Konqresmen Kris Smitdən Qubad İbadoğlu ilə bağlı BƏYANAT
Tarix: 23-07-2025, 14:38
ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Kris Smit iqtisadçı-professor Qubad İbadoğlunun azadlığının təmin olunmasına çağırır. O, iqtisadçının haqsız həbsinin ikinci ildönümündə belə bir çağırışla çıxış edib.
Civilazerbaijan.com bildirir ki, Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədri olan K.Smit Q.İbadoğlu barəsində saxta pul ittihamının absurd sayıldığını vurğulayır, onun və bütün siyasi məhbusların şərtsiz azad edilməsini Tramp administrasiyasının Qafqazda sülhün təşviqi yönündə "ən önəmli" prioriteti sayır.
"Dr. İbadoğlunun sağlamlığı pisləşdikcə, hökumət onu həbsxanadan ev həbsinə keçirdi, amma intiqam kampaniyası davam etdi, hətta gücləndi – ona tibbi xidmətlər ciddi şəkildə məhdudlaşdırıldı və nəzarət altında saxlandı", – K.Smit yazır.
Konqresmen Q.İbadoğlunun qardaşının da "rejimin repressiyaları"ndan yan keçmədiyini, polis nəzarətində olduğunu yazır, məqsədin iqtisadçını dəstəkləmək və müdafiə etmək istəyənləri qorxutmaq olduğunu bildirir.
"Tramp administrasiyasının onun və digər siyasi məhbusların azadlığı üçün çalışmasını yüksək qiymətləndiririk. Mən dövlət katibi Rubioya müraciət edirəm ki, təcili və qətiyyətlə hərəkət edərək Dr. İbadoğlunun həbsinə və tibbi zorakılığa görə məsuliyyət daşıyan şəxslərə qarşı hədəfli "Maqnitski" insan hüquqları və korrupsiya sanksiyalarının tətbiqini nəzərdən keçirsin", – konqresmen vurğulayır.
Qeyd edək ki, Q.İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilib, saxta pul hazırlamaqda ittiham olunub. Onun təşkilatının ofisindən 40 min dollar tapıldığı, bunun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən professor isə bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan edib. İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsiylə ittiham verilsə də, o bu ittihamı da qəbul etməyərək cinayət işində yazılanların yalanlayıb.
Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.
Q.İbadoğluya qarşı cinayət işi çərçivəsində saxlanmış iqtisadçı Fazil Qasımova isə 9 il həbs cəzası kəsilib.
Q.İbadoğlunun qardaşı Qalib Bayramova qarşı bu il cinayət işi açılıb.
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını bildirir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər