ABŞ, Azərbaycan və Ermənistan üçtərəfli Birgə Bəyannamə imzalayıb: REAKSİYALAR

Xəbərin çap versiyası
Tarix: 9-08-2025, 11:28


Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar.

Civilazerbaijan.com
bildirir ki, \vvəlcə, ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanla təkbətək görüş keçirib. Daha sonra Tramp Azərbaycan Prezidenti ilə görüşüb. Bundan sonra isə ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli görüş keçiriblər.

Görüşdə ABŞ Prezidenti Donald Tramp Azərbaycan ilə Ermənistan arasında davamlı sülhə çox əmin olduğunu bildirib.

“Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Qarabağ uğrunda iki müharibə aparıb. Birinci Qarabağ müharibəsi 1988-1994-cü illərə təsadüf edib. İkinci Qarabağ müharibəsi isə 2020-ci ildə baş verib və Moskvanın vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşması ilə başa çatıb. 2023-cü ildə sentyabrında lokal hərbi əməliyyatlardan sonra Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçib. 2025-ci ilin martında sülh sazişi layihəsi yekunlaşsa da, sənəd hələ imzalanmayıb.

“Tramp marşrutu” Azərbaycanın əsas hissəsini Naxçıvan ilə birləşdirəcək”, - Tramp belə deyib.

Görüşdən sonra liderlər mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bizim strateji tərəfdaşlığımız başlayır.

“Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq”, – İlham Əliyev belə deyib. O, həmçinin bildirib ki, bir neçə ay ərzində Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya hazırlanacaq.

Azərbaycan Prezidenti İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Donald Trampa minnətdarlığını bildirib.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunmuş "Azadlığa Dəstək Aktı"na (Freedom Support Act) əlavə edilmiş xüsusi bir maddədir. Bu maddə Azərbaycanın ABŞ hökumətindən birbaşa dövlət yardımını almasını qadağan edirdi.

Tramp Əliyevdən neçə il hakimiyyətdə olduğunu soruşub, “22 il” cavabını eşidəndən sonra “bu o deməkdir ki, o, sərt və ağıllıdır” deyə vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan və Bakı ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur.

“Keçmişi keçmişdə qoyaraq irəli baxırıq. Bu mərhələ Prezident Trampın şəxsi iştirakı olmadan mümkün olmazdı”, – Ermənistanın Baş naziri bildirib.

Paşinyan çıxışında deyib ki, Prezident Tramp Nobel Sülh Mükafatına layiqdir, onun namizədliyini müdafiə edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla birgə Nobel komitəsində ABŞ Prezidenti Donald Trampla bağlı müraciət etməyi təklif edib.

“Donald Tramp buna layiqdir. O, qısa bir zamanda uzun çəkən danışıqlar prosesini yekunlaşdıra bildi. Biz Ermənistan Baş naziri ilə birlikdə məktub yazıb, müraciət edə bilərik”, – İlham Əliyev deyib.

Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan anklavı ilə birləşdirəcək “Tramp marşrutu”nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib. O, Azərbaycana tətbiq olunmuş 907-ci düzəlişin ləğv olunduğunu qeyd edib.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezident Donald Tramp, Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıblar, Meydan TV-nin məlumatında qeyd olunur.

ATƏT və Aİ-dən dəstək

ATƏT Vaşinqtonda sənədlərin imzalanmasını alqışlayıb.

"Biz Ermənistan və Azərbaycanı sülhün bərqərar olması üçün mümkün olan hər şeyi etməyə təşviq esir və bugünkü irəliləyişi alqışlayırıq. ATƏT hər iki ölkəyə davamlı sülh və sabitlik gətirməyə yönəlmiş bütün səylərə sadiq qalır. ATƏT təhlükəsizliyə dair hərtərəfli yanaşmamıza uyğun olaraq onların səylərini dəstəkləməyə hazırdır", – qurumdan AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib.

Avropa İttifaqı (Aİ) da sülh sazişinin paraflanmasını alqışlayıb, Avropa İttifaqı Şurası və Komissiyasının prezidentləri birgə bəyanatda bunu “mühüm hadisə” adlandırıb.

"Bu addım hər iki ölkə və bütövlükdə bütün region üçün davamlı, dayanıqlı sülhün yolunu açır və eyni zamanda Aİ-nin illərlə göstərdiyi səylərin zirvəsidir. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam şəkildə normallaşmasına doğru sabit və fasiləsiz irəliləyişin əldə olunması üçün indi razılaşdırılmış addımların vaxtında icrasını təmin etmək vacibdir", – deyə Antonio Koşta və Ursula Fon der Lyayen birgə bəyanatda vurğulayıblar.

Bəyanatda qeyd olunub ki, Aİ Ermənistan – Azərbaycan normallaşma prosesini qətiyyətlə dəstəkləyir və "regionu dayanıqlı sülhə, sabitliyə və rifaha yaxınlaşdırmaq üçün regional əlaqələnməyə və (kommunikasiyaların) tam açılmaya sərmayə qoymağa hazırdır".

Demokratiya, insan haqları, qanunun aliliyi yaddan çıxmasın

Avropa Şurasının Baş katibi Alen Berse deyib ki, Vaşinqtonda Ermənistan-Azərbaycan sülh sazişinin paraflanması iki ölkə arasında uzunmüddətli münaqişəsinin həllinə yol açır:

“Bu hadisə Cənubi Qafqazda davamlı sülhə doğru tarixi bir mərhələdir – bu regionda, cümlədən Gürcüstanda sabitlik bölgənin bütün xalqlarının rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Ermənistan və Azərbaycan bu ortaq tarixlərində yeni bir səhifə açdıqları bir vaxtda Avropa Şurası onlara dəstək verməyə hazırdır”.

Baş katib hər iki ölkəni sülhə doğru irəliləməkdən ötrü əllərindən gələni etməyə, “təkcə etimadı, əlaqələri və infrastrukturu bərpa etməyə deyil, eyni zamanda əsas dəyərlərimizi – demokratiya, insan hüquqları və qanunun aliliyini fəal gücləndirməyə, bunu həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam və effektiv icrası vasitəsilə gerçəkləşdirməyə” çağırıb.

“Ədalətli və dayanıqlı sülh institutların davamlılığı, vətəndaş azadlıqlarının canlılığı, bütün vətəndaşların rifahı ilə ölçüləcək. Avropa Şurası buna töhfə vermək üçün səylərini davam etdirəcək”, – A.Berse vurğulayıb.

AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Azərbaycan da qurumda iştirakını "qeyri-müəyyən müddətə" dayandırıb, baş verənləri ölkələrinin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsidir. Prezident İlham Əliyev isə bu ilin aprelində deyib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımaya bilər.

Region ölkələrinin reaksiyası

Türkiyə bu razılaşmanı “Cənubi Qafqazda sülh və rifah üçün tarixi fürsət” adlandırıb. Bu hadisə “regional sülh və sabitliyin təminatı baxımından aşırı vacibdir”, – Türkiyə XİN bəyanatında bildirib.

Rusiya və İran o qədər də müsbət yanaşma sərgiləməyiblər. Çünki Ermənistandan keçməsi nəzərdə tutulan tranzit xətti onlardan yan keçir.

Həm Rusiya, həm də İran ABŞ-ın İranla həmsərhəd, strateji əhəmiyyətə malik Ermənistanın Sünik bölgəsində mövcudluğuna dair narahatlıqlarını bildiriblər.

Moskva Vaşinqtonu Ermənistan-Azərbaycan sülh prosesini ələ keçirməkdə və regional qüvvələri kənarlaşdırmaqda suçlayıb.

“Qərblilər Bakı ilə Yerevan arasındakı barışıq prosesini öz tərəflərinə yönəltməyə çalışırlar”, – bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 24-də deyib. “Bu yolların adətən hara apardığını bilirik… Bu, bölgədə təhlükəsizlik sistemində balansın pozulmasına apara bilər”.

İran da Ermənistanla şimal sərhədini təhlükəyə ata biləcək istənilən razılaşmaya güclü etirazını bildirib.

İranın Ali Lideri Ayətüllah Əli Xameneinin baş müşaviri “region daxilində və ya xaricindəki ölkələri” Azərbaycan üçün Ermənistanın İranla həmsərhəd bölgəsindən keçəcək quru dəhlizi əldə etməyə çalışmağı dayandırmağa çağırıb.

AXCP sədri Əli Kərimlinin açıqlaması

Azırbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də birgə Bəyannaməyə münasibətini bildirib:

"Dünən Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanması, İlham Əliyev və Nikol Paşinyan arasında ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilmiş görüşün nəticələri haqda birgə bəyannamə imzalanması önəmli hadisədir və şübhəsiz ki, Azərbaycan və Ermənistanı sülhə xeyli yaxınlaşdırdı. Rusiyanın Cənubi Qafqazdakı nüfuzuna daha bir zərbə dəymiş oldu. Azərbaycanın da, Ermənistanın da ABŞ-la əlaqələri xeyli güclənəcək. Ancaq təəssüf ki, Azərbaycanla Ermənistan arasında öncədən anons edildiyi kimi imzalanan sənəd sülh sazişi olmadı. Dövlət başçılarının imzaladığı sənəd birgə bəyannamə idi. Bəyannamənin elə ilk maddəsində deyilir: "Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik..."

Baxmayaraq ki, yekun sülh sazişinin imzalanmasına maneələr hələ də davam edir, ancaq şübhəsizdir ki, ABŞ prezidenti Trampın iştirakı ilə Vaşinqtonda imzalanmış birgə bəyannamə və imzalanma mərasimindəki bəyanatlar Azərbaycanla Ermənistan arasında davamlı sülh və regional kommunikasiyaların açılması üçün ciddi zəmin yaradıb. Xalqımız Ermənistanla müharibə səhifəsini birdəfəlik qapatmaq və bütün diqqətin ölkəmizin ciddi daxili problemlərinin həllinə yönəldilməsindən yanadır", deyə AXCP sədri Facebook səhifəsində qeyd edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz