-2021, 00:01
Rafiq Tağı Azərbaycanın ən məşhur yazıçılarından biridir.
CivilAzerbaijan.com ünlü yazıçı Rafiq Tağının "Molla" hekayəsini təqdim edir.
Rafiq Tağı
MOLLA
hekayə
Bu dünya fanidir - hamıya çoxdan gün kimi aydın olan şeyi akademik Məlik Namazov ancaq ölüm ayağında anladı. İndiyəcən onun akademik ağlı boş bir faniliyin dərkinəsə çatmamışdı. Belə çıxır, fanilik elmdən-zaddan dərin və mürəkkəb imiş. Molla Mərdan birbaşa gəlib onun fanilik duyğuları üstünə çıxdı. Mollanın fikrincə, artıq Namazova "keçmiş akademik" demək daha düzgün olardı. Ölüm ayağında, istər kosmonavt ol - göyə uçmaqlıq bitdi, kəfəndən skafandr geyməyin məsləhətdi. "Tez ol, tez!" - hə, onu elə də tələsdirirdilər, elə bil həkimdi, bu saat gedib kimisə ölümün ağzından qurtaracaq. Az qalmışdı da şalvarı dal-qabaq geyə. Di yaxşı, bu da "tez". Hanı ölü? Oğlan, bu ki hələ diridir. Acqarına azı min kərə deyib: çağıranda onu ölü üstünə çağırsınlar, diri üstünə yox. Ancaq deyirsən bunu sağolmuşlara yox, daşa-divara deyirsən. Özündən asılı deyil, o, tezliklə öləsi diri üstündə çaşır, bilmir neyləsin, kimə nə desin. Əlləri-burnu da özünə artıqlıq eləyir. Bəziləri bu xüsusiyyəti onun ayağına nöqsan kimi yazır. Demək, mollalığı bacarmır.
Hə, "keçmiş akademik" gecdən-gec, təzəlikcə anladığı "fanilik"lə də gözlərini yumdu. Deyəsən, "fanilik" bu gicgicənin həyatını bir balaca mənalandırdı da. Heçdənsə yenə gec yaxşıdır. Ümumiyyətlə, yoxa lənət. Akademik ömrü boyu adam yerinə qoymadığı mollaya indi qardaş kimi baxırdı. O, uçduğu göylərdən yaralanıbmış kimi mollanın bərabərinəcən enmiş, yan ötüb hələ bir az da aşağı yumbalanmaqdaydı.
Mollayla haq dünyanın arası göylərlə molla arasındakı məsafədən qısa idi.
Fanilik duyğusu akademikdə yarımca saatlığa parlayıb söndü. Bu barədə qulağına pıçıldadığı barı bircə nəfərsə gördü ki, o, dünyadan dəmdəməki şəklində köçmədi. Qorxduğu şey - dünyadan dəmdəməki şəklində köçməkdi. İndi ölürdüsə də, boynundan sanki pudluq daş götürülmüşdü. Ömrünün son yarım saatında heyvandarlıq akademiki insana dair bu kəşfindən vəcdə gəlmişdi. İnsana dair kəşf nə gözəl olurmuş! O, "fanilik"dən elmdə görmədiyi yaradıcılıq sevinci duyurdu. Hərçənd vəcd - ölənə ziyandı, ömrü bir az da qısaldır. Onsuz ölərkən doğulan bu sevinc axır onun çöhrəsində paslı təbəssüm halında çöküntü verdi.
Haqqı, akademikin oğlanları molla Mərdanı hüzür məclisinə özləri layiq bilmişdi. Kasıb adamdır - ölüdən çıxan gəlir dirinin nəyini görür; harasına çatacaq. Onun kasıblığı ömürlükdür, barı qoy bu xeyir özgəsinə çatmasın. Bəyəm onun oxuduğu da Quran deyilmi? Üstəlik, bu kişini insaniyyət cəhətcə yaxşı söyləyirdilər. Verdiyi borcu geri istəməz, aldığını dediyi vaxt qaytarar. Hüzürlərdə ovcuna kim nə basdı - Allah bərəkət versin. Bircə onun qız-gəlinə peydərpey "bacı" deməsi şübhəli görünürdü. Həftəbaşı da Sabirabada - yetimdar qızının yanına qaçacaq. Yarı canı onunladır. Hə, gərək insanın içində çağırdığı mollaya bir balaca ehtiram ola. Həm də lotu-bambılısı gəlib ailənin adını batırar. Keçən il təkəsaqqal biri yas yerində adamlarla "vor-zakon" dilində danışırmış. Nəyə lazımdı bu - qoy rədd olsun.
Molla dalınca uşaq qaçırdılanda artıq kişini ölmüş bilibmişlər. Cəmi bir dəfə gözü dala qatlanıb - qarası gedib, ağı qalanda, qadınlardan "vaxsey, getdi", qışqırığı qopub. Elə həmin qışqırtıdan da kişi ölə bilməyib, ayılıb. Bəlkə də ölənlərin hamısını beləcə, yanlarında bərkdən qışqırmaqla ayıltmaq olar. Mollanı tələsdirənlərin məqsədi ölünün boş dayanmaması idi. O, tum çırtlayırmış kimi, gərək yasin surəsindən qədə-qədə kəlmələr "eşidə". Həm də yasin muğamsayağı bir şeydi - xoşagələndir. Ölünün boş dayanmasını akademikin oğlanları özlərinə təhqir bilərdi. Bu, ölüyə münasibətdə ölüvaylıq olardı.
Düzdü, molla bir az yeyin, ancaq həm də ürəyində sakit gəlirdi ki, onsuz gəlib ölü üstünə çıxacaq. Yox, yadına gəlmir, indiyəcən üstündə Quran oxuyacağı bir kəsi diri görmək istəməyib. Müsəlmançılığa yaxşı riayət etmək istəyən qohum-əqrəba adətən çalışır can-ciyəri ölən saat başının üstünü molla-zad kəsdirsin. Sanki o dünyaya tərsinə gedə bilər deyə. Aradakı fasiləyə burda pis baxırlar. ...Deyirdin, lampadır, yağı qurtarıb - akademikin gözləri çətinliklə yumulub-açılırdı. Molla az qala bir əsr salam-kalam elədiyi insanı diri görəndə qanı it qanına döndü. Doğrudan da, öz aramızdı, bu olmadı. Onun sənəti elədi ki, üstünə gəldiyini ölü görməlidi, di qurtardı getdi. Yoxsa gözlə bu haçaq ölər. Bəlkə heç ölmədi? Tərslikdən bəzən ölmür də. Onda günlərlə yanında şöngüyüb, suyu süzülə-süzülə geri qayıdırsan. Yox, diri onun sənətinə heç cür uyğun gəlmir. Diri - həkimə, həkimliyə aiddi. Bir yandan da bu "piyada" akademik ölüm ayağında fanilik söhbətini salıb - bunu gecdən-gec fəlsəfi bir şey bilib. Bu boyda eşşək velosipedi təzədən ixtira edirdi.
İndən belə özünə söz verir: ölülərlə bağlı sənətini bir daha dirilərlə korlamayacaq. Onsuz hər gün gördüyü - dinsiz-imansız dirilərdi. İntəhası, ta burda da yox ki. O, diri yanında özünü iynə üstə oturmuş kimi bilir. Axı, diriyə "salaməleyk", bir də "nə var, nə yox"dan savayı nə deyəsən. Həm də insan can üstündə darıxdırıcı olur. Onların sənə münasibəti də boğazdan yuxarıdır. Məclisdə-zadda dili qabardı deməkdən: bax, məbada onu diri üstə çağıralar. Hardasan-burdasan, həya yox, abır yox - yenə çağırırdılar. Tez də bəhanə tapırlar: guya neyləsinlər, onlar onu ölü götürməyə çağırır, bu gəlib diri üstünə çıxır. Özündən küssün. Günah özündədir ki, bəxti yoxdur. Yox, insanların əksəriyyəti ölüylə dirini ayırd etmir: yatanı ölü, ölünü yatan bilənlər var. Qardaş, danışma, bu dünya eşşəklə doludur. Zəmanə eşşəklər zəmanəsidir. Hamıya az qala bir-bir deyib: can üstə olan kəs molla görəndə qorxar. Açığı, axirət söhbətləri ölən üçün əlavə başağrısıdır.
- Bə can verənə oyun havası çaldıraq? - hərdən mollanın bostanına daş atır, qabağına tərs suallar diyirlədirlər.
- İstəklilərim, yox olub getməklik onsuz da qəlbə yatan bir iş deyil. İllah da ki, tez-tez onunla beyinləri qazasan.
- Bay, bu, təzə xəbərdi. Bəyəm öləndə adam yox olur?
- Bə yox?
- Əlbəttə, yox. İnsan özü ölürsə də, həyatı davam edir. Bəyəm ruh ölür?
- Sizə baxıram, gülməyim tutur.
- Ətağa cəddi, bizim molla materialistdir, - kəndin yeganə universitet qurtaranı yandan söz atır.
- Əzizlərim, öləndən sonrakı həyatı bu dünyanın lotuları uydurub.
- Məndeyəndi. Bu kişi tərtəmiz materialistdir.
- A molla, canla əlbəyaxa bir adamın yanında imamlarımızın-zadın adının çəkilməsindən nə ziyan ola bilər?
Mərdan bu yerdə özünü karlığa vurdu.
Bəlkə akademik get-gedə öldüyünü bilmirdi də, ancaq artıq öləcəyi ona molla Mərdanın gəlişindən əyan oldu. Molla heçlik mücəssəməsi kimi görsənirdi. M.Namazov özü həmişə boynuna alıb ki, ölüm işlərində zır avamdır. Əzrayılı görsə, tanımaz. Uzaq başı, onu qəfil qonaq sanar. Əzrayıl onun gözünə yalnız qonağı sevmədiyinə görə naqis görsənə bilər. O indiyəcən ölümü dərk eləməyə bircə dəqiqə də vaxt ayırmayıb. Hüzürlərə getməyib. Camaat da bundan inciməyib; çünki yaslarına getmədiklərinin toylarında sonra hər şeyin əvəzini çıxardı. Akademik adam ağır oturub batman gələr, amma bu, mağarın ortasında elədən-eləyə süzərdi, belədən-beləyə. Qırmızı sifətiylə də deyərdin ortadakı - təzə cəmdəkdir.
Həyatsevərlərdə cəmdək qabarıq var.
Hə, Məlik Namazovunku - heyvandarlıqdı. İndiyəcən bir heyvanın tükünə əl çəkməyib - heyvanları sevməzdisə də, yalan-doğru heyvandarlığı bərk sevərdi. İstəyərdi Azərbaycanda ət bol olsun. Respublika bayraq alsın. Onun humanizmi ətdə üzə çıxırdı. Humanizm tələb edərsə, ət barəsində şüar da deyər. İnsana ətyeyən bir heyvan kimi məhəbbətlə yanaşardı. Kim də ət yeməz, vərəmə tutular. Yəni vərəm çox olan yerdə heyvandarlıq həmişə zəifdir. Heyvandarlığı sevmədiklərindəndi ki, vərəmlilərdən zənd-zəhləsi gedirdi. Onlar elə ölsə yaxşıdır. Qoduq uşağı qoduqlar!
Molla Mərdan bir dəfə akademiki heyvandarlıq alimləri arasında görmüşdü: İlahi pərvərdigara, uşaqlıqda onun və elə hamının şallaqladığı inəyə-zada dair, axır nəticəsi ət və süd olan bir elmdə nə qədər söz olarmış! Onlar "söz"ə "termin" deyir. Amerikanlar, həmçinin skandinavlar ət-süd istehsalına nə qədər bilik sərf edib. Ən çox da - avstraliyalılar. Nağdı, oraların akademikləri Məlikdən güclüdür. Həm də güman, Avstraliyadan heyvanat iysi gəlir. Hər qoyun istilərdə başını aşağı salıb qaz buraxa-buraxa gedə, bu gör hara vurur. Avstraliyada buludlar qazdan olur. Molla Mərdan Avstraliyada doğulmadığına həmişə sevinib: orda karbon qazından boğula bilərdi. Ondan olsa, karbon qazını Avstraliyanın qırmızımtıl-narıncı rəmzinə çevirər. Düzdü, indi ora da müasir yerdi - elə-belədə burnunu tövləyə soxsan da, iy eşidilməyəcək, di gəl, oradakı qoyun iysi adamın başını nəzəri cəhətcə çatladır. Yeri gələndə onunla fəxr edən kəndçiləri bəzən akademikə lağ edər, "onun elmi sayəsində Azərbaycanda kababxanalar artıb", deyərdilər. Ancaq bunu elə özü də deyir: ətdən bol respublikalarda kababxana çox olar. Nədir ət - bədən üçün vacib aminturşular məcmusu. Aminturşu bədən üçün qırmızı kərpic yerindədir.
Molla Mərdan Sovet dövrünün ateist ailəsindən çıxmışdı deyə, adı nə ismi-mübarək peyğəmbərimizin, nə də başqa qurbanolduqlarımızın adındandı. Düzdü, Mərdan özü adını atasının zahirdə ateist, mollalığınısa onun batində mömin olmasına yozurdu. İnsanda əsas da - batindi. Zahir - boş şeydir. Maskadır. Həm də axı adı heç də pis deyil, insani bir xüsusiyyətə - mərdliyə aiddi. Hərçənd xeyli ibtidaidir. Boynuna alır, sənəti dərin, adı səthi idi. Faniliklərin də hər üzünü görüb; onların cikinə-bikinə bələddi. Hətta canı buz baltası kimi olan insanlardan da fanilik nidaları eşitmişdi. Ancaq yalançıya min lə(apostrof)nət! Fanilikdən ağız dolusu danışan birini inişil zorlama üstündə basmadılarmı? Faniliyi anlayan zahidlik yolunu tutmalıdır, lotu-potuluq yox. Ancaq deyirlər onsuz bu dünyanın lotuları elə behiştdə də huri-mələk məməsi əlləşdirəcək. Fanilik söhbəti çoxuna el içində hörmət-izzət qazanmaq üçün gərəkdi. Tək bir molla Mərdan ondan, peşəsinə uyğundu deyə, danışardı. Yoxsa onu dilə gətirməz də. Atası üzdə ateist, altda əksinəydisə, bu, altda ateist, üzdə əksinə idi.
Din - avamlıqdan törənən əfsanədir. Qınamayan ola, onu tiryək də yox, Marksdan irəli gedib, heroin adlandırardı. Dörd-beş də arvad almışdı. Onda nə günah - arvadları qalmır, taun tuturmuş kimi tez yastılanırdılar. Ölməsəydilər, deyirdi, bir kəsə gözünün ucuyla baxmazdı da. Əslində onun daim yek-bircə arvadı olub. Nədənsə, arvadların hamısında uşaq köndələn gəlir, kəndistan yeridir, elə uşaq üstündəcə ölürdülər də. "Yəqin mollamız köndələninə qucaqlayır, ona görə də yazıqların başına bu oyun gəlir", - camaat onun barəsində atmacaları xoşlayır. Hə, şəriət ondan, seçdiyi peşəyə uyğun, faniliyi tutuquşu kimi mütəmadi dilə gətirməyi tələb edir. Mollalığı ondan həmişə bu cür əclaf xüsusiyyətlər istəyib. Gərək vaxt-bivaxt camaatın beynini eşib ora hətərən-pətərən şeylər doldurasan. Əlbəttə, bir az əmindi ki, fanilik söhbətləriylə yalan-doğru insanlara ədəb-ərkan da əta edir. Şəriət onun istər-istəməz düşdüyü ədəb-ərkan yolu idi.
Akademik Məlik Namazov eləcə ölməli yaşda öldü: nə tez, nə gec. Faniliyi tez anlamadısa da, gec də anlamadı: elə bu dünyadaca. Yarım saat heç də az deyil. Əfsus, familiyası "Namazov" olan kəsin alnı möhür görmədi. Məkkə-Mədinəyə gedib-gələn dost-tanışı ona nə qədər möhür-canamaz, cürbəcür təsbehlər bağışlamışdısa, o, cümləsini sandığın küncünə tullamışdı. Hər dəfə sandığın yeri dəyişdiriləndə, içəridən məşum səslər gələrdi. Onun üçün hədis folklor nümunəsi, Quran baş qatmaq vasitəsi idi. Bu sözləri üstündə Quran onu qurutmurdu da. "Allah" - canı ağrıyanda dilinə təsadüfən gələn boş bir sözdü. Aminturşulara dair onlarca məqalə yazmış bir alimi-biəməlin Allah yadına düşməzmola? Bə o cür mürəkkəb quruluşlu şeyin bir yaradanı-zadı olmazmola? Akademik molla Mərdana sirr gəldiyi beş-üç fanilik kəlməsindən dərhal sonra canını tapşırdı. Onda faniliyin bir növ ikinci dövrəsi işə düşdü. Vay-şivən, qışqırıq-bağırtı, hətta bəyirtilər aləmi başına aldı. Adı Akademiya ilə bağlı bu ailədə mədəniyyət adlı şey yoxmuş. Bu ailədə də elə ən mədəniyyətsiz ailələrdəki kimi boğaz yırtırdılar. Bəyəm ağlamaqdı - bağırmaq? Axı, bağırmaqlıqla nəyi sübut edirdilər? Sevginimi? Baho, birinin ürəyi getdi. Amma inanan daşa dönsün. Bax, belə şeyi xoşlamır da-a. Onu bu xarabaya gətirirdilər, bir az gec gətirəydilər. Dünya dağılmazdı ki. Oğraşlarda hər şey basməmmədidi.
Eh, bəlkə mollalığı atdı da. Budu, ağsaqqal adam - zənənlər arasında girinc-giriftar qalıb. Özü də çox müşahidə eləyib: yasda ən bərk qışqıran - göyçək arvadlardı. Nədənsə, göyçəklər özünə güvənən olur. Onların kişilərə bələdliyi həmişə yaxşıdır. Üstəlik, göyçəklər kişilərə çox da hörmət göstərmir. Kişiləri yalnız kifir qadınlar ideallaşdırır. Hə, təzəcə açdığı otuz-cüzvü Quran yarımçıq qaldı. Yox, belə yerdə Quran oxunmaz. Bura komediya teatrıdır, yas yeri deyil. "Keçmiş akademik"i otağın ortasına çəkə-çəkə üzü qibləyə çevirdilər. Bu hay-həşirdə kimsə həkim çağırıbmış. Budur, həkim personajı otağa daxil olur. O, əzizləyirmiş kimi meyidin ora-burasına əl gəzdirir. Axırda barmaqlarını onun gözlərinə dirəyir - sanki onları deşmək istəyirdi. Muştuluğun borc olsun, hamının çoxdan bildiyini bu da təsdiqlədi - "ölüb". Bunun ardınca - bir "Allah rəhmət eləsin". Əlbəttə, "sənin də ölənlərinə rəhmət" və xoş getdin. Sonra kütləvi səhnə hərəkətə gəlir, akademiki məscidə ilk və son dəfə - "hamamlatmağa" aparırlar. Paklanmağa.
Məlik Namazovun akademik adına layiq abırlı məclisləri sabahdan başladı. Gecəykən otaqlara xalı-xalça döşənmişdi; "qırxotaq" imarətdə boş yer yalnız tavanlardı. Burda özünü istər-istəməz təntənəli şəraitdə hiss edirsən. Armudu stəkanların saf cingiltisində şahanəlik vardı. Rəhmətlik yaşadıqca altına yığırmış. O, "millət"-"xalq" dedikcə, onun bir alim balası olaraq da, özünü unutmurmuş. Bəlkə heç Azərbaycan xalçaçılıq muzeyində bir belə çeşnili xalı-xalça yoxdu. Oğlanları - qara kostyumlarda. Başları da kərpici - sanki cangüdəndilər. Elə bil sehrli lələk yandırmışdılar - akademikin yaşda böyük, boyda kiçik və boyda böyük, yaşda kiçik iki qardaşı da qəfildən peyda olmuşdu. Böyük kiçiyin yanında uşağa bənzəyirdi. Biri Daşkənddə olur, biri elə beşaddımlıqdaca - Bakının Binəsində. Bakıdakının qulaqları təyyarə meydanı yaxınlığında yamanca ağırlaşmışdı. Onunla danışan iri bir cöngə yeməli - yalnız qışqırmalı idi.
Daşkənddəkisə, nədənsə, get-gedə özbəyə oxşayır. Bu il özbəkliyi bildirkindən çox. Qurani-Kərim arasındakı fasilələrdə də, fürsət düşən kimi İsveç-Norveçə ərə verdiyi iki qızının yaşayışından danışırdı. Əşi, əsl insan həyatı oralardadır. MDB yer deyil ki. Xüsusən cənub respublikaları. Onların quruca adı var. İsveç-Norveçdə heç kəs xəstələnmir, xəstələnəni də ölməyə qoymurlar. Hərçənd bilmək istərdi: axı, gec-tez orda da ölənlər olur; bə onlar necə ölür? Qatar altında qalır, yoxsa avtomobil qəzasına düşürlər? "Binə" qardaş yeri düşdü-düşmədi idmanın cana xeyrindən söhbət açırdı. Guya idman piyi əridir. Gimnastika göbəyin düşmənidir. Piyin əsas düşməni - voleyboldur. Atılıb-düşəndəsə ərimə işi lap yaxşı gedir. Günortaya yaxın da qılçalarını otağın tən ortasınacan uzadıb bunun cana faydasını xırdaladı. Qıç uzadılanda damarlar düz qalır. "Meyitlərdəki kimi", - aşağı başdan universitet məzunu söz atır. Sonra qardaş mollaya qızıldan qiymətli bir məsləhət verdi: noolsun oxuduğun Qurandı, ümumiyyətcə, onu çox oxuma. Oxumaq gözün evini yıxır.
Camaat mat qalmışdı. İraq-iraq, elə bil məclisə bir cüt eşşək girmişdi.
Budur, hamı yerdə diz-dizə - yenə molla Mərdanı dinləyir. Payızdı. Hava çöldə də soyuq, hələlik evdə də. Odur ki, bir-birinə toxunan dizlərdən xoş istilik duyulurdu. Təkcə buralı qardaş durub stulda oturmuşdu. Deyir, elə bu cür də ayaqlarda qan yaxşı işləyir: arteriyalarla - aşağı, venalarla - yuxarı. Ayaq heç də yığma bıçaq deyil, onunku - onu qatlamamaqdı. O özlüyündə yerdə oturanları, yerdəkilər də onu eşşək sanır. Onun fikrincə, avamlıqdısa eşşəklik, camaatın fikrincə - qanacaqsızlıqdı. Hərədə bir cür eşşəklik olur və hər kəs eşşəkliyi bir cür başa düşür. Bu məclisə də sanki hamı bir-birini eşşək saymağa gəlmişdi. Arada bu dünyanın faniliyi barəsində düşünən də olmamış olmazdı. Ancaq onun kimliyini gəl tap. Biri başını dikinə tutduğu dizi üstə qoyub şirin yatmışdı. Dibdə eşələnən bir başqası da xəlvətə salıb dizini onun kimi eləməkdə, deyəsən, yatmaq niyyətindəydi.
Əcəb məclislərdə yorğan-döşəyi dəb salalar. Birinci yatan çəkdiyi xornadan həm özü oyandı - oyanan kimi gözlərini sağa-sola hərlətdi, zənlə-qınaqla ona baxanların üzünə o da eləcə zənlə, ancaq qınaqsız baxıb gülümsündü, həm də yuxulayanların yuxusunu qaçırtdı. Səkkiz-doqquz barmağıyla saçlarını daraqlayan kim, əsnəməyini gizlətmək üçün əlini ağzına tutan kim: elə bil dəmir yolu vağzalında səhər açılmışdı. İlahi, pərvərdigara, belə də Quran məclisi olar? Bu hərəkətlərinə görə Qurani-Kərimdən çəkinmirlərsə, barı xalı-xalçadan utansınlar. Sənət əsəri yanında eşşəklik yaramaz, axı. Dam boyda qaragül papaq qoymaqla deyil ki. Əksinə, bu boyda papaq qoymağın özü axmaqlıqdır. Axmaqlıq da yox, sarsaqlıq. Sarsaqlıq da yox, zırramalıq. Ancaq insaf dinin yarısıdır, hələ kişiliyin-zadın sübutuna kifayət eləmirdisə də, bu yerdə papağı isti-soyuqluğa görə qoymurdular.
Bismillah, bu nə işdi - yasinin şirin yerində tabut qoyulan otaqdan mərhumun səsi gəldi. Molla Mərdan diksinən-üşənən kimi oldu. Bu ya yuxudur, ya da kişi həqiqətən dirilmişdi. Əgər elədirsə, həkim batdı. Dərisini soyacaqlar. Vaxsey, kişini diri-diri basdıracaqmışlar. Bismillah-irrəhmanir-rəhim, bu fani dünyada hər şey ola bilər. Ağzında "fani" deyirsən. Mərdan akademikin tək-tək cümləsini öz qulaqlarıyla açıqcana eşitdi: "Bir-birinizin malına göz dikməyin; vəsiyyətnaməm üzrə hərəkət edin. Bax, Mərdəkandakı bağ şikəst qıza çatır. Monoqrafiyamın rəyini hökmən Lenbaxa yazdırın". Deməmişkən, bunlar atalarının səsini lentə yazıb, indi də maqnitofonu tabutun baş səmtində oxudurdular. İraq olsun, deyirdin bəs, meyit özü danışır.
Bu, vəsiyyətə, vəsiyyətə də yox, yaxşı bir müsahibəyə oxşayırdı. Sonradan eşidəsi ki, guya bütün bunlar atalarını bir daha canlı təsəvvür etmək istəyindənmiş. Yalançının atasına lə(apostrof)nət! Bə səsi mal-mülkün çoxdankı dığ-dığı məhkəməyə çıxmasın deyə yazmayıblar? Bu səs məhkəməlikdi - hüquqi sənəd idi. Hər halda, ata səsi xatirə üçün yazılmamışdı. Namazov Məlik dünyanın öləndən sonrakı işlərindən də əl çəkmirdi. Akademik Lenbaxın rəyi digərlərinkindən üstün olmalı idi. Öləndən sonra bu kişini əlavə şöhrət gözləyirdi.
Birdən molla Quranı şappıltıyla örtüb qarşısındakı qara cildli dua-namaz, növhə-mərsiyə kitablarının üstünə qoydu. Çöl otaqdan səsi gələn insana iç otaqda yasin oxunması yersizdi. Şəriətdə belə şey dürüst deyil - Allaha asilikdir.
- Camaat, hələlik vəsiyyətə qulaq asaq! Mərhum danışır. Quran qaçmır ki.
Onun səsində inciklik duyulurdu. Yatanların yuxusu tamam qaçmışdı. Hüzürə gələsi vacib şəxslər də gəlib çıxmırdı ki, kişini aparıb basdırsınlar - ortalıqda məəttəldi. Buludlar yelin kimi dolmuşdu; yağış yağsa, dünəndən qucağını gen açmış qəbri gölə döndərəcəkdi. Şükür İlahinin kəramətinə, milləti artıq üçüncü kərəsi oxudulan lentin dördüncüsündən saxladı. Filhəqiqə, dördüncü - ağ olardı. Həm də yeməyin vaxtı çatmışdı. Əlbəttə, meyit hələ nə qədər ortalıqdadı - bu, ehsan yox, "yemək" sayılacaqdı. Ancaq onsuz kişinin oğlanları ehsana da "yemək" deyirdilər. Onlar "yeməy"in "ehsan" adıyla mədəniləşdirilməsinin əleyhinəydilər. Yəqin siqnal verilmişdi - göydən leysan tökürmüş kimi süfrə bir göz qırpımında naz-nemətlə doldu.
Bir kopoyoğlu Mərdandan soruşmadı da ki, arıq eşşəyim, harda ölübsən. Yemək-içməyə başlayaq-başlamayaq? "Ehsan" vəqti çatıbmola? Soruşmadılar, neynək, eybi yox, canları sağ olsun. Onda gördün yemək, ta nə demək. Oturanlar aclıqdan çıxıbmış kimi süfrəyə daraşdılar. Hortultular, fınxırtı, fırçıltı və marçıltılar əsnasında çürük dişlər arasından məclisin ortalarına bəzən yağlı sular cızqırılırdı. Kişi basdırılmağa gecikirdi. Gözlənilən qozdəstə də gəlib çıxmadı. Əşi, gəlsəydi indiyə gəlmişdi. Yaallah, hamı bir nəfər kimi durub, daim getdiyi Moskvaya ötürürmüş kimi, onu "son mənzil"ə yola saldı. "Son mənzil" deyilən yer piyadalıq olsa da, burdan xeylaq aralı idi, ancaq elə bunun üçün təntənə də kifayət qədərdi. Gedənlərin dalısınca bir it düşmüşdü; bunu heç kəs heç nəyə yoza bilmədi.
Qayıdanda, akademikin "Daşkənd" qardaşı qəbiristanlıqdakı yaşıllığın şəninə təriflər söylədi; oradakı havanın təmizliyini xüsusi qeyd etdi. Kül Daşkəndin başına - havası yoxdu ki. Varsa da - təkcə metroda. O bu qəbiristanlığı hətta kurorta bənzətdi. Dedi həm də Norveçdə bir yer var (adı yadından çıxıb), ora oxşayır. Qardaşlardan Binədəkisə piyada bura gələnəcən qıçlarının xeyli açılmasını göstərdi. Qırqınc olmuş əzələlər-vətərlər yerinə oturdu. İnsan bacardıqca çox yeriməli, çox gəzməlidir; hərəkət həyat deməkdir. İki daşın arasında həm də onu dedi ki, oğlu tezliklə evlənmək niyyətindədi, lakin bu hələ qoymur. Qoymayacaq da. Çünki qızın ona hədsiz məhəbbətini avaralıq-pozğunluq sayır.
Üç günü Namazovun qapısına orkestr gəldi. Kimsə dedi, yəqin konservatoriyanın yolunu azıblar, bir nəfər onları ötürsün. Orkestrantlarsa dirənib eləcə bu ünvanı göstərdilər. Sən demə, oğlanları orkestri kişinin ateistliyinə hörmət əlaməti olaraq sifariş verib. Onda yaxşı, buyursunlar. Orkestr yan otağın bir küncündə dördkünc yerləşdirildi və o, üz-gözü tərpəşən insanlardan ibarətdisə də, həm də sanki hərəkətsiz iri bir maqnitola idi. Bakının heç bir kəndində hələ bu cür xortdama görsənməyib. Məclisi pıçhapıç başına almışdı.
- Yəqin alim yası elə bu cür keçər. Orkestrlə.
- Həri, orkestr - mədəniyyət göstəricisidir.
- Kül belə mədəniyyətin başına!
- Bunlar da həzin musiqi çalır. Oyun havası çalmırlar ki. Sizdə qabiliyyət olsa, qəmlənərsiniz.
- Mən orkestrlə qəmlənə bilmirəm. Bilməyəcəm də.
- Gözümüz aydın.
Molla Mərdan təmizcənə yaddan çıxmışdı. Zəmanə xarab olub: hörmət-izzət, böyük-kiçiklik tamam aradan götürülüb. Məclis həqiqətən bir vağzala dönmüşdü: girən girir, çıxan çıxır. Həm də belə getsə, tezliklə fatihə yaslardan yığışdırılacaq. Molla Mərdan srağagün maqnitofona dözmüşdü, bu günsə orkestrə tab gətirmirdi. İçindəki təlatümlərdən də az qalırdı nəfəsi kəsilə. Özlüyündə çox götür-qoydan, yüz ölç-biçdən sonra qəfil ayağa durdu. Camaat onun subaşına getdiyini zənn etdi. Hamıda asudəlik duyulurdu. Bir də onda ayıldılar ki, oğlan, günorta namazı keçir. Bə bu kişi harda batdı! Qayıtmaq bilmir. Arada acanlar vardı - xüsusən onlar təşvişə düşmüşdülər. Biri dedi, onun köhnə xasiyyətidi - tualetdə yarım gün oturacaq. İmaləsiz - işi şuluq olur. Başqası dedi, kişiyə şər atma, əksinə, yaslarda onu cavanlar kimi həmişə tualetdən tezçıxan görüb. Güman, onu orda insult vurub. Gedək baxaq. Çataçat gedib yoxladılar - yox, tualet boşdu.
Gəlib "boşdu" dedilər, ancaq onların burnundan vurub bir də geri qaytardılar: əbləhlər, gedin yaxşı baxın, ola bilsin ayaqyolunun "lük"ünə yumbalanıb. Tez iki cib fənəri tapıb, onların şüa şəklində çarpaz işıqlarıyla ətraflı axtarış apardılar. Olmayan şeyi necə tapasan - xeyr, üzdə-səthdə heç kəs yoxdu. O ya bura düşməyib, ya düşübsə də, dibə batıb. Dibdədisə - batdı, orda qal oğlu qaldır. Amma elə oradaca qalmaqlığı da pis deyil. Onsuz tualet də qəbir kimi yerdir. Handan-hana yada düşəsi ki, bir evlərinə də adam qaçırtsınlar. Baho, ay inəklər, kişi evə dəyib də, sonra Sabirabada gedib də. Əclafı görürsən? Gör xalxın məclisini necə pozdu. Ancaq burda son söz yenə mərhumun oğlanlarınındı: "Gedib - gedib də-ə, - onlar dedi, - onsuz ta burda onun elə vacib işi qalmayıb; haqqını evə göndərərik".
Orkestr "yeməy"ə oturanda, "sənəd" bir də qoşuldu - "...Mərdəkandakı bağ..." Axşam düşüb şər qarışmışdı. Üç qurtarmaq üzrəydi. Kış-kış, qulaqlarınızı dartın, hər şey yaxşı keçdi. Doğrudan da, ta qarşıda nə qaldı ki - yeddi və qırx, onlar da asan şeylərdi. Üçün təcrübəsini yeddi və qırxda tətbiq edəcəkdilər, qurtarıb gedəcəkdi.
Molla Mərdan Sabirabaddan qayıtmadı. Deyirdilər xərifləyib: evin uzun taxta eyvanında iri qarpızları o baş-bu başa yumbaladır. Qarpız yumbalananda, deyirmiş, qulağına təyyarə səsi gəlir. Guya həm də qarpız üzərindəki tünd xətlərin əyri-üyrü hərəkətləri onu valeh edir.
...Orda qulluğunu qızı tutur - həmin yetimdar.
30.IX.-27.X1999
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər