Abdullah Öcalan videomüraciətlə PKK-nın buraxıldığını ELAN EDİB

Xəbərin çap versiyası
Tarix: 9-07-2025, 16:11


“Kürdüstan Fəhlə Partiyası”nın (PKK) Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan videomüraciətlə çıxış edib. Bu onun 1999-cu ildən bəri ilk videogörüntüsü olub.

Civilazerbaijan.com
bildirir ki, Öcalan iyulun 11-də tərk-silah prosesinə başlanılması gözlənən PKK hərəkatının “varlığın inkarına əsaslanan və ayrıca bir dövlət qurmağı məqsəd qoyan fəaliyyətinin sona çatdırıldığını” bəyan edib.

Videomüraciət PKK-ya yaxınlığı ilə tanınan Fırat xəbər agentliyində yayımlanıb.

PKK lideri, həmçinin, fevralın 27-də etdiyi, “sülh və demokratik cəmiyyətə çağıran müraciətinə sadiq qaldığını” əlavə edib. O, prosesdə gəlinən nöqtənin “olduqca dəyərli və tarixi əhəmiyyətli” olduğunu deyib.

"Silahların buraxılması mexanizminin qurulması prosesi irəli aparacaq. Bu, silahlı mübarizə mərhələsindən demokratik siyasət və hüquq mərhələsinə könüllü keçiddir. Bu, bir itki deyil, tarixi bir nailiyyət kimi dəyərləndirilməlidir. Silahların buraxılmasına dair detallar müəyyən ediləcək və tez bir zamanda həyata keçiriləcəkdir”, - o qeyd edib.

Mayın 12-də PKK rəsmi olaraq özünü ləğv etdiyini və silahlı mübarizəyə son qoyduğunu açıqlamışdı. Bu addım təşkilatın həbsdə olan lideri Öcalanın əvvəlki çağırışları və 2025-ci ilin martında elan edilən birtərəfli atəşkəsdən sonra atılıb.

Öcalan təşkilatın ləğvini və sülh prosesinin başlanmasını təşviq etmişdi.

Öcalan PKK-nı 1978-ci ildə təsis edib. Təşkilat 1984-cü ildə müstəqil kürd dövləti yaratmaq məqsədilə Türkiyəyə qarşı qiyama başlayıb. Daha sonra kürdlərin hüquqları, Türkiyənin cənub-şərqində məhdud muxtariyyət uğrunda vuruşub.

Bu münaqişədə əksəri silahlılar olmaqla azı 40 min insan öldürülüb, Toplum TV-nin məlumatında qeyd olunur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz