İsrail İrana zərbələr endirib - YENİLƏNİR

Xəbərin çap versiyası
Tarix: 13-06-2025, 15:13


20:48 - 13.06.2025

İran İslam İnqilab Keşikçilərinin (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin zərbələri nəticəsində ölüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "New York Times" məlumat yayıb.

* * *

19:42 - 13.06.2025

İranın Mülki Aviasiya Təşkilatı ölkə ərazisində bütün daxili və beynəlxalq uçuşların dayandırıldığını bəyan edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd edilib ki, hava məkanının bağlanması İsrailin davam edən hava hücumlarına qarşı həyata keçirilən təhlükəsizlik tədbirlərinin bir hissəsidir.

* * *

18:01 - 13.06.2025

İlkin məlumata görə, iyunun 13-də İsrailin İrana hücumu zamanı 78 nəfər həlak olub, 329 nəfər yaralanıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumatlı mənbəyə istinadən "Fars" agentliyi xəbər verir.

Daha əvvəl Qırmızı Ayparadan ölkənin 12 əyalətində azı 95 yaralı olduğu bildirilib.

* * *

16:43 - 13.06.2025

İsrailin İranın şimal-qərbindəki Təbriz şəhərinə endirdiyi zərbə nəticəsində isə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Civilazerbaijan.com
bildirir ki, APA-nın İran mediasına istinadən xəbərinə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin qızı Fereşte Baqeri bu gün səhər İsrailin Tehrana endirdiyi hücum zamanı atası ilə birlikdə ölüb. Fereşte Baqeri "Defa Press” agentliyinin müxbiri vəzifəsində çalışıb.

İran KİV-i İranın şimal-qərbində yerləşən Həmədanda bombardmanlar barədə məlumat verir. Bunun nəticəsində azı bir böyük partlayış baş verib. Şəhərdə İran aviabazası yerləşir, lakin hansı hədəfin vurulduğu məlum deyil.

* * *

16:30 - 13.06.2025

İsrail, yoxsa İran: Hansının ordusu daha böyük və silahları daha güclüdür?

İsrailin bu gün səhər açıqladığı rəsmi məlumata əsasən, ölkə İranın nüvə zənginləşdirmə proqramına qarşı hava hücumu başladıb. Tezliklə Tehrandan da cavab açıqlaması gəlib. Yaxın Şərqdə gərginlik sürətlə artarkən, iki ölkənin hərbi gücləri müqayisə mövzusu olub. Hansı ölkənin ordusu daha böyükdür? Hansının arsenalı daha müasir və təsirlidir?

İnsan resurslarında İran üstünlükdədir

Civilazerbaijan.com Qaynarinfo-ya istinadla bildirir ki, İranın 90 milyona yaxın əhalisi ilə 10 milyonluq İsrailə qarşı say üstünlüyü aydın görünür. İsrail ordusunda 170 min aktiv, 465 min ehtiyatda olan hərbçi olduğu halda, İranın 600 min aktiv, 350 min ehtiyatda olan hərbçisi və əlavə olaraq 220 min nəfərlik "Bəsic" adlı paramilitar gücü var.

"Global Firepower Index"ə əsasən, İran həm insan qüvvəsi, həm də quru və dəniz texnikaları baxımından say etibarilə üstün mövqedədir. Bununla belə, bu göstəricilər hərbi gücün keyfiyyətini tam əks etdirmir.

İsrail texnologiya baxımdan daha üstün sayılır

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mütəxəssisi Şaan Şeyx bildirib ki, İsrailin hərbi texnologiyası İrana nisbətən şübhəsiz daha inkişaf edib. İsrailin müasir raket və bombalarla təchiz olunmuş hava vasitələri və F-35 döyüş təyyarələri var.

Şeyx eyni zamanda İsrailin ABŞ və Avropa ölkələri ilə güclü hərbi əməkdaşlığını da vacib üstünlük kimi qeyd edib.

Hava qüvvələrində ciddi fərq

"Global Firepower Index" məlumatlarına görə, İsrailin hava donanmasında 612 hava vasitəsi var. Bunlardan 241-i döyüş təyyarəsi, 146-sı helikopter, 48-i isə hücum helikopteridir. İranın isə 551 hava vasitəsi var - 186 döyüş təyyarəsi, 129 helikopter və 13 hücum helikopteri.

İsrailin əlindəki F-15, F-16 və F-35 təyyarələri ilə müqayisədə İranın istifadə etdiyi təyyarələr əsasən köhnə texnologiyalıdır - F-4, F-5, F-7, F-14 və Sovet dövründən qalma Su-24 və MiQ-29-lar.

Raket qabiliyyəti: kəmiyyətə qarşı keyfiyyət

İran Orta Şərqin ən geniş və müxtəlif raket arsenalına malikdir. Onun minlərlə ballistik və qanadlı raketləri olduğu bildirilir. Bununla belə, İsrailin raket texnologiyası daha inkişaf etmiş sayılır və hədəfləri daha dəqiq vurmaq imkanına malikdir.

Ekspertlər hesab edir ki, mümkün müharibənin ilk mərhələlərində əsas toqquşmalar hava və raket qüvvələri vasitəsilə baş verəcək və bu baxımdan İsrail texnoloji üstünlüyə malikdir.

Quru qüvvələrində İranın say üstünlüyü

İranın 1.996 tankı və 65.765 zirehli texnikası olduğu halda, İsrailin 1.370 tankı və 43.407 zirehli texnikası mövcuddur. İranda 775 ədəd özüyeriyən artilleriya sistemi olduğu halda, İsraildə bu rəqəm 650-dir. Raket artilleriyası baxımından isə İsrailin 150, İranın isə daha çox raket batareyası var.

Hava hücumundan müdafiə: İsrailin "çoxqatlı qalxanı"

İsrailin hava müdafiə sistemləri dünyanın ən inkişaf etmişlərindən hesab olunur. "Dəmir Qübbə" sistemi qısa mənzilli raketlərə qarşı yüksək təsirlilik göstərib. Orta məsafəli təhdidlərə qarşı "Davud sapandı" (David’s Sling), uzaq mənzilli raketlərə qarşı isə "Arrow-2” və "Arrow-3” sistemləri mövcuddur.

İran isə hava müdafiəsində əsasən öz istehsalı olan sistemlərdən və Rusiyadan əldə etdiyi az sayda S-300 və bir ədəd S-400 batareyasından istifadə edir. Bu sistemlər əsasən Tehran və strateji obyektlərin ətrafında yerləşdirilib.

Nüvə silahları məsələsi

İran rəsmi olaraq nüvə proqramının sülhməramlı məqsəd daşıdığını bildirir və əlində nüvə silahı olduğuna dair təsdiqlənmiş sübut yoxdur. İsrailin isə nüvə silahlarına malik olduğu iddia olunur, lakin rəsmi olaraq nə təsdiqlənir, nə də inkar edilir.

Nəticə

İnsan gücü: İran üstün;
Tank və quru texnikası: İran üstün;
Hava qüvvələri və texnologiya: İsrail üstün;
Raket qabiliyyəti: İran kəmiyyət baxımından, İsrail keyfiyyət və dəqiqlik baxımından üstün;
Hava hücumundan müdafiə: İsrail açıq fərqlə üstün;
Nüvə potensialı: İsrailin nüvə qabiliyyəti var, İranın hələlik yoxdur.


* * *

16:04 - 13.06.2025

İsrailin Silahlı Qüvvələri, İranın cavab zərbəsi çərçivəsində göndərdiyi bütün dronların və ballistik raketlərin qarşılandığını açıqlayıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə İsrailin "Ynet2 xəbər portalı məlumat yayıb.

İsrailin verdiyi rəsmi məlumata görə:

* Ümumilikdə təxminən 100 pilotsuz uçuş aparatı (PUA) havaya buraxılıb;
* Hamısı İsrail hava məkanına çatmadan zərərsizləşdirilib;
* Bu səbəbdən ölkə əhalisinə həyəcan siqnalının ləğv edildiyi bildirilib və sığınacaqlardan çıxmağa icazə verilib.

"Artıq qorunma məntəqələrinin yaxınlığında qalmağa ehtiyac yoxdur”, – deyə İsrailin Arxa Cəbhə Komandanlığı açıqlama yayıb.

İsrail ordusunun sözçüsü Effi Defrinin söyləyib ki, gecə bombardmanlarında 200 hərbi təyyarə iştirak edib. İranda 100-dən çox hədəfə zərbələr endirilib. Əsas hədəf Natanz yaxınlığındakı uran zənginləşdirmə obyekti olub. Bu obyektin uzun illərdir nüvə silahı əldə etmək məqsədi ilə fəaliyyət göstərdiyi iddia olunub.

İsrail hökuməti həmçinin İranın yüksək rütbəli hərbi rəhbərlərinin öldürüldüyünü təsdiqləyib.

İsrail ordusunun qiymətləndirməsinə görə, İranla müharibə bir neçə həftə davam edə bilər.

* * *

15:51 - 13.06.2025

İsrail mətbuatı rəsmi Tel-Əvivin İrana qarşı hücumlarının yeni dalğası barədə məlumat yayıb.

Civilazerbaijan.com
bildirir ki, İsrailin 12-ci kanalının xəbərinə görə, İsrail Hərbi Hava Qüvvələri Təbriz hava limanına və Şirazda raket istehsalı zavoduna zərbə endirib.

Məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nour News" da təsdiqləyib.

* * *

15:43 - 13.06.2025

"Dəfələrlə qeyd etmişəm ki, kontekstdən və şəraitdən asılı olmayaraq nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir. Bu, həm insanlara, həm də ətraf mühitə zərər verə bilər".

Civilazerbaijan.com
bildirir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İsrailin İranın nüvə obyektlərinə hava hücumu ilə bağlı bəyanatında deyib.

Regiondakı vəziyyətdən dərin narahatlıq keçirdiyini bildirən Qrossi qeyd edib ki, AEBA hazırda İranın nüvə təhlükəsizliyi orqanları ilə təmasdadır və hücumdan sonra müvafiq nüvə obyektlərinin vəziyyətini qiymətləndirir.

"Səlahiyyətli İran rəsmiləri təsdiqləyiblər ki, "Natanz" zənginləşdirmə obyektinə zərər dəyib, lakin radiasiya səviyyəsində artım qeydə alınmayıb. Onlar həmçinin bildirib ki, hazırkı mərhələdə İsfahan və Fordo obyektlərinə ziyan dəyməyib", - Qrossi deyib.

* * *

15:39 - 13.06.2025

Avropa İttifaqı tərəfləri təmkinli olmağa çağırıb.

Civilazerbaijan.com
bildirir ki, Avropa İttifaqının baş diplomatı Kaya Kallas X platformasındakı paylaşımında qeyd edib ki, regionda vəziyyət təhlükəli hal alır:

"Bütün tərəfləri təmkin nümayiş etdirməyə və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram".

O bildirib ki, diplomatiya indiki situasiyada ən doğru yoldur və Aİ gərginliyin azaldılmasına yönəlmiş hər hansı diplomatik təşəbbüsə dəstək verməyə hazırdır.

* * *

15:30 - 13.06.2025

İranın strateji tərəfdaşı Rusiya regionda vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Rusiya baş verənlərdən narahatdır və bu kəskin eskalasiyanı pisləyir", - Dmitri Peskov bildirib.

* * *

15:24 - 13.06.2025

"İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq".

Civilazerbaijan.com
bildirir ki, bu fikir iyunun 13-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İsrail-İran qarşıdurması ilə bağlı bəyanatında yer alıb.

"Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, dialoqla, diplomatik yollarla həll etməyə çağırırıq", - bəyanatda vurğulanır.

Sənəddə xüsusi olaraq mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.

* * *

15:19 - 13.06.2025

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran və İsraildə olan Azərbaycan vətəndaşlarına müraciətlər edib.

Civilazerbaijan.com
bildirir ki, müraciətlərdə zəruri olmadığı təqdirdə bu ölkələrə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Eyni zamanda, hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlardan Azərbaycan Respublikasının həmin ölkələrdəki səfirlikləri ilə əlaqə saxlamaları xahiş olunur.

* * *

İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub.

Civilazerbaijan.com
bildirir ki, İsrail Baş naziri Benyamin Netanyahu televiziya vasitəsilə etdiyi çıxışda İranın Natanz şəhərindəki nüvə zənginləşdirmə müəssisəsinin hədəfə alındığını deyib.

O bildirib ki, “Oyanan Şir” adlı əməliyyat “neçə gün lazımdırsa, o qədər də” davam edəcək.

Hücum nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bageri, general Qulam Əli Rəşid və bir neçə nüvə alimlərinin öldürüldüyü bildirilir.

Bəyanatla çıxış edən İran Ali lideri Ayətullah Əli Xamenei İsraili cavab hücumu ilə hədələyib.

“Bu cinayətlə Sionist rejim özünə acı və ağrılı bir aqibət hazırlayıb və o aqibətlə üzləşməsi qaçınılmazdır. Allahın lütfü ilə, İran İslam Respublikasının Silahlı Qüvvələrinin qüdrətli qolu onları cəzasız buraxmayacaq”, - o deyib.

İranın İsrailə artıq 100-dən çox dronla hücum etdiyi bildirilir.

ABŞ Dövlət katibi Marko Rubio bəyanatında ölkəsinin İsrailin hücumlarında iştirakı olmadığını bildirib.

Prezident Donald Tramp isə “Fox News” kanalına açıqlamasında İsrailin hücumu barədə öncədən məlumatlı olduğunu, İranın cavab verəcəyi təqdirdə İsraili köməksiz buraxmayacaqlarını deyib.

Tramp, həmçinin, deyib ki, İranla nüvə proqramı üzrə danışıqlara sadiqdir, lakin İranın nüvə silahına sahib olmayacağı haqda tələbi qüvvədədir.

ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların növbəti raundunun iyunun 15-də Omanda baş tutması gözlənilirdi.

Azərbaycan Hava Yolları Tehran, Təl-Əviv və Dubay şəhərlərinə uçuşlarını dayandırıb.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz