Tramp administrasiyasının USAID-lə bağlı son qərarı bəlli olub
Tarix: 11-06-2025, 15:06
ABŞ hökumətinin bu ilin sentyabrın sonuna qədər ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) tamamilə bağlayacağı bildirilir.
Civilazerbaijan.com bildirir ki, bu barədə İngiltərənin “The Guardian” qəzeti ABŞ Dövlət Departamentindən sızdırılan sənədə əsasən xəbər verib.
10 iyun tarixli, Dövlət katibi Marko Rubionun imzaladığı sənəddə agentliyin bütün beynəlxalq işçi heyətinin ləğvi və xarici yardım proqramlarının birbaşa Dövlət Departamentinin nəzarətinə verilməsi əmr olunur.
Qərarın 100-dən çox ölkədə çalışan yüzlərlə USAID əməkdaşına, o cümlədən, podratçılara və yerli işçilərə təsir edəcəyi gözlənilir.
Qərarla əlaqədar ABŞ səfirliklərindəki missiya rəhbərlərinə növbəti dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazır olmaları tapşırılıb.
Bu ilin martında ABŞ USAID-ə aid olan proqramların 83%-ni dayandırıb. Yerdə qalan sayca təxminən 1000 proqramın isə birbaşa Dövlət Departamentinin nəzarətində davam etdiriləcəyi bildirilirdi.
ABŞ-ın xarici yardımları əsasən 1961-ci ildə Prezident Con Kennedi tərəfindən yaradılan USAID tərəfindən həyata keçirilib. ABŞ Prezidenti Donald Tramp daha əvvəl sosial şəbəkə hesabında USAID xərclərini “izaholunmaz” adlandırıb və onun bağlanmasına çağırıb.
Hökumətin Səmərəliliyi Departamentinə rəhbərlik etmiş İlon Mask isə USAID-i “cinayətkar təşkilat” adlandırıb.
Bundan sonra USAID-in dünya üzrə 10,000-dən çox olan heyət sayı 300-ə qədər azaldılıb və ölkə xaricində olan işçilər məzuniyyətə buraxılıb.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər