Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləyəcək qədər sadəlövh deyiləm - ŞƏMŞAD AĞA
Tarix: 22-07-2025, 23:06
“Meydan TV işi”nə görə həbs olunan “Arqument.az” saytının baş redaktoru, Şəmşad Ağanın Apellyasiya Məhkəməsində çıxış edib.
Civilazerbaijan.com həmin çıxışı təqdim edir:
“İyunun 24-də Xətai Rayon Məhkəməsi istintaq orqanının əsassız təqdimatı əsasında həbs müddətimi yenidən artırdı, amma qaçaqmalçılıq ittihamı ilə bağlı hansısa maddi sübut ortaya qoyulmadı. Hakim Rəfail Sadıqov da yenə vicdanını hərraca çıxararaq siyasi qərarı müticə icra etdi. Bu da bir daha təsdiqlədi ki, Azərbaycanda məhkəmə sistemi siyasi hakimiyyətin repressiya alətlərindən biri olaraq qalır. Məhz bu üzdən Azərbaycan hakimləri 30 ildir ki, bütün dünyada ədalət mühakiməsinin simvolu kimi xarakterizə edilən Femidanı zorlamaqla məşğuldurlar. Bu ədalətsizliklərdən dolayı hazırda Azərbaycan həbsxanaları qadınlı-kişili dolub-daşır və Bəşər Əsəd dövründəki Suriya həbsxanalarını xatırladır. Həbsimin siyasi qərar olduğu hər kəsə aydındır, elə sizə də. Bunu ittihamdakı tarixlərdə olan ziddiyyət də açıq ortaya qoyur. Son 2 ildə ölkədən kənarda olmadığım halda, bunun DSX tərəfindən təsdiq edilməsi mümkün olduğu bir şəraitdə qeyd edirlər ki, 2024-cü ildə dəfələrlə xaricdə olub və qaçaqmalçılıq etmişəm. Halbuki 2024-cü ildə ümumiyyətlə xaricdə olmamış, hətta ölkədən çıxışıma stop da qoyulmuşdur. Ona görə də ittiham saxta, əsassız və siyasidir.
Mən Azərbaycan məhkəmələrindən ədalətli qərar gözləyəcək qədər sadəlövh deyiləm, sadəcə tarix üçün danışıram. İndi də tarixi bir məqama toxunum: əgər “Google”də axtarış versəniz, görəcəksiniz ki, həbsimlə bağlı ilk anons verən və sifarişli yazılar yayan media orqanlarından biri də “Sputnik”in Bakı nümayəndəliyidir. Rusiyanın 30-dan çox ölkədə qadağan olunmuş bu propaqanda aləti iddia edir ki, qərbyönümlü vətəndaş cəmiyyəti nümayəndələri, media orqanları, həmçinin rəhbəri olduğum “Arqument.az” saytı Rusiya-Ukrayna müharibəsi fonunda anti-Rusiya mövqeyindən çıxış edir, Kremlin regionla bağlı siyasətini tənqid edir. Əvvəla, biz müstəqil və tərəfsiz media olmuşuq, bunu fəaliyyətimizlə də sübut etmişik. İkincisi də, nə gözləyirdilər, Rusiyanın təcavüzkar siyasətini dəstəkləməli idik?
Həmin ərəfələrdə Rusiya Təhlükəsizlik Xidmətinin rəhbəri Sergey Narışkin də Bakıya gəlibmiş. Reyestr mediası və telekanalizasiyaların heç biri bu barədə informasiya verməsə də, Narışkin Moskvaya qayıdandan sonra Rusiya mediasına müsahibə verdi, Bakıda qərbyönümlü media və təşkilatlara qarşı birgə hərəkət etməyi razılaşdırdıqlarını dedi, yeni repressiyaların anonsunu verdi. Məhz bundan sonra Azərbaycanda həbs və repressiyalar daha da total xarakter almağa başladı, xüsusi xidmət orqanları jurnalist və ictimai şəxslərdən beyət istəməyə, “ya təslim ol, ya da həbsə get” devizi ilə hərəkətə keçdilər.
Şübhəsiz ki, bu avtoritar strateji müttəfiqlərin birgə razılaşdırılmış siyasəti idi. Buna qədər də Azərbaycan hakimiyyəti mürtəce “Media Haqqında” Qanunla bütün fundamental hüquq və azadlıqları tapdalayaraq “beyət alma” prosesinə başlamışdı. İmtina edənlər isə qeyri-qanuni jurnalistlər sayılırdılar. Bu metoddan isə tarixdə yalnız İtaliyada faşist Mussolini hakimiyyəti dövründə istifadə olunub, yəni hakimiyyətin “Reyestr şəffaflığı” Mussolinin mirasıdır.
Bu yaxınlarda həbsimin anonsunu verən və bizi zərərsizləşdirməyi tələb edən “Sputnik-Azərbaycan”ın rəhbərliyi FSB əməkdaşı və agenti kimi həbs edildi. Məndən bir neçə kamera o tərəfdə qalırlar. Haqqımda yazan digər mediaların rəhbərlərinə də həbs arzulamasam da, onların da bundan yan keçməyəcəyi istisna deyil. Nizaminin məşhur hekayəsində deyildiyi kimi, “Nə qədər ki, Ənuşirəvan padşahdır, hər kəsin qismətinə bir xaraba kənd” mütləq düşəcək, yəni mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlı həbsi dadacaqdır. Əgər siz də Orueli oxumamısınızsa, tövsiyə edirəm, oxuyasınız, çünki mənzərə eynidir, hər kəs nəzarət altındadır, “Böyük Qardaş” hamını izləyir, sistemin mahiyyəti, fəlsəfəsi budur. Maraqlı bilirsiniz nədir? “Sputnik”in donosu, Narışkinin göstərişi ilə bizi – öz vətəndaşlarını həbs edən hakimiyyət indi də milli maraqlandan danışır və iddia edir ki, “Sputnik” çoxdan propaqanda ilə məşğul imiş…
Biz hər dəfə həbsimizin siyasi sifariş olduğunu deyəndə hakimiyyət təmsilçiləri, mediadakı mirzələri bunu inkar edir, eyni zamanda da, telekanalizasiya və icazəli medialarda əleyhimizə 37-ci il ab-havası ilə kampaniya aparır, cəzalar tələb edirlər. Bu siyasi sifariş deyil?
Azərbaycan mətbuatın 150 illiyinə 30-a qədər jurnalistin həbsi fonunda hazırlaşır. Hər kəs bilir ki, biz həqiqətləri yazdığımız üçün buradayıq, hakimiyyətin qanunsuz və korrupsioner əməllərini işıqlandırdığımız üçün girov saxlanılırıq. O korrupsiyadan yazırdıq ki, insanlar günün günorta çağı paytaxtda körpünün altında suda boğulur, yol gedə-gedə yol çökür, yerə batır və bir neçə gün sonra nəşi tapılır. O korrupsiya və qanunsuzluqlardan, onların yaratdığı acı mənzərədən yazırıq ki, ölkəmiz ürək-damar xəstəliklərinə görə dünyada 2-ci, Avropada 1-ci yerdədir. Nə qədər insanları qorxu və stress altında saxlamaq olar? Budur yaratdığınız mənzərə…
Kamyu deyirdi ki, bir ölkədə insanların necə yaşadığını bilmək istəyirsinizsə onların necə öldüyünə baxın.
Mən niyə hər dəfə “Məsuliyyət İlham Əliyev üzərindədir” deyirəm? Çünki sonda siyasi qərarı o verir.
İslamın 4-cü xəlifəsi, imam Əli məşhur xütbələrinin birində belə deyirdi: “Əgər hətta uzaq Ərəbistan səhrasında bir qurd bir quzunu yeyirsə, günah məndədir: ya qurdu özbaşına buraxmışam, ya da quzunu müdafiəsiz qoymuşam”. Allah haqdır və heç kəsin haqqını heç kəsdə qoymur. Yaşasın söz və ifadə azadlığı, müstəqil media və onun təmsilçiləri!”.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər